Əkrəm Əylisli: “Elə bir mühit yaradıblar ki, adamın xəcalətdən nəfəsi kəsilir”

7-01-2019, 10:39   
 

 “Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız?”



2 il azadlıqdan məhrum edilən və həbsinin bitməsinə az qalmış haqqında yenidən cinayət işi açılan bloger Mehman Hüseynov 11 gündür aclıq aksiyası keçirir. Bloger Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə ittiham olunur. Onun cinayət işinə qarşı başladığı aclıq aksiyası gündəmin əsas mövzusudur.

Meydan TV yazıçı Əkrəm Əylisli ilə bu mövzu ətrafında söhbətləşib…

– Əkrəm müəllim, həbsdə olan bloger Mehman Hüseynovun 11 gündür aclıq aksiyası keçirməsi barədə xəbərləri izləyirsinizmi?

– Bəli, məncə, bütün Azərbaycan cəmiyyəti Mehman Hüseynovun səhhətindən narahatdır. Bu hadisə Azərbaycana yaraşmayan, həzm olunmayan bir işdir. Ona görə həzm olunmur ki, bu işləri kim görür və nə üçün edir, insanlara zülm etmək kimə ləzzət verir, bax, bu, aydın deyil. Axı insana zülm vermək, incitmək nəyə lazımdır? Ən əsası bu səviyyənin Azərbaycanı idarə edənlər tərəfindən necə qəbul edilməsi mənə aydın deyil. Çünki bu səviyyəsizlikdir, səviyyə deyil. Bütün dünya belə yanaşmanı qeyri-insani əməllər kimi qəbul edir. Məni bunun qarşısının alınmaması çox təəccübləndirir.

– İndiki vəziyyətdə Mehman Hüseynov aclığı dayandırmalıdırmı?

– Mehman yaşamalıdır, o, hələ gəncdir, ailə qurmalıdır. Aclığı dayandırsa, yaxşıdır. Artıq dünya onun başına gətirilənlərdən xəbərdardır, hamı hər şeyi bilir. Onun öz həyatına qəsd etməsini məqbul saymıram. Mənim ona heyfim gəlir.

– Həbsdə olan blogerin aclıq aksiyasına Azərbaycanın yaradıcı birlikləri, ictimai xadimləri, ziyalıları susqunluqla yanaşırlar. Bu barədə nə düşünürsünüz?

– Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız, mən bilmirəm?! Mənim məsələmdə məlum oldu ki, ziyalı yoxdur. Mehmanın “vurduğu” yekəpər oğlanın şəkli yayılıb. Mənim də “vurduğum” elə həmin formada iri adam idi. Guya bunu vurub yerə yıxmışam. Məgər ziyalı dediklərin bunu görmür? Bunu görməmək qədərində kor olan bir ziyalıya ziyalı demək olarmı? Hansı dedi ki, bu alçaqlıqdır, namussuzluqdur, 80 yaşlı adam elə iri adamı vura bilməz? Mehman Hüseynovu reportajlarından tanıyırıq, mənim isə Azərbaycan ədəbiyyatının qarşısında xidmətlərim olub, anadilli ədəbiyyatın yaradıcılarından biriyəm, niyə özüm bu barədə danışmalıyam?! Hansı ziyalı bu barədə danışdı? Rafiq Əliyevi deyirlər, bir dəfə ağzını açıb demədi ki, belə namussuzluq etməyin, bu adam 80 yaşında polisi vurub yerə yıxa bilər? Hələ də üstümdə cinayət işi var, amma heç kəsin vecinə də deyil. Yenə sual edirəm, hansı ziyalıdan danışırsan? Yazıçılar İttifaqında oturanları nəzərdə tutursansa, 30 ildir bu təşkilatı ancaq özləri üçün işlədib, kitablarını çap etdirirlər. Yaxud Bəstəkarlar, Rəssamlar ittifaqları, bunlar yalnız gözləyirlər, öz mənfəətlərinə bir balaca ziyan vurmaqdan ehtiyat edirlər. Orada oturanların böyük mənfəətləri var. Onların Mehmanların başına bu oyunları açan dairələrdən umacaqları var axı. Bir gün orden, başqa bir gün mükafat istəyirlərsə, hansı ziyalıdan danışırsınız? Azərbaycanın bu məşəqqətinə ağlamaq belə azdır, ağlamağa göz yaşı çatmaz, siz də ziyalılardan danışırsız. Bunları düşünəndə adamın bağrı çatlayır. “Ziyalı məktəbi”ni bağladılar. Ümumiyyətlə, Azərbaycanda ziyalılığın kökünü kəsmək məsələsi var.

– Kim kəsir?

– Məgər görmürsüz, məndən niyə soruşursuz?! Kimin kəsdiyi məlumdur da. Bütün Azərbaycan ideologiyası 4-5 nəfər tipik Naxçıvan demoqoqunun əlində yesir olub. Bütün Azərbaycan ideologiyası 4-5 Naxçıvan demoqoqunun əxlaqı və xarakteri üstündə qurulub. Azərbaycan ideologiyasını bu şəkilə kim saldı? Kimdir bunu edən? Naxçıvanlılara demoqoq deyirdilər, mən də o torpaqdanam, demoqogiyanın klassik formasını ideologiyanın aparıcı xətti etmək olmaz axı. Ziyalılıq etmək istəyənin xirtdəyindən tuturlar. Elə bir mühit yaradıblar ki, adamın xəcalətdən nəfəsi kəsilir. Sovet dövründə ziyalıları axtalayırdılar. Stalin dövrünü kənara qoyaq, amma Azərbaycan ziyalısından söhbət düşəndə, 60-cı illərdən sonranı götürsək, indiki kimi təhlükə içində olmayıb. Bu qədər qorxu, məşəqqət, sıxıntı çox pis haldır. Ziyalılıq ölüm ərəfəsindədir, nəfəs alır, ancaq can verir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.