Qlobal savaş üçün risk bölgələri açıqlandı
Amerikalı politoloq Robert Farli III Dünya müharibəsinin başlama ehtimallarına dair proqnozunu açıqlayıb. O müharibənin başlanma ocağı ilə bir neçə variant irəli sürüb. Bildirib ki, müharibə Kerç boğazında, İran körfəzində, Koreya yarımadasında başlaya bilər. Onun fikrincə, müharibə mövcud münaqişə ocaqlarından biri olan Dağlıq Qarabağdan da başlaya bilər. Ümumiyyətlə, müharibənin başlanma ehtinalı varmı? Varsa, müharibə haradan başlaya bilər?
Üçüncü Dünya müharibəsinin başlanacağı ilə bağlı daha bir proqnoz verilib. Məşhur amerikalı jurnalist və politoloq Robert Farli “The National Interest” analitik nəşrinə verdiyi açıqlamasında bildirib ki, Çinin iqtisadi və hərbi gücünün artdığını və Rusiyanın 2019-cu ildə beynəlxalq hüquq və qaydalara məhəl qoymadığını nəzərə alaraq, böyük güclər arasında qlobal qarşıdurma təhlükəsi, əvvəlki dövrlərə nisbətən daha çoxdur.
O, hesab edir ki, Çin və ABŞ arasında ticarət müharibəsi Üçüncü Dünya müharibəsinə çevrilə bilər. Bu halda müharibə Cənubi Çin dənizindən başlaya bilər. Politoloqun fikrincə, Ukrayna qlobal hərbi qarşıdurmanın digər bir potensial məkanı ola bilər. Onun fikrincə, Kerç boğazında baş verən son hadisə, Kiyev və Moskva arasında yaşanan narazılıq Rusiya ilə NATO arasındakı gərginliyi artıra bilər. Professor Amerikanın İrana sərt təzyiq göstərməsini, həmçinin Yəməndə davam edən hərbi münaqişə və Suriyadakı hərbi-siyasi qeyri-sabitlik səbəbindən növbəti təhlükəli zona kimi İran körfəzini göstərib. Robert Farli Koreya yarımadasının “barıt çəlləyi” olaraq qaldığını bildirir. Onun sözlərinə görə, KXDR öz nüvə və raketlə bağlı fəaliyyətini dayandırmayıb. Bu, iki Koreya arasında və regionda daha sərt gərginlik burulğanına gətirib çıxara bilər. Üçüncü dünya müharibəsinin hazırda lokal hesab edilən hərbi qarşıdurma ocaqlarında da baş verə biləcəyini düşünən jurnalist politoloqa görə qlobal savaş Rusiya və Baltikyanı ölkələr, Ermənistan və Azərbaycan arasında olan, həmçinin Kəşmir və ya Venesueladakı münaqişələr səbəbindən baş verə bilər:
“Daha az kritik münaqişələr dünyanın diqqətini cəlb edə bilməz, bu isə o deməkdir ki, bəzən onlar, kimsə nə baş verdiyini anlayana qədər, ciddi qarşıdurmaya çevrilə bilər”.
Üçüncü Dünya müharibəsinin başlanma ehtimalı varmı? Əgər varsa dünya savaşı harda başlaya bilər?
AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dünyada davam edən hazırki siyasi-hərbi böhran Üçüncü Dünya müharibəsinin başlanması kimi xarakterizə edilir:
“Belə bir risk var. ABŞ və Rusiyanın qarşı-qarşıya gəlməsi, yaxud İran və ABŞ toqquşması Üçüncü Dünya müharibəsinə gətirə bilər. Fars körfəzində isə Hörmüz boğazının İran tərəfindən bağlanması bir neçə ölkənin bu müharibədə iştirakını labüd edir. Bu da yeni dünya savaşına yol aça bilər”.
Amma politoloq Kerç boğazında və Dağlıq Qarabağda müharibənin başlayacağı haqqında proqnozları real hesab etmir:
“Kerç boğazında və Qarabağda müharibənin dünya savaşına gətirəcəyi həqiqəti əks etdirmir. Bunlar regional münaqişələrdir. Hesab edirəm ki, hazırda həm Rusiya, həm də ABŞ üçüncü dünya müharibəsindən çəkinir”.
Xatirə Nəsirova
Cebhe.info