Bloxin: Ərdoğanla Putinə qarşı Tramp planı... - Video

25-12-2018, 18:44   


  


ABŞ Prezidenti Donald Trampın özü etiraf edir ki, Amerikanın Yaxın Şərqdə hərbi əməliyyatları astronomik məbləğə – 6-7 trilyon dollara başa gəlib. Bu məbləğ hətta ABŞ kimi inkişaf etmiş bir ölkənin büdcəsi üçün belə çoxdur.
Bu sözləri Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin eksperti Konstantin Bloxin ABŞ-ın öz ordusunu Suriyadan çıxarması qərarının səbəbləri və doğuracağı nəticələr haqda Axar.az-a danışarkən deyib.
O bildirib ki, ABŞ rəhbərliyi diqqət və imkanlarını daha ciddi məsələlərə, ordunun yeni silahlarla təmin edilməsinə yönəltmək qərarındadır:
“Son zamanlar silahların təkmilləşməsi sahəsində amerikalılar öz rəqiblərindən geri qalmağa başlayır. Dünyada yeni və güclü rəqiblər meydana gəlməkdədir. Məsələn, ABŞ artıq hipersəs silah sahəsində Rusiya Federasiyasından geri qalır, Çin bir çox sahələrdə ABŞ-a meydan oxuyur.
İkincisi, Rusiyanın bilavasitə dəstəyi ilə Bəşər Əsəd rejimi kifayət qədər möhkəmlənib. Hazırki vəziyyətdə amerikalıların Suriyada möhkəmlənməsi və Əsədə təsir göstərə bilməsi olduqca çətinləşib.
Üçüncüsü, ABŞ Suriyada real güclə – Rusiya silahlı qüvvələri ilə üzləşdi. Burda olduqları zaman kəsiyində daim aralarında toqquşma təhlükəsi mövcud oldu. Bu səbəbdən, düşünürəm ki, ABŞ Əsədi devirmək fikrindən müvəqqəti olsa da, daşınıb”.
Rusiyalı ekspert bildirib ki, bu mənada Rusiya əsas faktordur. Əgər ABŞ Suriyanı tərk edərsə, o zaman potensial Karib körfəzi böhranı aradan qalxa bilər. Bununla da sözügedən iki ölkənin toqquşma ehtimalı müəyyən qədər azalar:
“Dördüncüsü, son zamanlar Tramp Adminstrasiyası narahat olmağa başlayıb. Zənnimcə, buna səbəb Türkiyənin müstəqil siyasət yürütməsidir. Türkiyə tamamilə ABŞ təsirindən çıxıb və bunu açıq şəkildə nümayiş etdirir. ABŞ Suriyadakı qüvvələrini bu ərazidən çıxarmaqla Türkiyəni öz nəzarəti altına qaytarmaq istəyir. Məntiqi baxımdan əgər ABŞ Suriyadakı qüvvələrini çıxaracaqsa, deməli, burada güc vakuumu yaranacaq. Və bu vakuumu Türkiyə doldurmalıdır. Amerikalılar öz müttəfiqi olan kürd silahlı birləşmələrindən üz çevirir. Bununla da Türkiyənin Suriyadakı məsələlərdə daha aktiv iştirakına şərait yaradır”.
Bloxin bildirib ki, ABŞ-ın yaxşı bacardığı işlərdən biri də başqalarının əli ilə öz istəklərini həyata keçirməkdir:
“ABŞ-ın istəyi Türkiyə və Rusiyanın Suriyada toqquşmasıdır. Burada hər şey Putin və Ərdoğanın siyasi uzaqgörənliyindən asılı olacaq.
Bir məsələni də qeyd edim ki, ABŞ-ın Suriyadan çıxması heç də İranda hakimiyyət dəyişmək istəyi planından əl çəkməsi kimi başa düşülməməlidir. ABŞ-ın müttəfiqləri - İsrail, Səudiyyə Ərəbistanı və s. İranı kifayət qədər sıxışdırmağa çalışacaq. Böyük ehtimalla, ABŞ-ın Suriyadan çıxması fasilə götürmək, qüvvələrini toplamaq və mübarizəyə yeni qüvvələrlə başlamaqdır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin qoşunlarının Suriyadan çıxarılması ilə bağlı göstəriş verib.
[media=//www.youtube.com/watch?v=oLXreO7s39E]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.