Mariya Dubovikova
“Əl-Ərəbiyyə”, 08.01.2019
İsrail hazırda ABŞ-ın Suriyadan çəkilmə qərarının nəticələrini nəzərdən keçirir və bunun Suriyadakı əməliyyatlara necə təsir edəcəyini izləməyə davam edir.
Təl-Əvivdə Suriyadakı əsas müttəfiqin çıxışından sonra İsrail üçün hansı ciddi nəticələrin yaranacağını öyrənmək istəyənlər var.
Amerika prezidenti Donald Tramp bölgədəki münaqişəyə az-çox cəlb olunmuş bütün partiyalar üçün sürpriz bir qərar qəbul edib; o, İŞİD-in məğlub olduğunu car çəkib.
Trampın sözlərinə görə, ABŞ-ın Suriyadakı missiyası başa çatıb və ABŞ əsgərlərinin Suriyada qalmasına heç bir səbəb yoxdur.
İsrail üçün bu hərəkət – narahatlıqdır. O, İranın dəstəklədiyi silahlı milislərə görə təhlükə ilə üzləşdiyini düşünür.
ABŞ-ın çəkilməsindən narahat olmaq üçün Təl-Əvivin hər hansı bir başqa səbəbi varmı?
Ümumiyyətlə, ABŞ prezidenti Donald Trampın qərarı İsrail üçün nə deməkdir?
“Bu addım İsrailə zərər verməyəcək”, – deyən bəziləri proqnozlaşdırırlar ki, çəkilmə qərarı hələ ABŞ-ın, həqiqətən, Suriyadakı sahələri tərk edəcəyi mənası vermir.
Hərbçilər Vaşinqtonun İsrailə güvən verdiyini təsdiqləyirlər: ABŞ-ın Suriyaya yaxın ölkələrdə bazaları olduğundan məlum sahələr təhlükəsiz qalacaq.
Bundan başqa, Suriyadan çəkilmə regiondan çəkilmək demək deyil. Amerika qaynaqları ABŞ-ın İraq şəhəri Ənbarda, İraq-Suriya sərhədinin yaxınlığında yeni hərbi baza qurduğunu təsdiqləyib.
Hərbi baxımdan rəmzi olan amerikan qüvvələrinin çıxarılması Suriyanın şimal-şərq hissəsindəki ərazilərdə hakimiyyət balansına təsir edəcək.
Bölgəyə baxış
Ani elan ABŞ prezidentinin hərbi xərcləri nəzərdən keçirməsindən başqa bir şey deyil. Yerlərdəki gerçəklik diktə edir ki, amerikalı qoşunların az xərclərlə özünə sadiq qruplara təlim verməsi qeyi-mümkündür, bunu başqa qüvvələr daha məhdud məsrəflə həyata keçirə bilərlər.
Buna baxmayaraq, İsrail baş naziri Benyamin Netanyahu 2019-cu il yanvarın 4-də Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinə zəng edib. Onlar Suriyadan çıxış, terrorizmlə birgə mübarizə, hərbi və diplomatik kanallar vasitəsilə ikitərəfli koordinasiya və əməkdaşlığı gücləndirmək zərurətini nəzərdən keçiriblər.
Netanyahu İranın Suriyada varlığını bərqərar etməsinə maneə törətmək səylərini davam etdirməyə qərarlı olduğunu vurğulayıb. İsrail son illərdə Suriyada İran və İran dəstəkli milis obyektlərinə yüzlərlə hava hücumu həyata keçirərək, Tehranın yəhudi dövlətinə qarşı forpost yaratmasının qarşısını almağa çalışıb.
ABŞ-ın hətta nisbi olaraq geri çəkilməsi şəraitində, Suriyadakı hadisələrlə əlaqədar olaraq Rusiyanın İsrail üçün əhəmiyyəti artmaqdadır. Belə vəziyyətlərdə Rusiya Suriyada İranı çəkindirməni ehtiva edən mühüm oyunçu kimi görünür.
Rusiya, İsrailin hava zərbələri və Rusiya hərbi təyyarəsinin vurulmasına hiddətlənirsə də, Moskva bu günə qədər İsraili cəzalandırmayıb.
Qlobal xarici siyasət strategiyalarında Moskvanın İsrailə ehtiyacı var və İsrail bunu bilir.
Beləliklə, Təl-Əviv bu məqsədlə Moskvanı şantaj və təhqir edir, xüsusilə də Rusiyanın sanksiyalar altında olduğu dönəmdə.
Ərdoğanın monoloqu
İsrailin Rusiyaya ehtiyacı var, təkcə Tehranın təhdidinə görə deyil, Türkiyə də onu təhdid edir. Ərdoğanın Yaxın Şərqdəki obrazı və populyarlığı hətta ərəblər arasında artır.
Türkiyə prezidenti çıxışlarında İsraili və onun rəhbərliyini hədəf almaq fürətini əldən qaçırmır, İsraili bölgədəki xaosa görə günahlandırır. Müttəfiqlərinin – Moskva və Vaşinqtonun Türkiyə ilə əlaqələrini nəzərə alaraq, İsrail Türkiyəni çəkindirmək üçün hər iki kanaldan istifadə etməyə hazırdır.
Bundan əlavə, bəzi rus mənbələrinə görə, Netanyahu və Putin digər mövzular arasında Rusiyanın hərbi təyyarəsinin vurulmasından qısa müddət sonra Suriyada yerləşdirilən “S-300” raket əleyhinə batareyalarını müzakirə ediblər.
İsraillilər Rusiyadan Tartusdakı “S-300” batareyalarını Suriyadakı Deyr əz-Zor şəhərinə, İraq sərhədinə yaxın ərazilərə daşınmasını istəyiblər.
Suriyadakı vəziyyət balanssız və qeyri-sabit qalır. Baxmayaraq ki, bu, İran təhdidlərindən qorumağa yönəlmiş tədbirlər üçün Təl-Əvivi əhəmiyyətli marjla təmin, yəni İsrailin maraqlarına xidmət edir.
Təl-Əvivin milli sərhədləri və təhlükəsizliyi təmin olunur. Bundan əlavə, İsrail Colan Təpələrini özü üçün saxlamağı və Suriyadakı qeyri-sabitliyin faydalı olduğunu düşünür.
İsrail sadəcə ABŞ və Rusiya arasında balans yaradır, Vaşinqton və Moskva ilə manipulyasiya etmək üçün öz gündəmini onlara sırımağa çalışır.
Tərcümə: Strateq.az