Bu ilin Qarabağ konfliktinin həllində nə dərəcədə effektli olacağı, ümumiyyətlə, danışıqlarda müsbət dəyişikliklər olub-olmayacağı ilə bağlı Axar.az ekspertlərə müraciət edib:ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl:"Önümüzdəki bir neçə ay ərzində Dağlıq Qarabağ münaqişəsində heç bir canlanma müşahidə olunmayacaq. Əsas oyunçular buna hazır görünmür: yeni Ermənistan hökuməti ortaya mövqe qoymaq üçün hazır deyil.
Rəsmi Bakı bilir ki, zaman onun xeyrinə işləyir. Rəsmi Moskva isə İrəvan və ya Bakıda hər hansı dramatik bir dəyişiklik olmadığı təqdirdə, hər şeyi öz nəzarətində saxlamağa müvəffəq olduğuna görə məmnundur.
Vaşinqton da hazırda Cənubi Qafqaza fokuslanmayıb”.
Politoloq bildirib ki, buna baxmayaraq, Tramp Administrasiyası İrana qarşı hərəkətə keçməyi qərara alarsa, bu, bir gecədə dəyişə bilər. Və bu, əlbəttə ki, Bakının xeyrinə olar:
“Moskva Vaşinqtona qarşı çıxacaq, amma işğal olunmuş ərazilərin ən azı qismən qaytarılmasına mane ola bilməyəcək”.
Rus hərbi ekspert, şərqşünas və politoloq İqor Pankratenko:“Qarabağ uzun müddətdir ki, rəsmi Moskvanın Bakı və İrəvanla olan dialoqunun manipulyativ alətinə çevrilib. Ermənistan antimoskva çıxışlar edən kimi Rusiya Xarici İşlər Nazirliyi və Kreml ona Qarabağı xatırladır.
Yeni hakimiyyətə gələn Nikol Paşinyan artıq oyunun qaydalarını başa düşüb və qəbul edib. Doğrudur, bəzi uyğunsuzluqlar var, amma bunlar prinsipal xarakter daşımır. Paşinyan hələ Kremlin koridorlarında necə gəzməli olduğunu bilmir, amma öyrənməkdədir. Bu səbəbdən Moskvanın tezliklə Qarabağ mövzusunu yenidən gündəmə gətirməsi üçün heç bir əsas yoxdur”.
Süleyman Dəmirəl Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının ABŞ proqramının doktoru, “Kafkassam” Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssis Əmrah Kaya:“1988-ci ildə başlayan Qarabağ işğalı 1994-cü ildə atəşkəslə dayandırılıb, amma son razılaşma əldə olunmayıb. Bu dövrdən etibarən Azərbaycan və işğalçı Ermənistan tərəfi problemi müzakirə edir. Hər iki tərəf müzakirələri sürətləndirmək və müxtəlif dövrlərdə gərginliyi azaltmaq üçün qərarlar qəbul etsə də, bunların əhəmiyyətli inkişaf olduğunu söyləmək olmaz. Çünki əsl problem regionun hansı ölkə tərəfindən idarə olunacağıdır. Bu bölgəyə sahib olan dövlət Cənubi Qafqazda güc və nüfuza sahib olacaq. Bu konteksdə beynəlxalq hüquq normalarını tapdayaraq Qarabağı işğal edən Ermənistanın onu sadəcə olaraq geri qaytaracağını düşünmək düzgün olmaz. Yeni hakimiyyətə gələn hökumət Qarabağdan çəkilməyi qərara alarsa, bütün Ermənistan tərəfindən “xain” elan olunar və devrilər. Azərbaycan tərəfi isə bəzi zamanlarda keçirilən görüşlərlə bölgəni nəzarəti altına almağa çalışır. Ancaq söhbət torpaq işğalından gedirsə, onun geri qaytarılmasının demokratik yollarla həllini gözləmək düzgün deyil. Xüsusilə də bu bir türk torpağıdırsa. Nümunə olaraq dünya ölkələrinin Ermənistanın işğalına verdiyi reaksiyanı göstərmək olar. Problemin həllində açar rolunu oynayan tərəf rəsmi Moskvadır. O isə problemin davam etməsini istəyir. Maraqları olduğuna görə rəsmi Moskva məsələnin həllinin tərəfdarı deyil. Nəticə olaraq Qarabağ münaqişəsinin bu il aktiv fazaya keçməsi, zənnimcə, mümkün deyil”.
Rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk:“Qarabağ ətrafında vəziyyət ilk dəfə uzun müddət ərzində əhəmiyyətli dərəcədə dəyişdi. 2018-ci ildə Ermənistanda və ətrafında baş verən siyasi hadisələri nəzərdə tuturam. Azərbaycan bu strateji şansı dəyərləndirməli, yeni şəraitdə necə davranmalı olduğunu müəyyən etməlidir. Amma bunun həmişə belə davam edəcəyini düşünüb ləngimək olmaz. Bu şanslardan biri xüsusilə Bakı ilə KTMT arasında əlaqələrə aiddir.
Xatırladım ki, sonuncu dəfə Qarabağ və ətrafında olan dəyişiklik 2014-cü il Krım hadisələri ilə əlaqəli idi. Bu, avtomatik olaraq 2014-cü ilin avqustunu və 2016-cı ilin aprel hadisələrini meydana gətirdi. Nəticə etibarilə Azərbaycan ordusu bəzi torpaqlarını qaytarmağa müvəffəq oldu. Ancaq bu dəfə Azərbaycan heç bir şeyi müharibə yolu ilə həll edə bilməz. Azərbaycan tərəfinin döyüşə hazır olduğunu, hətta döyüşmək istədiyini başa düşürük, amma Azərbaycan bilməlidir ki, onu uzunmüddətli müharibəyə düçar edə bilərlər.
Görünür, Paşinyan Bakı ilə danışıqlarda sələfi Sərkisyandan daha aqressiv olacaq. Əgər Paşinyan Moskvaya öz tələblərini açıq şəkildə söyləyə bilirsə, Bakı ilə bu, daha asan olacaq.
2019-cu ildə Rusiya üçün Qarabağdakı vəziyyəti müharibə fazasına keçirməkdənsə, bu gün olduğu səviyyədə saxlamaq vacibdir. Amma indi bunu etmək daha çətin olacaq, çünki Aprel müharibəsindən sonra sülhə deyil, müvəqqəti atəşkəsə nail olundu”.