Bu ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Musavat.com-a məlumatlı mənbələrdən informasiya daxil olub. Onu da qeyd edək ki, aprel ayında seçkilər keçiriləcəyinin gözlənildiyi barədə “Yeni Müsavat”ın 5 yanvar tarixli sayında informasiya vermişdik. Xəbərdə deyilirdi ki, növbədənkənar prezident seçkiləri kimi, bu seçkilər də seçki kampaniyasına az qalmış təyin edilə bilər.
Habelə daha öncələr də belə iddialar səslənirdi. Milli Məclisin üzvü Zahid Orucun, eləcə də bəzi tanınmış politoloqların statuslarında bundan bəhs olunurdu.
Xatırladılırdı ki, ötən il bu vaxtlar prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında keçirildi.
Bunun hansı siyasi zərurətdən irəli gəlməsi barədə ictimaiyyətə təfərrüatı ilə məlumat verilmişdi. Güman ki, parlament seçkilərinin də eyni səbəblərdən vaxtından əvvəl keçirillməsi nəzərə tutulur.
Hələ ki, hakimiyyət düşərgəsindən növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlərə hər hansı şəkildə reaksiya yoxdur. Lakin nəzərə alsaq ki, keçən ilin bu vaxtlarında da yaz aylarında növbədənkənar prezident seçkisinin gözlənildiyi barədə xəbərlər yayılanda rəsmi dairələrdən heç bir təsdiq xarakterli mövqe bildirilmirdi. Buna baxmayaraq yayılan xəbərlər doğruldu-aprel ayında növbədənkənar prezident seçkisi keçirildi. Bu dəfə də belə olacağı istisna deyil...
Yanvarın 8-də musavat.com-a daxil olan daha bir mötəbər mənbənin məlumatı üç gün öncə yaydığımız xəbərin rəsmi təsdiqlənmək ərəfəsində olduğunu göstərir.
Hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci ilin noyabrında keçirilib, hazırkı Milli Məclis 3 ildən artıqdır fəaliyyət göstərir. Deputatların səlahiyyət müddəti 5 ildir. Növbədənkənar seçkilər olmayacağı halda ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir. Əgər apreldə parlament seçkiləri keçiriləcəksə, bu, seçkilərin il yarım önə çəkilməsi demək olacaq. Eyni zamanda bu, Azərbaycanın müstəqillik əldə etdikdən indiyə qədər ilk növbədənkənar parlament seçkiləri kimi tarixə düşəcək.
Növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olub-olmadığı məsələsinə gəlincə, siyasətçilər arasında bu məsələdə yekdil rəy yoxdur. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki artıq xeyli vaxtdır yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib.
Deputat Fazil Mustafa isə hesab edir ki, Konstitusiya dəyişikliyi və növbədənkənar prezident seçkilərinin keçirilməsi isə parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır. Amma siyasi məqsədəuyğunluq olarsa, seçki vaxtından qabaq da keçirilə bilər.
Məsələyə digər bir kontekstdən yanaşdıqda, parlament seçkilərinin 2019-da keçirilməsinin hüquqi bir məntiqi də ortaya çıxır. Belə ki, son konstitusiya dəyişikliyinə görə prezident seçkiləri 7 ildən bir keçiriləcək. Sonuncu - növbədənkənar prezident seçkilərinin 2018-ci ildə keçirildiyini nəzərə alsaq, deməli, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməlidir. Əgər parlament seçkiləri növbədənkənar elan edilməyib, 2020-ci ildə keçirilərsə, bu o deməkdir ki, növbəti Milli Məclis seçkiləri də 2025-ci ildə - prezident seçkiləri ilə eyni ildə baş tutmalıdır. Bu isə anormal situasiya yaradır, bir ildə həm prezident, həm də parlament seçkilərinin keçirilməsinə praktikada rast gəlinmir və bir sıra səbəblərdən (siyasi, strukturların iş fəaliyyəti baxımdan) doğru hesab olunmur. Bu vəziyyətin aradan qaldırılması üçün optimal yol kimi, parlament seçkilərinin ertələnməsi, 2019-da keçirilməsi uyğun variant hesab olunur.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”