Xəbər verdiyimiz kimi, həbsdə olan bloger Mehman Hüseynovun aclıq aksiyası keçirməsi, səhhətinin pis olması ilə bağlı iddialar səsləndirilir.
Hurriyyet.org-un məlumatına görə, bununla bağlı big.az-a açıqlama verən Rüfət Quliyev bildirib ki, Mehman məmurların villasını çəkməzdən öncə onlardan icazə almalı idi:
"Xoşunuza gələrmi evinizin şəkilini çəkib xəbər saytlarında və sosial şəbəkələrdə yaysınlar?Əlbəttə, evini çəkdiyin insanın icazəsini almalısan. Bu barədə hətta qanunda var. Məni çəkmək üçün icazən olmalıdır. Paparazzilik nə deməkdir. Cavan oğlandır. Nəsə bacarır ki, o həddə gətirib çıxartdı. Hər bloger o həddə qalxa bilmir. Mənim şəxsi həyatımdan şəkil çəkib sayta qoyursan ki, flankəsin bu əmlakı var. Tutaq ki, var. Nə olsun. Get, çək, göstər ki, fermer necə gözəl məhsul yetişdirir. Verməzlər axı. Çünki maraqlı deyil. Yazırlar ki, eks nazirin filan villası var. Olacaq da, 20 ildir nazir işləyir. Yəni o, bir-iki villalıq pul qazanmayıb? Böyük məmurların pul qazanması bəyəm yalnız Azərbaycandadır? Bu, dövlətin işinə və siyasətinə qarışmaq deməkdir. Ola bilər ki, mənim fikrim bəzilərinə pis təsir edəcək. Düzdür, bacarıqlıdır. Amma bacarığını yanlış istiqamətə istifadə etdi. Elə blogerlər var ki, bölgələrdən gözəl görüntülər çəkir. Turist cəlb edirlər. Mən hesab edirəm ki, onun hərəkəti qeyri-qanuni idi. Bu paparazzilik bizə Avropadan gəlib. Amma bu gün onlar bundan əziyyət çəkirlər".