DÜNYANIN GÖZÜ YENİDƏN SOÇİDƏ:Putin, Ərdoğan və Ruhani yenidən bir arada

14-02-2019, 09:43   



Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 12 fevral 2019-cu il

 

Cümə axşamı Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Rusiya Prezidenti Vladimir Putinin və İran Prezidenti Həsən Ruhaninin bir araya gələcəyi, nəticələrini dünyanın maraqla gözlədiyi IV üçlü zirvə görüşü keçiriləcək.

ABŞ-ın bütün milli təhlükəsizlik icmasının bu sammitin nəticələrini gözlədiyini söyləyə bilərik. Vaşinqton bu sammitdən çıxacaq nəticələrə görə Suriya ilə bağlı öz mövqeyinə yenidən baxacaq.

Vaşinqtonun ən çox maraqlandığı məsələ bu zirvə görüşündə Prezident Ərdoğanın necə mövqe tutacağı, Fəratın şərqi və İdlib məsələlərilə bağlı xüsusilə Putinlə necə bir prosesə girəcəyidir.

 

Vaşinqton Ərdoğana baxır

 

Buradakı xəbər mənbələri ABŞ tərəfinin bu məsələlərlə əlaqədar tutduğu mövqeyin də üçlü zirvə görüşündən çıxacaq nəticələrə əsasən yenidən dəyərləndiriləcəyini söyləyirlər.

ABŞ-ın milli təhlükəsizlik icmasından olan mənbələr sammitdən Fərat çayının şərqi ilə bağlı sürpriz yeni hadisə gözləmirlər. Bu məsələ ilə əlaqədar bütün tərəflərin öz mövqelərini olduqca aydın şəkildə ortaya qoyduqlarını və doğrusu, Vaşinqtonla Moskvanın bu bölgə haqqında çoxdan prinsipial anlaşma əldə etdiklərini bildirirlər.

Onlara görə, bu üçlü zirvə görüşündə Rusiya və İranın əsas məqsədi Türkiyənin, özünün də açıqladığı kimi, Suriya ilə olan aşağı səviyyəli təmaslarını daha da gücləndirməyin yollarını axtarmaq olacaq.

 

İdlib məsələsi

 

Vaşinqton, üçlü zirvə görüşündə Rusiya ilə Türkiyə arasında daha çox İdlib məsələsilə bağlı anlaşılmazlıq çıxa biləcəyini və əgər bu baş verərsə, ABŞ-ın bu durumu öz xeyrinə istifadə edə biləcəyini düşünür.

ABŞ qaynaqlarına görə, İdlibdə “Heyət Tahrir əş-Şam” (HTŞ) nəzarət altına alına bilmir və zirvə görüşündə Rusiyanın bu mövzuda Türkiyəyə təzyiq etməsi gözlənilir. Həm Rusiya, həm də İran Türkiyənin bu məsələ ilə bağlı Suriya ilə görüşlər keçirməsinin mümkün olub-olmaması ehtimalını öyrənməyə çalışacaq.

Məhz bu səbəblə, Vaşinqton zirvə görüşündə ən çox Prezident Ərdoğanın necə mövqe tutacağı ilə maraqlanır. Çünki rəsmi Vaşinqtona görə, bəzi proseslərdə yaranmağa başlayan “keçməməzlik”lərin ortadan qaldırılması, sadəcə, Türkiyənin tutacağı mövqedən asılıdır.

Beləliklə, cümə axşamı qlobal miqyasda milli təhlükəsizlik sistemlərinin gözü Soçiyə və Prezident Ərdoğanın deyəcəklərinə dikilmiş olacaq.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.