“Əleyhinə 63 səs və əlvida, deputat mandatı...” - prezident qanun imzaladı

18-01-2019, 09:13   
 



Milli Məclis deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası təsdiqləndi;  Hesablama Palatasının üzvlərinin sayının azaldılması, İntizam komissiyasının üzvlərinin isə sayının artırılması rəsmiləşdi

Yanvarın 17-də Milli Məclisin daxili nizamnaməsinə dəyişikliklər prezidentin imzası ilə qüvvəyə minib. Novator.az bildirir ki, yeniliklərin birinə görə, fasilədən sonra Milli Məclisin iclasında üzrsüz səbəbdən qeydiyyatdan keçməyən deputat həmin iclasda iştirak etməmiş hesab edilir.

Dəyişikliyə əsasən, aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə və ictimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləməyə və ictimai müzakirəyə dəvət edilən şəxslər ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.

Milli Məclisin Aparatı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edir. Hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan qanun layihələrinin hazırlanmasına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda aparıcı komitə müvafiq siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlayır.

Başqa bir müddəaya görə, qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Milli Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir. Prezidentin Milli Məclisə təqdim etdiyi qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.

Milli MÉclis ile ilgili görsel sonucu

Qanun layihəsi Milli Məclisdə layihədə edilmiş dəyişikliklərlə birlikdə qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə; dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə prezidentlə və ya onun tapşırığı əsasında Nazirlər Kabineti ilə razılaşdırılmalıdır (rəy alınmalıdır).

Milli Məclisdə dövlətlərarası və Azərbaycan qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin konstitusiya qanunu layihələrinə üç oxunuşda baxılır.

Qanunvericilik təşəbbüsü hüququnun subyekti Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağıra bilər.

Başqa bir yeniliyə əsasən, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); səsvermə hüququnu şəxsən həyata keçirmədikdə; qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin sədri həmin deputat haqqında məsələni intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda Milli Məclisin sədri intizam komissiyasının həmin deputatın mandatdan məhrum edilməsi barədə rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.

SÉrÉncam ile ilgili görsel sonucu

Milli Məclisin deputatı parlamentin iclasında mandatından imtina etdikdə və həmin imtina iclasın stenoqramına daxil edildikdə imtinasını geri götürə bilməz.

Milli Məclisin sədri əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən səlahiyyətləri itirilən deputat barəsində tibbi-sosial ekspert komissiyasının rəyini və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. İclasda iştirak edən deputatlar yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Yada salaq ki, “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsi ötən ilin yayından parlamentin müzakirəsinə çıxarılmışdı. Bu müzakirələr xeyli gərgin keçmişdi. Qanun layihəsinin ilk variantı 13 maddədən ibarət idi. Məsələn, qanun layihəsində göstərilirdi ki, deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Həmçinin layihədə qeyd olunurdu ki, deputat “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələri qəbul edə bilməz.  Bu cür məsələlər də müzakirələr zamanı bəzi deputatlar da ciddi narazılıq doğurmuşdu. Bu səbəbdən də qanun layihəsinə  xeyli dəyişikliklər edildi.    

Milli MÉclis ile ilgili görsel sonucu

“Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında prezidentin imzaladığı  qanunla Hesabla Palatasının tərkibinin azaldılması da rəsmiləşib.  Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarət idi. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib. Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Əvvəllər isə  iş təcrübəsi müddəti nəzərdə tutulmurdu. Hesablama Palatasının saytında auditorların sayı 5 nəfər göstərilib. Bunlar Mehriban Əlişanova, Cəfər Həsənov, Vaqif Həsənov, Firsənd Qurbanov və Fazil İbrahimovdur.  Palata üzvlərin səlahiyyət müddəti 7 ildir, onlar Milli Məclis sədrinin təqdimatı əsasında parlamentin azı 63 deputatının səs çoxluğu ilə təyin edilirlər.

Qeyd edək ki, Hesablama Palatası haqqında bu dəyişikliləri özündə ehtiva edən qanunu prezident ötən ilin sentyabrında imzalayıb.  Yeni qanun Hesablama Palatasının  statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir.

Prezidentin yanvarın 17-də imzaladığı qanunla İntizam komissiyasının üzvlərinin də sayı artırıb. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib. Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

ORXAN,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.