“Bu gün bizim evə bildiriş gəlib. Artıq neçə vaxtdır Biləcəri bələdiyyədən belə bildirişlər verilir. Bələdiyyədən bildirilir ki, biz ildə 15 manat vergi verməliyik”. Bu barədə Biləcəri qəsəbə sakini Qənirə Məmmədova ANS PRESS-ə şikayətində bildirib. Onun sözlərinə görə, həmişə 113 saylı Mənzil Kommunal İstismar Sahəsinə pul verirlər. Mənzillərə xidməti də həmin qurum həyata keçirir. Bələdiyyə isə indiyə qədər onların heç bir problemi ilə maraqlanmayıb.
“Əslində bizim binalar problemlidir. Zirzəmi su ilə doludur. Binanın damı dağılır. Bir çox problemlər var. Bələdiyyədən deyirlər ki, sizin binalara biz baxmırıq. 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən isə problemlə maraqlanmırlar. Yalnız lazm olanda, sənəd verirlər. Lakin bələdiyyənin ümumiyyətlə bizim binalara heç bir dəxli yoxdur”, - deyə Q.Məmmədova vurğulayıb.
Şikayətçinin sözlərinə görə, bələdiyyə heç bir problemlə maraqlanmadığı halda indi durub pul yığır. Qənirə Məmmədovanın sözlərinə görə, bundan təkcə onlar yox, bütün sakinlər şikayətlənir.
Məsələ ilə bağlı Biləcəri bələdiyyəsindən bildiriblər ki, qanuni olaraq əhalidən vergi yığılır. Bələdiyyənin əməkdaşı Novruz Əhmədov ANS PRESS-ə açıqlamasında əlavə edib ki, vergi verməyən sakinlər barədə qanunvericiliklə nəzərdə tutulan tədbirlər həyata keçiriləcək.
113 saylı Mənzil Kommunal İstismar Sahəsindən isə bildirirlər ki, bələdiyyələrin iddiaları əsassızdır. Əslində onların tabeliyində olan binaların sakinləri bələdiyyələrə yox, onlara pul verməlidir.
Qeyd edək ki, bu problemdən təkcə Biləcəri sakinləri deyil, bütün paytaxt sakinləri şikayətlənir. Əhali yaşadıqları mənzilə görə, 2 dəfə ödəniş etmək istəmir. Ya Sovet dövründəki kimi ev pulu ödəyib problemlərin həllini MİS-lərdən tələb etməli, ya da bələdiyyəyə vergi ödəyib onların probelmələrinin həllində fəallaşmasını istəyir.
Ekspertlər də əmlak vergisi ilə paralel ev pulu yığılmasını düzgün saymır. Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, əslində bələdiyyələrin binada yaşayan vətəndaşlardan pul tələb etməyə ixtiyarı yoxdur.
“Bələdiyyələr ancaq şəxsi evlərdən vergi ala bilərlər. Baxmayaraq ki, binadakı mənzillər özəlləşdirilib, lakin bu torpağın üzərində deyil. Vətəndaş həm bələdiyyəyə, həm də komunnal idarələrinə pul ödəməməlidir. Bu vətəndaşların hüquqlarını pozur. Əhali yalnız onlara xidmət göstərən quruma pul verməlidir”, - deyə Vahid Əhmədov burğulayıb.
Məsələ ilə bağlı hüquqşunaslar deyir ki, əslində sakinləri bələdiyyəyə vergi verməsi barədə hüquqi qanun var. Mövcud qanunvericiliyə görə, fiziki şəxslərin əmlak vergisinə cəlb edilməsi məqsədləri üçün binaları dedikdə, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış evləri, mənzilləri, bağ evləri, qarajları, digər tikililəri və onların hissələri başa düşülür.
İqtisadçı ekspert Oqtay Haqverdiyev isə problemi bələdiyyələri vəzifə və səlahiyyətlərinə əməl etməməsi izah edir. Onun sözlərinə görə, əslində MİS-lər yox, bələdiyyələr kommunal xidmətləri həyata keçirməlidir.
“Bizim evə də bələdiyyədən gəlib pul istəyirdilər. Mən onları yola salıram. Çünki biz pulu MİS-lərə veririk. Amma əslində bələdiyyələr yığmalıdır. MİS-lər də ləğv olunmalıdır. Əhaliyə xidməti də bələdiyyələr həyata keçirtməlidir. Lakin indi sənədləri də MİS-lər verir. Gərək MİS-lər ləğv olunsun, bütün səlahiyyətlər və xidmətlər bələdiyyələrə verilsin. Bu zaman bələdiyyə xidməthaqqı yığa bilər”, - deyə Oqtay Haqverdiyev vurğuladı.
İqtisadçı-ekspert Qubad İbadoğlu da hesab edir ki, özəlləşdirilmiş mənzil sahiblərinin “kvartplata” ödəməsi özü də düzgün deyil: “Çünki bu mənim özəl mülkiyyətimdirsə, buna görə əmlak vergisi ödəyirəmsə, nəyə görə əlavə olaraq hər hansı ödəniş etməliyəm? Bələdiyyələr də qanuna müvafiq olaraq əmlak vergisinin onlara ödənməli olduğunu deyir, lakin əhali arasında olan çaşqınlıq onların da işinə mane olur”.
Ekspert bu sahədə xarici ölkərin təcrübəsindən bəhrələnməyi məsləhət bilir. Qubad İbadoğlunun fikrincə, artıq Mənzil İstismar Sahələri ləğv edilməli və yerini bələdiyyələrə verməlidir: “Bir orqana getmək, arayış götürmək və arayış almaq üçün müəyyən ödənişlər həyata keçirmək və son nəticədə də bu, vətəndaşların həm xərclərini artırır, həm əlavə vaxt itkisidir və əlavə bürokratik əngəllərdir. Bu baxımdan bu gün MİS-in bir arayış verməkdən başqa funksiyası qalmayıb”.
Bələdiyyələrlə MİS-lər arasında "soyuq möharibə"nin tez yekunlaşması işin xeyrinə olardı. Əks halda sakinlər mənzil üçün xiddmət haqqını hansı quruma verəcəklərini və problemləri olacağı təqdirdə kimin üstünə qaçacaqlarını uzun müddət müəyyənləşdirə bilməyəcəklər.