Rusiya XİN erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ətrafında rəsmi Bakının izahat xarakterli bəyanatlarına sərt cavab verib. Və Azərbaycan tərəfini “diplomatik tondan kənara çıxmaqda” günahlandırıb.
Rusiya XİN-in bu gün yaydığı yazılı bəyanatda bildirilir: “Bakıdan verilən şərhlərin tonunun diplomatik etiket normalarından kənara çıxdığını qeyd etməliyik. Daha da böyük təəcüb yaradan budur ki, həmin şərhlərdə Azərbaycana gələn Rusiya vətəndaşlarına qarşı diskriminasiya mövzusunun ikitərəfli münasibətlərin dinamik inkişafı fonunda guya az əhəmiyyətli hadisə kimi “şişirdilməməsi” tələb olunur.
Belə yanaşma, əlbətdə ki, qəbuledilməzdir. Rusiya vətəndaşlarının qanuni maraqlarının və hüquqlarının müdafiə olunması bizim Rusiya Federasiyasının prezidentinin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimizin şəksiz prioritetlərindən biridir. Üstəlik bu və ya digər ölkə ilə dövlətlərarası dostluq münasibətlərinin mövcudluğuna adətən bu sahədə problemlərin konstruktiv həllinə imkan yaradan amil kimi baxılır.
İşə birbaşa dəxli olmayan ümumi mühakimələr əvəzinə rusiyalılarla bağlı hər bir insidentə dair detallı izahat eşitmək istərdik. Azərbaycan XİN-in terminologiyası ilə desək bu” ayrı-ayrı hallar”ın arasında olduqca heyrətamiz olanları da var. 2018-ci ilin mayında Böyük Vətən müharibəsinin veteranının, blokadada olmuş Leninqradın 80 yaşlı sakininin Azərbaycana buraxılmaması və 2017-ci ilin fevralında dörd yaşlı oğlu ilə birlikdə aeroportda xüsusi saxlanma məntəqəsində saxlanılan qadın kimi.
Habelə biz diplomatik kanallarla Azərbaycan tərəfinin Rusiya vətəndaşları üçün Azərbaycana səfərlərini əvvəlcədən Moskvadakı səfirliklə razılaşdırmalı olduqları haqda eyhamla bağlı rəsmi izahat verilməsini gözləyirik. Çünki bu tələb vizasız gediş-gəliş haqda Rusiya ilə Azərbaycan arasında 1997-ci il 3 iyul tarixli Razılaşmanın pozulması olardı. Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik”.
Göründüyü kimi Rusiya XİN-in bu bəyanatı da kobud üslub daşıyır və Azərbaycan tərəfinin məsələ ilə bağlı verdiyi ətraflı izahatlara məhəl qoymur. Azərbaycan tərəfi həm XİN, həm Moskvadakı səfir Polad Bülbüloğlunun qismində bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmadığı bir şəraitdə milliyətcə erməni olan və ya erməni soyadı daşıyan xarici vətəndaşların, o cümlədən Rusiya vətəndaşlarının Azərbaycana səfərləri təhlükəsizlik baxımından riskli ola bilər. Rəsmi Bakı da ayrı-ayrı Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması halları zamanı məhz bu riski nəzərə alır və həmin şəxslərin özlərinin təhlükəsizliyini nəzərə alaraq qərar verir. Yəni Azərbaycan tərəfi milliyətcə erməni olanların ölkəyə gəlişinə qarşı deyil, sadəcə olaraq bu cür səfərlərin təhlükəsizliyinin təmin edilməsi üçün əvvəlcədən tədbirlər görülməlidir.
Rusiya XİN isə israr və tələb edir ki, Azərbaycan tərəfi heç bir əlavə sual vermədən milliyətcə erməni olan rusiyalıları ölkəyə buraxmağa borcludur...
F.Məmmədov
Virtualaz.org