Bakıdan Avropaya yola çıxan və 10 000 kilometr məsafəni motosikillə qət edən “Harley Davidson”un Bakı klubunun üzvüləri geri qayıdırlar. ANS PRESS-in xəbərinə görə, ötən gün Gürcüstan-Azərbaycan sərhəddini keçərək Azərbaycan torpağına ayaq basan moto yürüşçülərimiz gecə Gəncə şəhərinə çatıblar.
Bu səhər Gəncədə bəzi görkəmli şəxslərin abidəsini ziyarət edəcək baykerlərimiz daha sonra paytaxt Bakıya doğru yola çıxacaqlar.
7 motosikletçinin daxil olduğu nümayəndə heyətinin başçısı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevdir. Milli Qurtuluş günü ərəfəsində başlayan 10 000 kilometrlik yürüş zamanı azərbaycanlı baykerlər Avropanın iri şəhərlərində Heydər Əliyevin xatirəsini onun abidəsi önünə gül qoymaqla yad ediblər.
Bundan əlavə, müxtəlif şəhərlərdə keçirilən görüşlərdə Azərbaycan, onun iqtisadi inkişafı barədə avropalılara məlumat verilib, Xocalı faciəsilə bağlı Heydər Əliyev Fondunun hazırladığı plakatlar paylanılıb.
“Azərbaycanı Avropada tanıdaq!” şüarı ilə səfərə çıxan Azərbaycan baykerləri 10 000 kilometr yol qət ediblər ki, buna görə “Harley Davidson”un xüsusi mükafatına və hədiyyələrə layiq görülüblər. Nümayəndə heyətinin rəhbəri Vahid Mustafayevin sözlərinə görə, məqsədləri Azərbaycanı Avropada tanıtdırmaq olan baykerlərimiz Xorvatiyada “Harley Davidson” Bakı klubunun beynəlxalq Harley sahibləri assosiasiyasina üzv qəbul edilməsinə nail olublar. Bundan sonra onlar Azərbaycan bayrağı altında Xorvatiyada keçirilən festivalda iştirak ediblər.
Xatırladaq ki, motoyürüş “Harley Davidson HOG Baku”nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilib.
[media=http://www.youtube.com/watch?v=N_gtfSQbdp8]