Türkiyədə azərbaycanlının gəmisi necə batdı? - Şok nüanslar

8-01-2019, 14:42   




13:32

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında “Volqo Balt 214” adlı gəminin batmasına səbəb azərbaycanlı kapitanın məsuliyyətsizliyi olub.

Bu sözləri Axar.az-a açıqlamasında “Palmali” şirkətinin baş mexaniki Yaqub Həmidov deyib. O, sözügedən gəminin istismar müddətinin başa çatdığını söyləyib:

“Volqo Balt 214” 1978-ci ildə istismara buraxılıb, 40 ilin gəmisidir. Demək olar ki, istismar müddəti tam başa çatmışdı. Əvvəlcədən güclü külək proqnozu verildiyinə görə bütün gəmilər Kerç limanında dayanıb. Ancaq “Volqo Balt 214” gəmisi hərəkət edib. Şirkət kapitandan pis hava şəraitində gəminin getməyini tələb edə bilməz.

Kapitan gəmidə söz sahibidir. Baş köməkçi ilə məsləhətləşsə də, istənilən halda son qərarı kapitan veir. Dalğaların hündürlüyü 3-4 metr olan küləkdə Samsun şəhərindən 70 mil məsafədə kapitan gəminin idarəetməsini itirib və yanvarın 7-i səhər saat 7-də gəmi ortadan sınıb. “Volqo Balt 214” çay-dəniz tipli gəmidir. Belə gəmilər sahildən 20 mil məsafədən uzaq üzməməlidir. Bu onun üçün vacibdir ki, qəza baş verəndə kömək daha tez çatsın. “Volqo Balt 214” isə Samsun şəhərində sahilə 70 mil məsafədə küləyə düşüb. Digər bir məsələ də odur ki, gəmi batmazdan əvvəl təhlükəsizlik tədbirləri görülməyib. Batma prosesi saatlarla çəkir. Həmin müddətdə hidrokostyumlar, xilasedici jiletlər geyilməli idi. İstənilən halda qəzadan sonra salamat qalmaq olardı”.

Baş mexanik qəzada həlak olan kapitan və köməkçisi haqqında da danışıb:

“Kapitan Turbat İsmayılovun 47, köməkçisi Məmmədəli İbrahimovun isə 41 yaşı olub. Hər ikisi ailəli idi. Bildiyim qədərilə, M.İbrahimovun 3 övladı var. Kapitan və köməkçisi əvvəllər Xəzər Dəniz Gəmiçiliyində çalışıblar. Sonradan öz ərizələri ilə işdən çıxıblar və xarici şirkətlərlə çalışmağa başlayıblar.

“Volqo Balt 214” Türkiyə şirkətinə məxsus gəmi olsa da, Panama bayrağı altında üzüb. Kapitan və köməkçisi 7-8 ildir ki, həmin türk şirkətində çalışırdı.

Düzü, bunun qəsdən atılmış bir addım olduğunu düşünmürəm. Sadəcə, kapitanın təcrübəsizliyi nəticəsində qəza baş verib. Dənizdə istənilən yerdə küləyin sürəti, hansı istiqamətdə əsəcəyi saatına qədər bilinir və bu barədə bir həftə əvvəldən kapitanlara məlumat verilir”.

Qara dənizdə batan “Volqo Balt 214” yükdaşıyan gəmi Azov dənizinin Rusiyaya aid hissəsindən Türkiyənin Samsun şəhərinə kömür daşıyıb. Ukraynanın İşğal Olunmuş Ərazilər və Daxili Məcburi Köçkünlər üzrə Nazirliyinin yaydığı məlumatd bildirilir ki, gəminin hərəkətə başladığı liman Rostov vilayətində yerləşir.

“Bu liman tez-tez işğal edilmiş Donbasdan Türkiyə və digər ölkə limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Əvvəllər bu gəmi Rusiya bayrağı altında hərəkət edirdi, sonradan iki aylıq Sent-Kits və Nevis dövlətinin bayrağı ilə üzüb. 2017-ci ilin avqustundan isə Panama bayrağından istifadə edib”, – məlumatda bildirilib.

Qeyd edək ki, dünən Samsun yaxınlığında batan gəminin kapitanı və bosmanı azərbaycanlıdır. Gəminin 13 ekipaj üzvündən 6 nəfər (kapitan və bosman olan 2 azərbaycanlı və 4 Ukrayna vətəndaşı) həlak olub.

Onların meyitinin artıq tapıldığı bildirilir.

Həlak olanların pasportlarının surətini təqdim edirik:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.