Ermənistanın yeni hökumətinin 5 illik proqramında nələrin yer aldığı təxminən bəlli olub. Parlamentdə təsdiqlənməsi gözlənilən layihə-sənəddə ölkənin xarici siyasətinin əsas oriyentirləri də yer alır. “Yeni Müsavat”ın Ermənistandakı qaynaqlara istinadla verdiyi xəbərdən bəlli olur ki, rəsmi İrəvan ölkənin əsas prioriteti qismində Rusiya ilə strateji əlaqələri dərinləşdirməyi görür.
“Rusiya ilə strateji və müttəfiqlik əlaqələri dərinləşdirmək bizim əsas prioritetlərimiz sırasındadır. Ermənistan- Rusiya münasibətləri dostluq, bərabərlik (?! -”YM") problemləri birgə səylərlə həll etmək prinsipinə əsaslanır. Hökumət Rusiya ilə hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizlik sisteminin təminatı üçün mühüm element hesab edir" - sənəddə bildirilir.
Qeyd edək ki, fevralın 6-da hökumət proqramın təsdiqi ilə bağlı səsverməni təxirə salıb. Səbəb kimi də baş nazir Nikol Paşinyanın sənədə düzəlişlər və redaktə eləmək istəyi göstərilir. Hər necə olmasa, Paşinyan keçmiş qəzet redaktorudur.
*****
Ancaq bunlar təbii ki, ikinci, üçüncü dərəcəli məsələlərdir. Yəni heç bir düzəliş və redaktədən sonra hökumətin prioritetləri dəyişən deyil. Paşinyan bunun əksini iddia eləmək üçün indiyədək heç bir mesaj, anons verməyib. Təsadüfi deyil ki, proqram-layihədə bildirilir ki, “hökumət Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-də fəal və təşəbbüskar iştirakını təmin eləmək, bu strukturların effektivliyinin artması yönündə aktiv işləyəcək”. O da qeyd olunur ki, sənədin məzmunu ilə bağlı hökumət üzvlərinin hər hansı iradı olmayıb.
Baş nazirin müavini Tiqran Avinyan isə deyib ki, sənəd “Mənim addımım” blokunun seçkiöncəsi proqramı əsasında hazırlanıb. Həmin proqramda Rusiya ilə strateji və hərbi-siyasi müttəfiqlik münasibətlərinin saxlanması “qırmızı xətt” kimi keçirdi. Erməni mənbələri dünən yazıb ki, hökumət proqramı faktiki şəkildə qəbul edib.
Beləliklə, Rusiya daha 5 il Ermənistanın ağası və “mövlası” olaraq qalacaq. Bu, həmçinin o anlama gəlir ki, Nikol Paşinyan inqilab öncəsi öz xalqına verdiyi əsas vədlərdən biri - ölkəni Rusiya asılılığından çıxarmaqla bağlı sözündən rəsmən vaz keçməyə hazırlaşır. Əslində Nikol hakimiyyətə gələndən bəyan edirdi ki, Ermənistan Rusiyanın orbitindən uzaqlaşmaq, Avrasiya Birliyi və “Rus NATO-su”ndan (KTMT) çıxmaq niyyətində deyil. Beləcə, erməni “məxməri inqilabı”nın əsas hədəfi gündəmdən çıxmaq üzrədir. Çünki Rusiya asılılığında inkişaf və rifah mümkün deyil...
*****
Maraqlıdır ki, bu ərəfədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda daşnakların və hakimiyyətdən devrilmiş Serj Sərksiyanın partiyasının - Respublikaçılar Partiyasının odioz təmsilçiləri ilə görüşüb. Yada salaq: bu, o keçmiş hakim partiyadır ki, son parlament seçkilərində 5%-dən də az səs toplayıb və parlamentə düşə bilməyib. Halbuki cəmi ilyarım qabaqkı analoji seçkilərdə (2017, aprel) 50%-ə yaxın səs almışdı və ya özünə yazdırmışdı. Eləcə də “Daşnaksütyun” Partiyası bu dəfə seçki barajını aşa bilməyib.
Rusiya səfirinin ictimai reytinqi sıfırın yanında olan bu qüvvələrin təmsilçiləri ilə bir araya gəlməsi diqqət çəkməyə bilməz. Bunlar əlbəttə ki, Paşinyan və hökumətinə, onun yeni proqramını təsdiq eləməyə hazırlaşan təzə qərbyönlü parlamentə ciddi siqnal və hətta xəbərdarlıq mesajı sayıla bilər.
Görünür, Rusiya Ermənistanın yeni hökumətinin əsas prioritetinin məhz Rusiya olması üçün bəzi ön tədbirlərə və təhdidlərə start verib. Özünə sadiq yerli siyasi, radikal qüvvələrə açıq dəstək nümayiş etdirməklə fors-major vəziyyətdə “B planı”nı işə salacağının anonsunu verir.
*****
İstənilən halda Paşinyan hökumətinin yeni proqramda Rusiya faktorunu ciddiyə alması təbiidir və acı reallığın sərt diktəsi ilə bağlıdır. Dəfələrlə yazdığımız kimi, Dağlıq Qarabağ, işğal problemi qaldıqca Ermənistanın Rusiyadan vassal asılılığı da qalacaq - hakimiyyətdə hansı qüvvə olur-olsun. Bunu indiki iqtidar da dərk edəcək. Onu da tezliklə anlayacaq ki, Rusiyadan asılılıq, blokada şəraiti ölkədə heç bir ciddi iqtisadi-siyasi islahata imkan verməyəcək.
Ermənistan hökuməti isə islahatlar hesabına ordusunu daha müasir silahlarla təchiz edəcəyini xəyal edir. Belə ki, erməni KİV-i yazıb ki, hökumətin yeni proqramında işğalçı ordunun arsenalını uzaq mənzilli yüksək dəqiqliyə malik raketlər, aviasiya və robotlarla təchiz etmək niyyəti də əksini tapıb (axar.az).
Layihədə bildirilir: “Hökumət ordunun arsenalının yüksək dəqiqliyə malik uzaq mənzilli raket kompleksləri, müasir artilleriya kompleksləri, hava hücumundan müdafiə sistemləri, çoxfunksiyalı aviasiya, avtomatlaşdırılmış və robotlaşdırılmış hava, yerüstü sistemlərlə təchiz etməyi hədəfləyir. Bununla da ordunun atəş nöqtəsinin uzaqlıq və dəqiqlik səviyyəsinin effektivliyinin artırılması nəzərdə tutulur. Təhlükəsizliyin təminatı üçün daha bir vacib element kimi yerli hərbi sənaye inkişaf etməlidir”.
Rəsmi İrəvan bunun üçün hərbi sənaye kompleksinə investisiya yatırmağı, özəl biznes üçün əlverişli investisiya mühiti yaratmağı planlaşdırır. Bu yöndə prioritet kimi texnoloji silahlanma, istehsal effektivliyinin artırılması, silah idxalından asılılığın azaldılması nəzərdə tutulur. Amma maraqlıdır ki, ölkəyə investisiyanı cəlb etmək proqramı və prinsipləri bəlli deyil. Ayrı sözlə, pulu, maliyyəni haradan, necə tapacaqlar?
Ümumiyyətlə, Ermənistanın hazırkı ağır iqtisadi durumdan qurtarması üçün təkliflər paketi yoxdur. Yəni Nikol Paşinyan hökumətinin blokada şəraitində, Rusiyadan vassal asılılığında qalmaqla vəsaiti haradan tapacağı olduqca maraqlı məsələdir. İqtisadi möcüzələr dövrü isə çoxdan bitib...
“Yeni Müsavat”ın analitik xidməti