İran “Putin ittifaqı”na qoşulur - bu, regiona və Azərbaycana nə vəd edir?

22-02-2019, 09:22   


Ekspertlər deyir ki, bu üzvlük Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər

İranın bu il martın sonuna kimi Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək. Bunu İranın energetika naziri Rza Ərdəkanian deyib. R.Ərdəkanianın sözlərinə görə, hazırda layihə İran parlamentinin gündəmindədir və ilin sonuna kimi təsdiqlənməsi qərara alınıb. Rusiya ilə yanaşı İranın da Avrasiya İttifaqında olacağı indidən müzakirə mövzusudur. Bunun regiona, o cümlədən Azərbaycana təsirləri yönündə müxtəlif fikirlər səslənir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “İranın iqtisadi və sosial vəziyyəti ağırdır. İran islam inqilabından bu yana 40 ildir ki, ABŞ-ın sanksiyaları altındadır. Buna baxmayaraq, İran bu sanksiyalara illər uzunu öyrəşdi və keçmiş illərdə iqtisadiyyatda hətta müəyyən irəliləmələr də əldə etməyə çalışdı. Buna baxmayaraq, sanksiyalar İranı daha irəliyə getməyə imkan vermədi. İranda işsizliyin miqyası və inflyasiya getdikcə artır. Donald Trampın ABŞ prezidenti seçilməsi İran hakimiyyətinin bütün planlarını pozdu. Tramp İranla imzalanan anlaşmadan imtina etdi və İrana qarşı yeni sanksiyalar elan olundu. 80 milyon əhalisi olan İranın xərcləri çoxdur. Bundan başqa, İran təhlükəsizlik məsələlərinə də çox vəsait ayırır. Ona görə də ABŞ-ın sanksiyaları İranda iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Avropa Birliyi də İranla bağlı verdiyi vədləri yerinə yetirmir. Məsələn, Avropa Birliyi İrandakı Avropa şirkətlərini ABŞ sanksiyalarından qoruyacağını vəd etsə də, bu mexanizm işləmir. İrana investisiyalar lazımdır. Tehran bu məqsədlə Rusiyaya müraciət edib. Rusiya və ya Çin yeganə ölkələrdəndilər ki, İrana kredit ayıra bilərlər. Rusiya İrana 5 milyard dollar kredit verəcəyini vəd edib. Bu xəbərin açıqlanmasından sonra İranın Avrasiya İqtisadi Birliyinə üzv olacağı xəbəri yayıldı.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

İran bu yolla özünü və iqtisadiyyatını qorumağa çalışır. İranın bu təşkilata qoşulması Tehranın Moskva ilə yaxınlığını daha da artıracaq. Görünür, Tehran buna hazırdır. Halbuki İranda islam inqilabı baş verdikdən sonra inqilabın ideya daşıyıcısı mərhum Xomeyni ”nə Qərb, nə də Şərq" şüarını irəli sürmüşdü. Ancaq indi İranın durumu elədir ki, Tehran qütblərdən birini seçməlidir və həmin qütb Rusiyadır. İranın Avrasiya İqtisadi Birliyinə üzvlüyü Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. İki əsas qonşumuz eyni birliyin üzvü olacaqlarsa, Moskva daha gur səslə Azərbaycanı Avrasiya İqtisadi Birliyinə səsləyəcək. Üstəgəl, Azərbaycanın reallaşmasında maraqlı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizinin də iki əsas iştirakçı dövləti Rusiya və İrandır. Buna baxmayaraq, indiki halda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane olan iki amil var. Birinci amil odur ki, torpaqlarımız işğal altındadır və bu problem həll olunmayınca Azərbaycanın Ermənistanla eyni iqtisadi məkanda varlığı yolverilməzdir. İkinci amil elə Ermənistanın özüdür. Avrasiya İqtisadi Birliyində üzvlük konsensus əsasında həll olunur. Yəni Azərbaycan təşkilata üzv olmaq istəsə belə Ermənistan veto hüququndan istifadə edəcək. Doğrudur, Rusiya istəsə Ermənistanı “anlada” bilər. Ancaq bütün hallarda İranın, hətta gələcəkdə Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü Azərbaycanın da avtomatik eyni qərar verməsini şərtləndirmir".

Əhəd Məmmədli.jpg (50 KB)

Politoloq Əhəd Məmmədli: “İranın Avrasiya İttifaqına qoşulması həmin quruma yeni sərhədlər, beynəlxalq genişlənmə vəd edir. Bu, Rusiyanın xarici siyasətinin bir uğurudur. Rusiyanın rəhbərliyi altında olan Avrasiya İttifaqına üzv olmaq qərarı İranın nə qədər dalanda olduğunun göstəricisidir. Bu, İranın Rusiyanın böyüklüyünü qəbul etməsidir. Görünür, bunun ciddi siyasi-iqtisadi nədənləri var. İslam inqilabı yanaşmasına ziddir hansısa tərəfin yanında olmaq. İran isə bu qərarı ilə özünə tərəf seçdi. Halbuki İslam inqilabından dərhal sonra Xomeyni İranın özünün dünyada yeni tərəf olduğunu bəyan etmişdi. İran inqilabının 40 illiyi təmtəraqla qeyd ediləndən sonra rəsmi Tehran Avrasiya İttifaqına daxil olmaq bəyanatı ilə çıxış etdi. Görünür, İran rəsmi şəkildə tərəfini bəlirləmək qərarını verdi. Ola bilsin, bu addımla Tehran Moskvanın Suriyadan çıxmaq təzyiqlərini yumşaltmaq istəyir. İranın Avrasiya İttifaqına qoşulması bu qurum üçün müsbət haldır. Sanksiyalar əhatəsində olan İran üçün isə siyasi-ideoloji baxımdan müsbət hal demək olmaz. Siyasi baxımdan böyük İran tarixi rəqibi Rusiyanın böyüklüyünü qəbul etməyə məcbur oldu.

Yalnız bu xeyrin çox olacağını düşünmürəm. Avrasiya İttifaqının ən başlıca dövləti Rusiyanın özü heç də yaxşı dönəmlərini yaşamır. Avrasiya İttifaqının digər ölkələri Belarus, Türkmənistan, Qırğızıstan, Tacikistan və Ermənistan Rusiyadan asılıdırlar. Bu gedişi müəyyən mənada İranın Qərbə cavabı kimi də dəyərləndirmək olar. Bu məsələdə yeganə udan tərəf Rusiyadır. İranın Avrasiya İttifaqında olması regiona, xüsusilə Azərbaycana Rusiyanın təsirinin güclənməsini vəd edir. Rusiya-İran ittifaqının güclənməsi Azərbaycana yaxşı heç nə vəd etmir. Nəzərə alsaq ki, Avrasiya İttifaqında düşmənimiz Ermənistan da var, onda Azərbaycan təcili Türkiyə ilə siyasi-hərbi müttəfiqlik paktı imzalamalıdır. İranın Ermənistan və Rusiyanın yer aldığı Avrasiya İttifaqına üzv olma qərarı Azərbaycan-Türkiyə İttifaqının nə qədər doğru olduğunun göstəricisidir. Düşünürəm ki, Qərb İranın Avrasiya ittifaqına üzv olmaq istəməsinə qarşı ciddi addımlar atacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.