Aleksandr Baunov
“Foreign Policy”, 06.02.2019
Son on ildə Rusiya prezidenti Vladimir Putin yavaş-yavaş şəhərli orta sinifdən imtina edib, halbuki bu təbəqə müəyyən dərəcədə onu dəstəkləyirdi. Bunun əvəzinə o, Rusiyanın şəhər və kəndlərində mühafizəkar bazanın dəstəyi ilə legitimliyini bərqərar etmək istəyir. O bu qrupa sabitlik, Rusiyanın Krımı ilhaq etməsi kimi xarici siyasət zəfərləri və sədaqət qarşılığında sosial imtiyazlar təklif edib.
2019-cu ildə bu sövdə pozulur. Putinin əsas seçiciləri passivliyi ilə məyusluq nümayiş etdirirlər. Rusiya prezidenti 2024-cü ilə hazırlaşarkən, daha aktiv ictimai dəstək istəyir və onu harada tapmacağını bilmir.
“Sabitlik” sözü Putinin ictimai leksikonunda mərkəzi yerini itirib. 2018-ci il dekabrın 20-də illik mətbuat konfransında Putin “sabit” və “sabitlik” sözlərini yalnız dörd dəfə işlədib. O, Çin, beynəlxalq vəziyyət və Mərkəzi Bankın siyasətinə istinad etmək üçün bu sözlərdən istifadə edib. Dekabrın 8-də hakim partiyanın qurultayında isə Putin bu kəlməni bir dəfə də işlətməyib.
Bu, böyük dəyişiklikdir. Son onillikdə Rusiya rəhbərləri “sabitlik” sözünü Putin Rusiyasının sinoniminə çevirmişdi, onu çətin keçmiş, qonşu Ukrayna və ya dünyanın qeyri-sabit qalan hissəsi ilə müqayisədə işlədirdi. İndi kəlmənin məzənnəsi aşağı düşüb.
Siyasi rejimin böhranla üzləşdiyi zaman tez-tez “insanlar boğaza yığılıb” ifadəsi işlənir, amma proses başqa yolla gedə bilər. Həqiqətən, müasir Rusiya, Bertolt Brextin dediyi kimi, liderlərin “xalqı dağıtmaq və başqa birini seçmək” istədiyi ana yaxınlaşır.
Hər dəfə Putinə gənc nəslin narazı olduğu, müxalifət lideri Aleksey Navalnıya dəstək verdiyi və ya ictimai mediada qəzəbli mesajlar yazdıqları deyilərkən, onun standart təpkisi bu olur: Rusiyanın fərqli gəncləri var, bəziləri etiraz etmək əvəzinə, konstruktiv mövqe tutur, evində oturub dərslərini öyrənir…
Putinin tablosunda yalnız çalışqan, təmkinli, sadiq vətəndaşlarla dolu bir Rusiya var. Parlamentdəki son çıxışında o deyib: “Minlərlə, demək olar ki, minlərlə mütəxəssis, görkəmli elm adamı, dizayner, mühəndis, ehtiraslı və istedadlı işçilər səxavətlə, təvazökarcasına, fədakarcasına işləyirlər. Onların arasında çoxlu gənc mütəxəssis var. Döyüşdə Rusiya ordusunun ən yaxşı keyfiyyətlərini göstərən hərbi personalımızla birlikdə, onlar günümüzün əsl qəhrəmanlarıdır”.
Putinin problemi budur ki, Rusiyada az sayda adam bu stereotipə uyğun gəlir. O, hökumətin siyasətindən şikayət etmək istəyən real ruslarla mübarizə aparır. Ötən ilin sentyabrında Rusiyanın Uzaq Şərqindəki “Zvezda” gəmiqayırma zavodunda olarkən, prezident maaşlarla bağlı işçilərlə mübahisə edib (Putinin fəhlələrin yüksək maaş alması barədə sözləri Kreml saytındakı stenoqramdan çıxarılıb).
Politoloq Tatyana Stanovayanın 2015-ci ildə qeyd etdiyi kimi, “Putin artıq xalqın yox, elitanın çempionu olub”. Bu yaxınlarda o, uzun məsafəyə yük daşıyıcılarını, sürücüləri bekarçılıqda ittiham edib, pensiya yaşının və kommunal xidmət haqlarının artırılmasını dəstəkləyib, top menecerlərə daha yüksək məvacib ödəməyə xeyir-dua verib.
Onun “sabitlik” şüarının əsas hədəf auditoriyası olan ictimaiyyətə sevgisi sönükləşib. Kreml ilk dəfə sadə fəhlə sinfinə, non-metropolitan, yəni iri şəhərlərdə yaşamayan ruslara üz tutub. Halbuki 2011-ci ilin sonunda Rusiyanın orta sinfi və xüsusən “Putinin uşaqları” kimi düşünən gənclər Putini yeni prezidentlik dövrünə qaytarmışdı.
Sonra Putin, Donald Trampın 2016-cı ildə ABŞ-da etdiyi kimi, yeni seçici bazasını tapıb və onlar rusiyalı mütəxəssislərdən daha çoxdur. 2012-ci ildə başlayan üçüncü müddətdə Putin bu seçici çevrəsi ilə oynayıb. O, milli dəyərlərdən danışıb, repressiv qanunvericilik qəbul edib, müasir incəsənəti pisləyib və Qərblə mübahisəni gücləndirib.
Bəla ondadır ki, bu yeni baza gözləntilərində məyus olub. Onlar etibarlı şəkildə səs verirlər, amma rejimin fəal tərəfdarları deyillər. Onlar sabitliklə maraqlanırlar, ancaq özlərinə fayda naminə. Əks təqdirdə, iqtisadi yenidən bölüşdürməyə üstünlük verirlər, yəni sosialist bərabərlik səviyyəsi olan cəmiyyətdə kapitalist istehlakçı olmaq istəyirlər. İqtisadiyyat yavaşladığı üçün onlar kəmərlərini sıxmaqda maraqlı deyillər. Onlar hələ də sosial ədalət və zənginliyin bölüşdürülməsini istəyirlər – ölkənin zəngin kapitalistləri hesabına.
Bu, Kremlin eşitmək istədiyi şey deyil. Rusiya iqtisadiyyatının böyük hissəsi artıq dövlətin, yaxud Putinin dostları, Kremlə yaxın olan iş adamları və qərbli sanksiyalara qarşı vuruşan “vətənpərvər” idarəçilərin nəzarəti altındadır. Qazandıqlarını bölüşmək onların düşüncəsinə yaddır.
Rusiya yavaş-yavaş keçid dövrünə girir, Putinin dördüncü dövrü 2024-cü ildə başa çatır, ölkənin sosial-iqtisadi sisteminə dair uzun müddətli ağrılı qərarlar qəbul edilsə də, o, xələfliklə bağlı qərar verməlidir. Putin və onun komandası sıravi rusların da bu çətin dövrə aid yükü çiyinlərinə götürməsini istəyir – hökumət üçün qurban vermək, yeni tələblər irəli sürməmək.
Başqa sözlə, Putin indi özünü dəstəkləmək üçün yeni seçki məntəqələri axtarır, son müddətinin yaxınlaşması ərəfəsində könüllü vətəndaşların “aktiv azlığı”na ehtiyacı var. Amma bu seçki məntəqələri mövcuddurmu? Əgər Putin onları taparsa, əks tərəfin tələbləri nə olacaq?
Cavab nə olursa-olsun, bu, sabitlik deyil.
Tərcümə: Strateq.az