ABŞ və Rusiya Ermənistanda toqquşur - Vaşinqton İrəvana qarşı bəyanat verdi

15-02-2019, 09:28   


Erməni hökumətinin Suriya rejiminə dəstəyi və Rusiyaya artan reveransları Ağ Evi hövsələdən çıxardı; Dövlət Departamenti Paşinyan hökumətini zülmə və zalıma dəstəkdə suçladı; İrəvandan qorxaq reaksiya gəldi...

ABŞ-ın gizli dəstəyi ilə Ermənistanda inqilabi yolla hakimiyyətə gələn Nikol Paşinyanın Rusiyanın dəstəyi və istəyi ilə Suriyaya hərbçilərdən və tibbi heyətdən ibarət humanitar missiya göndərməsinin Vaşinqtonda qıcıq doğuracağını yazmışdıq. “Yeni Müsavat”ın məlumatına görə, dünən ABŞ-ın Ermənistandakı səfirliyi 1 in.am erməni KİV-nin sorğusuna cavab olaraq, ABŞ Dövlət Departamentinin İrəvanın bu addımı ilə bağlı bəyanatını yayıb. Gözlənildiyi kimi, Ermənistanın addımı yetərincə sərt şəkildə qınanıb.

“Biz digər ölkələrin Suriyadakı humanitar vəziyyətə reaksiya vermək istəyini başa düşürük və Yaxın Şərqdəki dini azlıqların müdafiəsi məsələsi ilə bağlı narahatlığını bölüşürük. Bununla belə, mülki vətəndaşlara yardım edilməsi və yaxud hərbi xarakter daşımasından asılı olmayaraq, Suriya silahlı qüvvələri ilə hansısa əməkdaşlığı dəstəkləmirik.

Eləcə də biz bu missiyada Ermənistanla Rusiya arasındakı heç bir əməkdaşlığı dəstəkləmirik. Rusiya dinc sakinləri öldürən və humanitar faciəyə səbəb olan Bəşər Əsəd rejiminin sponsorudur və Əsəd rejiminin və onun zülmlərinin müdafiəsinə qalxmağı davam etdirir”, - deyə səfirliyin açıqladığı bəyanatda qeyd olunur və faktiki surətdə Paşinyan hökuməti də zülmə dəstəkdə ittiham olunur.

Ä°lgili resim

Anna Naqdalyan 

İrəvanın bəyanata reaksiyası isə ürkək olub. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bəyanatı şərh edərkən deyib: “Biz ABŞ Dövlət Departamentinin Suriyadakı erməni humanitar missiyası ilə bağlı bəyanatını diqqətə aldıq. Suriya böhranı dövründə erməni xalqı həmişə dinc əhalinin və azlıqların, o cümlədən erməni icmasının taleyini narahatlıqla izləyib”, - deyə o, missiyanın göndərilməsinə haqq qazandırmağa çalışıb.

*****

Bir daha qeyd edək ki, okeanın o tayından belə sərt reaksiyanın gələcəyi təəccüblü deyil. Çünki son vaxtlar, xüsusən də Ermənistanda dekabr seçkiləri başa çatandan və Nikol Paşinyan tam legitimlik qazanandan sonra ABŞ hökuməti ümid edirdi ki, Paşinyan Rusiya orbitindən Ermənistanı uzaqlaşdırmağa və Qərbə yönəlik, Dağlıq Qarabağ probleminin həllinə və qonşularla əlaqələrin bərpasına yönəlik real addımlar atacaq. Erməni baş nazir bir-birinin ardınca Kremlə reveranslar etməyə başlayıb.  

Suriyaya humanitar missiyanın göndəriməsi öz yerində. Ardınca Moskva səfəri zamanı silahla bağlı Rusiyadan bəzi vədlər alan müdafiə naziri David Tonoyan İrəvanda bəyan etdi ki, “əgər Suriyadakı hərbi əməliyyatlarda iştirak zərurəti də yaranarsa, o zaman Ermənistan qanuni əsasda buna da gedəcək”. Yəni İrəvan Rusiya tərəfdə və cinayətkar Bəşər Əsəd rejiminə dəstək olaraq, hərbi əməliyyatlara qoşulmağı da mümkün sayır.

paÅinyan ile ilgili görsel sonucu

Daha öncə isə məlum olmuşdu ki, Paşinyan hökumətinin 5 illik proqramında ölkənin xarici siyasəti ilə bağlı əsas prioriteti qismində məhz Rusiya ilə strateji əlaqələrin dərinləşməsi yer alıb. Proqramda həmçinin Ermənistanın bundan sonra da Putinin layihələri olan Avrasiya İqtisadi Birliyi və KTMT-də qalacağı və hətta həmin qurumlarda “fəal və təşəbbüskar olacağı” vurğulanıb. 

Bundan başqa, fevralın 27-də Ermənistan baş naziri Nikol Paşinyanın Birləşmiş Ştatların hədəfində olan İrana rəsmi səfəri nəzərdə tutulub. Şübhə yox ki, bu səfər həm də Qərbdən maliyyə dəstəyi qoparmaq üçün şantaj niyyəti güdür. Ancaq Tehran səfərinin Suriyaya humanitar missiyasının göndərilməsinə verilən neqativ reaksiya kimi əks-nəticə doğuracağı da istisna edilmir. Ola bilsin, Rusiyaya bunca sədaqət vədləri və yaxınlaşma jestləri olmasaydı, Paşinyanın İran səfərinin üstündən sükutla keçilərdi. Ancaq ehtimal var ki, ABŞ artıq qəzəbli olduğu Paşinyana qarşı bundan da bəhanə kimi istifadə eləsin.

Trump PaÅinyan ile ilgili görsel sonucu

Xatırladaq ki, Dövlət Departamentinin son bəyanatına kimi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton özünün Ermənistan səfərin zamanı və daha sonra Davosda olarkən şəxsən telefon açdığı Nikol Paşinyanın özünə ABŞ-ın bölgə ilə, Qarabağ məsələsi ilə bağlı priorotetlərini çatdırıb. Ardınca prezident Donald Trampın Paşinyana məktubunda da eyni hədəflər, o sırada İrəvanın öz əsas qonşuları ilə dil tapmasının zəruriliyi aydın şəkildə ifadə olunub.

*****

Kreml ile ilgili görsel sonucu

Göründüyü kimi, Ermənistanda ABŞ-ın dəstəklədiyi “məxməri inqilab”dan keçən 10 ayda yeni hökumət Rusiyanın mövqeyini zəiflədəcək heç bir addım atmayıb. Ermənistan yenə də Rusiyanın hərbi qalası olaraq qalır. Moskvadan iqtisadi-siyasi və energetik asılılıq da öz yerindədir. Eləcə də erməni xalqının həyat şəraiti ağır olmaqda davam edir və iqtisadi inkişaf arzu olaraq qalır. Həmçinin ölkədən kütləvi köç səngiməyib. Çünki artıq erməni analitiklərin özləri də etiraf etdikləri kimi, Qarabağ məsələsi, blokada problemi həll edilməyincə iqtisadi rifah əlçatmaz olacaq.

Belədə sual ortaya çıxır ki, erməni xalqının durumu yaxşılaşmayacaqdısa, Rusiyadan vassal asılılığı aradan qalxmayacaqdısa, o zaman inqilab eləməyə dəyərdimi? Hərçənd Ermənistanın “qazancı” var. Bu da odur ki, işğalçı ölkədə ABŞ-la Rusiya heç vaxta olmadığı qədər üz-üzə gəlib. Ermənistan uğrunda savaş yeni mərhələyə keçməkdədir...         

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.