KƏSKİN QARŞIDURMADAN NORMALLAŞMAYA DOĞRU – ABŞ Türkiyəyə “Patriot”ları nə məqsədlə təklif edir?
23-12-2018, 11:15
Ərdoğan Rusiyanın “S-400” raket komplekslərini alacağı niyyəti ilə ABŞ-ı təlaşlandırıb. ABŞ Dövlət Departamenti Türkiyəyə raket əleyhinə “Patriot” sistemləri çatdıracağı barədə Konqresi məlumatlandırıb. Bu addım hal-hazırda Rusiya ilə yaxınlaşan və “F-35” qırıcıları ilə bağlı məsələdə Ağ Ev administrasiyasını məyus edən NATO üzvü Türkiyənin ABŞ-la olan münasibətlərində yeni yol açacaq. Ümumi dəyəri 3,5 milyard dollar olan “Patriot” zenit-raket komplekslərinin çatdırılmasıyla bağlı Ankara ilə həyata keçirilə biləcək potensial sövdələşmə Tramp administrasiyasının Türkiyəni “S-400” kompekslərindən imtina etməyə yönəlik ilk cəhdidir. Daxili diskusiyanın gedişi ilə tanış olan mənbələrin sözlərinə görə, administrasiya və Konqres Rusiya sistemlərinin Türkiyəyə tədarükünə qarşı kəskin etiraz bildiriblər. Son illər ABŞ-Türkiyə münasibətlərindəki gərginlik artır, çünkiRəcəb Tayyib Ərdoğandaha çox avtoritarlığa meyl edir və həmçinin də amerikanların Suriyadakı kürd yaraqlılarına vediyi dəstəklə əlaqədar iki ölkə arasında fikir ayrılığı yaranıb. Bu yaxınlarda Ərdoğan Suriyadakı rayonları əlində saxlayan kürdlərə qarşı ordu yollayacağını bildirib. Həmin ərazilərdə ABŞ əsgərləri də yerləşiblər. Bu isə NATO-nun iki ən güclü ordusu arasında toqquşmaya gətirib çıxara bilər. Vaşinqtondakı “Yaxın Şərq siyasəti İnstitutu”nda çalışan türk araşdırmaçı Soner Çaqaptay deyib: “Bu çox mühümdür, ona görə ki, bir neçə ay bundan öncə analitiklər qaranlıq perspektivlər təsvir edərək, 70 illik ABŞ-Türkiyə əməkdaşlığının dağılacağını söyləyirdilər. İndiki vəziyyət Amerika-Türkiyə münasibətlərində yeni mərhələnin başlanmasına işarə edir. Həmin münasibətlərin yaxşılaşmasının əsasında Ərdoğan və Tramp arasındakı yaxınlaşma durur və bu iki ölkə arasında əlaqələrin qorunub saxlanmasından xəbər verir”. Ölkələr arasında əlaqələrin yaxşılaşmasının tərəfdarları olan Tramp administrasiyasının nümayəndələrinə Türkiyənin Rusyadan “S-400 Triumf” zenit-raket kompleksləri almaq istəyi mane olub. Türkiyə ABŞ-ın rəhbərliyi altında reallaşdırılan radarlara yaxalanmayan-görünməz “F-35” təyyarələrinin inşası proqramında mühüm rol oynayır. Türkiyənin 10 şirkəti bu təyyarə üçün füzelyajın orta hissəsi və şassi də daxil olmaqla ümumi məbləğı 12 milyard dollar həcmində detallar istehsal edir.
Rusiyanın “S-400” zenit-raket kompleksləri, daha köhnə sistemlərdən fərqli olaraq, ABŞ-ın və NATO ölkələrinin təyyarlərini uzaq məsafədən və yüksək hündürlükdən vurmaq qabiliyyətinə malikdir. Amerika narahatdır ki, əgər Türkiyə həm “F-35” təyyarəsi və həm də “S-400” raket kompleksləri alarsa, onda “S-400” sistemlərindən yayınmağa kömək edən “F-35”-dəki texnologiyalar oğurlanaraq “S-400” kompleksinin təkmilləşdirilməsində istifadə oluna bilər. Ağ Ev və Konqresin bəzi üzvləri Türkiyədə həm “F-35” və həm də “S-400” raketlərinin olmasına qarşıdırlar. Belə ki, ”S-400” kompeksinin kompyuter sistemi “F-35”-in çox mühüm məlumatlarını aşkarlaya bilər və nəticədə bu Rusiyanın əlinə keçər.Eyni zamanda konqresmenlər “Patriot” komplekslərinin tədarükü ilə bağlı müqaviləni əngəlləyərək, Türkiyəni cəzalandırmağa çalışıblar. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, administrasiya Türkiyənin “S-400” raketləri əldə edəcəyi təqdirdə, ona qarşı sanksiya tətbiq olunacağını söyləyəndən sonra Konqresin etirazı səngiyib. Keçən ay Vaşinqtonda reportyorlar qarşısında çıxış edən Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, onun ölkəsi “Patriot” kompleksləri almaq istərdi, lakin onlar Ağ Evlə razılaşa bilməyiblər. Onun sözlərinə görə, Türkiyə “S-400” komplekslərinin çatdırlması ilə bağlı Moskva ilə əldə etdiyi sövdələşmələri ləğv etməyəcək, amma buna baxmayaraq onlar Amerikan hərbi texnikasını almaq istəyirlər. Son həftələr Türkiyə “S-400” sövdələşməsindən dəyə biləcək ziyanı azaltmağa çalışır. Etibarlı mənbələrin məlumatına görə, Ankara Rusiyadan alacağı “S-400” raket kompleksinin imkanlarını öyrənmək üçün ABŞ texniki ekspertlərini dəvət etmək ideyasını irəli sürüb. Ağ Ev Türkiyənin irəli sürdüyü təklifi şərh etməyib. Dövlət Departamenti bəyan edib ki, regiondakı qeyri-sabit şəraitdə “Patriot” sistemləri Türkiyənin müdafiə qabiliyyətini möhkəmləndirəcək.Bu barədə ABŞ Müdafiə Nazirliyi də bəyanat yayıb. Həmin bəyanatda deyilir: “Nəzərdə tutulan sövdələşmə ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə böyük töhfə verəcək, çünki bu terrorizmlə mübarizənin ön cərgəsində dayanan NATO-nun əsas müttəfiqinin təhlükəsizliyini möhkəmləndirəcək”. Hələlik Türkiyə “S-400” kompleksindən imtina etmək barəsində heç bir siqnal veməyib, Ankaradakı rəsmi nümayəndələr bildiriblər ki, ”Patriot” kompleksinin çatdırılması çərçivəsində onlar müvafiq texnologiyanı da əldə etmək istəyirlər. Amma ABŞ çətin ki, buna razılıq versin. “S-400”-lə bağlı yaranmış gərginlik Amerika-Türkiyə münasibətlərinin yaxşılaşdırılması yolunda yeganə əngəl deyil. Türkiyə bu il Amerikan pastorunu həbsdən buraxsa da, Dövlət Departamentinin türk əsilli əməkdaşlarını saxlamaqdadır. Ərdoğan Amerika məhkəməsinin türk bankirinə hökm oxuması ilə razılaşmır. Digər tərəfdən isə Ankara haliyədə ABŞ-da yaşayan Fətullah Gülənin ekstradisiya olunmasını tələb edir. (Bloomberg-ABŞ)