Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İrana ilk rəsmi səfərə gedib. Paşinyanın İran ziyarəti özünəməxsusluğu ilə seçilir. Birinci ona görə ki, cənub qonşumuz hazırda ABŞ-ın hədəfində və sərt sanksiyaları altında olan dövlətdir. İran əlbəttə ki, belə səfərlərlə bölgədə təklənmədiyini göstərməkdə maraqlıdır. Öz növbəsində Paşinyan bununla guya Qərbi, xüsusən də ABŞ-ı şantaj eləmək, Ermənistana diqqət çəkməklə onu bazarlığa çıxarmaq, “məzənnə”sini qaldırmaq istəyir.
İran Ermənistanın İslam dünyasında ən sıx əlaqələrə malik olduğu yeganə iri müsəlman dövlətidir. Ötən il bu yeganə müsəlman ölkəsinin prezidenti Həsən Ruhani rəsmi səfərlə İrəvanda olub. İndi sıra təcavüzkar ölkənin rəhbərinə çatıb. Ümumiyyətlə, iki ölkə arasında rəsmi və qeyri-rəsmi səfərlər çoxdan adiləşib.
Həsən Ruhani Nikol Paşinyanı yüksək səviyyədə qarşılayıb, Ermənistanı dost-qardaş ölkə adlandırıb və həmişəki bu ölkəyə dəstəyi əsirgəmədiklərini söyləyib.
Beləliklə, Həsən Ruhani bir ayın içində Azərbaycanın maraqlarına qarşı ikinci addımını atmış oldu. Birinci addımı İran prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan torpaqlarının İranın olduğunu bildirməsi ilə atmışdı. Ruhani bəyan etmişdi ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.
İran prezidenti tərəfindən Azərbaycanın maraqlarına bu şəkildə zidd addımların atılmasını şərh edən politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, son zamanlar İranda Azərbaycana münasibətdə ikili siyasət özünü daha açıq büruzə verməkdədir. İran islam inqilabından indiyə qədər müstəqil dövlət olan Azərbaycana qarşı İranın prezidentinin dili ilə ərazi iddiası irəli sürülməmişdi. Prezident Ruhaninin bəyanatı faktiki olaraq ərazi iddiasıdır. Ruhani Azərbaycan qanunlarını və beynəlxalq qanunları pozmaqla yanaşı, tarixi də yaxşı bilmədiyini nümayiş etdirib: “Ruhani bilməlidir ki, nə Gülüstan müqaviləsi bağlanarkən, nə də Türkmənçay müqaviləsi bağlandığı 1828-ci ildə İran adlı anlayış yox idi. Sadəcə olaraq, min illər idi ki, həmin ərazidə türk mənşəli insanlar padşahlıq edirdi və hər iki müqavilə bağlanarkən İran deyilən dövlət yox idi. Həmin dövlət Qacar-Türk İmperiyası adlanırdı. Sadəcə olaraq, ingilislərin və rusların təkidi ilə hər iki müqaviləyə ”Persiya" sözü salındı. Halbuki Persiya o zaman Qacar-Türk İmperiyasının bir vilayəti idi. İstila edilmiş torpaqlardan söhbət gedirsə, o zaman istila edilən torpaqlar Azərbaycan torpaqları olub. Həmin dövrdə Gürcüstanın bir hissəsi də Qacar-Türk İmperiyasının idi. O cümlədən indiki Qərbi Azərbaycan-indiki Ermənistan da Qacar-Türk İmperiyasının torpaqları idi. Qacar-Türk İmperiyasının əraziləri Dərbənddən Osmanlı İmperiyası ilə sərhəd olmaqla çox böyük əraziləri əhatə edirdi. Bu ərazilər qətiyyən İranın olmayıb.
Həsən Ruhani fərqində olmalıdır ki, o üzlü-bu üzlü Azərbaycan ərazilərində 50 milyona yaxın Azərbaycan türkü yaşayır. Bu gün İran adlanan dövlətdə isə cəmi 30 milyon fars yaşayır. Yəni belə bir kəskin nisbətin fonunda ağır çəkisi olan bir millətə qarşı hansısa qondarma ərazi iddiaları irəli sürmək ciddi səriştəsizlikdən və antitürk mövqeyin səviyyəsindən xəbər verir.
İndi İranın vəziyyəti ağırdır. İnsanların diqqətini ölkədaxili sosial problemlərdən yayındıraraq əhalinin bir hissəsinə xoş gedə biləcək bəyanatlar verirlər. Əslində isə bu zaman o ərazidə yaşayan 35 milyonluq xalqın milli heysiyyətinə toxunurlar. Başa düşmürlər ki, bütün dövrlərdə İranda baş verən inqilabi hərəkatların başında Azərbaycan türkləri dayanıb. Təkcə 20-ci əsrdə üç dəfə İran ərazisində türklərin başçılığı ilə çox böyük inqilablar olub.
Ruhaninin yol verdiyi səhv İranın özünün siyasi elitası tərəfindən qınanmalıdır. Onun bu hərəkəti Güney Azərbaycanda oyanma prosesini bir qədər sürətləndirəcək".
Qabil Hüseynli
Politoloq vurğuladı ki, İran prezidentinin Azərbaycanı İran əraziləri adlandırması, az sonra isə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda yüksək səviyyədə qarşılayıb bağrına basması, Ermənistanı qardaş adlandırması Azərbaycana olan açıq nifrətin təzahürüdür: “Azərbaycan müstəqillik qazandığı 28 ildir, lakin hələ də görünür, İran hakimiyyəti bu müstəqilliyi həzm edə bilmir. Azərbaycanın ərazilərini işğal edən, bu ərazilərdə dinc müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən, məscidləri yerlə yeksan edən Ermənistana İran prezidentinin bu şəkildə qucaq açması Azərbaycan dövlətinə necə kinli münasibət göstərdiklərinin daha bir sübutudur. İllərdir İran Ermənistan üçün nəfəslik rolunu oynayır. İranın hər cür yardımı ilə işğalçı Ermənistan indiyə qədər tam iflasa uğramaqdan xilas ola bilir. İran Ermənistanı məqsədli şəkildə dəstəkləyir ki, Azərbaycanın qarşısında ayaq üstə dayana bilsin. Ermənistanın aqressivlikdən, işğalçılıqdan əl çəkməməsində də İranın onlara verdiyi dəstəyin rolu az deyil.
Həsən Ruhani də İranın Ermənistana dəstək siyasətini can-başla yerinə yetirir. Azərbaycanın inkişaf etməməsi, müstəqilliyini möhkəmlədə bilməməsi üçün Ermənistan kartından Tehran daim istifadə edib. Lakin Azərbaycan inkişaf edir və müstəqilliyini möhkəmlədib".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”