Muharrem Sarıkaya
“Habertürk”, Türkiyə, 25 yanvar 2019-cu il
Prezident Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı Moskva görüşü ilə Suriyada yeni “yol xəritəsi” dövrəyə girdi. Bunun ən açıq əlaməti də hər iki tərəfin Adana razılaşmasına istinad etməsi oldu.
Yenilənmiş (2010-cu ildə – red.) Adana razılaşmasının müddəalarına baxmağı sonraya saxlayaraq, bunu qeyd edim ki, yeni “yol xəritəsi”nin də əsas mərkəzində İdlib olacaq. Ötən il dalana girən Suriya prosesində maneəni aşmağa imkan verən amil İdlib razılaşması olduğu kimi, bu il də yaranmış yeni durumun kilid məsələsini İdlib təşkil edir.
Bunun səbəbi də Rusiyanın İdlibə yönəlik əməliyyat keçirmək məsələsində israr etməsidir. Prezident Ərdoğanın təyyarəsi hələ Moskvaya enməmiş Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın verdiyi açıqlamalar da bunu açıq göstərir.
O, İdlibdə atəşkəsin 2 min dəfədən çox pozulduğunu, sadəcə son 24 saatda baş verən belə halların 30 olduğunu bildirdi.
Təxribatların “mülki şəxslər, Suriya hərbçiləri və Rusiyanın Hmeymim Hava Bazası üçün təhdid təşkil etdiyini”vurğuladı.
“Cihadçılarla mübarizə və sabitliyi təmin etmək” üçün Fəratın şərqinin Suriya qüvvələrinə buraxılmasının lazım olduğunun altını cızaraq, əlavə etdi: “Bu, sadəcə Suriya üçün deyil, qonşu ölkələrin təhlükəsizliyinin təmin edilməsinə də imkan verəcək”.
Bu deyilənlər Putinin Ərdoğanla görüşdükdən sonra deyəcəyi sözlərin öncədən sınaqdan keçirilməsi kimi görünürdü…
Putin də “kürdlər” adlandırdığı kəsimlə Dəməşq arasındakı müzakirəyə verdiyi dəstəyi açıqca elan etdi.
İdlibdə köçə qarşı tədbir
Bütün bunlar göstərir ki, Moskva “Heyət Tahrir əş-Şam”ın (HTŞ) nəzarətinə keçən İdlibə yönəlik əməliyyat keçirilməsi məsələsində geri addım atmamaqda qərarlıdır.
Rusiya dəstəklədiyi Suriya güclərilə HTŞ-yə qarşı cənubdan müharibəni başlatmaq istəyir. Gözləntisi də Türkiyənin şimaldan Azad Suriya Ordusu (ASO) ilə buna dəstək verməsidir.
Burada ən böyük təhlükə, daha öncə BMT-nin Qaçqınlar Komissarlığının xəbərdarlıq etdiyi kimi, 3 milyonluq yeni köç dalğasının yaranması gözləntisidir. Bu da Türkiyə üçün yeni bir fəlakət deməkdir.
Təklif edilən formullardan biri Rusiyanın təminatı ilə mülki əhalinin böyük əksəriyyətinin İdlibin şərqindəki Dəməşq hakimiyyətinin nəzarətində olan sahəyə köçürülmsini təmin etmək, Türkiyəyə yaxın bölgələrdəki azsaylı əhalini də sərhəddəki düşərgələrə yerləşdirməkdir.
Əgər bu formul işləyərsə, Türkiyənin əlini gücləndirməklə qalmaz, 3,5 milyon suriyalının ölkələrinə geri dönməsinə imkan yaradacaq yeni bir modelin önünü də açar.
Adana razılaşması
“Bütün bunlarla Adana razılaşmasının nə əlaqəsi var?” deyilə bilər.
Ancaq Adana razılaşmasının ilk dəfə Putin tərəfindən dilə gətirilməsi faktının özü elə əlaqə üçün yetərli səbəbdir. Görünən odur ki, Rusiya, İdlib məsələsini Türkiyə ilə birlikdə həll etməyə qarşılıq, Fəratın şərqində Ankaranın əlini rahatladacaq və onu qayğılarından azad edəcək bir model təklif edir.
Eyni zamanda, Mənbicin boşaldılmasına töhfə verəcəyi sözünü də qeydlərə keçirir.
Moskva, İdlibə qarşılıq olaraq, Adana razılaşmasının tələb etdiyi kimi, “Bölgədəki kürdlərin PKK ilə əlaqəsini kəsməsini təmin etməyi, PYD-ni nəzarət altına almağı” Dəməşq adından Ankaraya vəd edir. Çünki Xarici işlər nazirləri Davudoğlu və Müəllim arasında 2010-cu ildə gözdən keçirilən Adana razılaşması PKK ilə mübarizə aparmağı (Suriyaya – red.) şərt qoşur.
Adana razılaşması Suriya hakimiyyətinin “PKK-nın terror təşkilatı olduğunu qəbul etdiyini” təsbit etməklə bərabər, “əlaqəli təşkilatlarla” (“Kontra-gel”) mübarizə aparacağını da şərt qoşur.
Bu razılaşma, sadəcə terror təşkilatları ilə kifayətlənməyib, “maliyyələşdirən, silahla təmin edən, təlim verən bütün ünsürlərilə mübarizə şərtini” də gətirir.
Türkiyəyə də “isti izlərlə təqib şərtilə” 15 kilometrədək içəri girmə haqqı verir. Bu da “Türkiyə hansı haqla Suriyada iştirak edir?” deyənlərə önəmli bir hüquqi əsas göstərməyə imkan verir.
Rusiya və ABŞ üçün əngəl
Xülasə, Putinin hədəfi “İdlibdə alacağı dəstəyə qarşılıq, Fəratın şərqini Ankaranın istədiyi formaya salmaq, 2011-ci il şərtlərinə qaytarmaqdır…”.
Ərdoğanın dünənki çıxışında Adana razılaşmasına istinad etməsi, geri dönərkən yolda “Rusiya ilə bərabər, İdlibin rifahını, hüzurunu təmin edə biləcəyimizə inanırıq” deməsi də Moskva ilə əməkdaşlığın davam edəcəyinin göstəricisidir.
Ancaq burası da aşkardır ki, ABŞ-ın öz hərbçilərini geri çəkməsi haqqında qərar verməsindən sonra Fəratın şərqi ilə bağlı Ankaraya təklif etdiyi “tampon bölgə” təklifi də masa üstündə durur.
Ankara baxımından, hər iki təklifin qəbulu üçün maneə tərəflərin PKK ilə mübarizə məsələsində ortaq mövqe nümayiş etdirməsilə bərabər, PYD məsələsində (Türkiyənin qəbul etmədiyi – red.) oxşar sözləri dilə gətirməsidir.
Ancaq sahədə qalıcı olan (Rusiya – red.), Adana razılaşması ilə əks-təminat da təklif edir, PYD-nin muxtar struktura çevrilməsinə mane olmağa söz verir.
Bununla bərabər, bir də Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qaz və neftin nəqli yönü ilə bağlı məsələ var. Bu məsələdə Türkiyə Rusiya ilə uzlaşa bilmədiyi halda, müttəfiqi ABŞ-la ortaq mövqedən çıxış edir.
Beləliklə, Ankara, Suriya ilə bağlı Moskvanın təklifinə də, ABŞ-ın planına da bu mərhələdə ehtiyatla, təmkinlə yanaşır. Özü üçün ən doğru və məqbul olan variantı axtarır.
Tərcümə Strateq.az-ındır