Hökumətin artan maaş, pensiya və müavinətləri növbəti illərdə də ödəmək gücü olacaqmı?

28-02-2019, 09:27   


Digər artımlarla birgə bu il və gələn il büdcə 600-800 milyon manat əlavə xərc istəyəcək.

Bəzi iqtisadçılar düşünürlər ki, hökumət bu vəsaiti elə büdcənin öz xərclərindən götürəcək, yəni bəzi xərcləri bura yönəldəcək.

Deputat Vahid Əhmədov hesab edir ki, büdcə bu il də, gələn və növbəti illərdə də bu sosial xərclərin öhdəsindən gələcək.


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, sosial müavinət və təqaüdlərin artırılmasına bu il 300 milyon, növbəti ildən 400 milyon manat vəsait tələb olunacaq.

Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Digər müavinətlərə əlavə edilən artımlar da nəzərə alınsa, bu il dövlət büdcəsi təxminən 600 milyon, gələn ildən isə 800 milyon manat vəsait əlavə "xərcə düşəcək".

Bu artımlar hardan, necə ödəniləcək? Azərbaycanın dövlət büdcəsi bu qədər vəsaiti qarşılamağa hazırdırmı? BBC News Azərbaycanca bununla bağlı deputat və iqtisadçılarla danışıb.

"Budcədə manevr etmək imkanı var"

İqtisadçı Rövşən Ağayev deyir ki, artımlarla bağlı sərəncamlar davam etdiyindən dəqiq hesablama aparmaq mümkün deyil: "Tərkib çox genişdir, müxtəlif kateqoriyalar var".

O, bu il dövlət büdcəsinə dəyişiklər edilməsini çox az ehtimal verir. İqtisadçı qanunvericiliyə dəyişikdən sonra büdcə xərclərinin artırılmasına limit qoyulduğunu, yəni 3 faizdən çox artırıla bilməyəcəyini söyləyir. Buna görə də hökumətin büdcənin içərisində dəyişiklik ediləcəyini güman edir:

"Ümumilikdə büdcədə ciddi dəyişiklik ediləcək. Hökumət həmin vəsaitin bir hissəsini investisiya xərclərindən, bir hissəsini isə əsas bölmələrə aid edilməyən və sair xərclər bölməsindən götürə bilər. Burda 1,2 milyard manata yaxın vəsait var. Bu, böyük vəsaitdir. Büdcədə bir neçə xərc maddəsi var, ayrı-ayrı bölmələrdə "və sair" adı altında xərclər nəzərdə tutulur, ancaq onların təyinatı açıqlanmır. Bunları nümunə kimi deyirəm. Mənə elə gəlir ki, hökumətin büdcədə manevr etmək imkanı var. Bu imkandan yararlanacaq".

"Neft Fondundan transfer bir az artacaq"

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bu xərclərin 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmadığını desə də, büdcənin artımları ödəməyə imkan verdiyini qeyd edir. Amma bununla belə, bu artımların ödənilməsi üçün yalnız büdcə vəsaitlərindən istifadə edilməyəcəyini, Dövlət Neft Fondundan da vəsait cəlb edilə biləcəyini də düşünür.

"Çox güman DNF-dən dövlət büdcəsinə transferlər bir az da artırılacaq. Onsuz da hazırda büdcə gəlirlərinin 49,6 faizini Fondun vəsaiti təşkil edir. Məsələn, birdəfəlik uşaqpulu 100 manatdan 200 manata qaldırılıb. İldə təxminən 120 min uşaq doğulur, bu, o deməkdir ki, 12 milyon manat lazımdır".

Qubad İbadoğlu hesab edir ki, bunun üçün büdcədə mənbə tapmaq çətin deyil.

O da düşünür ki, "və s. xərc" maddəsindən, o cümlədən, prezidentin və büdcənin ehtiyat fondlarından istidafə edilə bilər.

neftFotonun müəllifiGETTY IMAGES

"Bu rəqəmlər nəzərə alınıb"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov əmin edir ki, noyabrda dövlət büdcəsi təsdiqlənəndə bu rəqəmlər nəzərə alınıb.

"Nəzərdə tutulmuşdu ki, bu artımlar olacaq, ona görə də büdcədə ciddi problem olmamalıdır. Büdcədə o vaxt problem olardı ki, neftin qiyməti 60 dollardan aşağı olardı. Ancaq neftin qiyməti hazırda 65-66 dollardır. Ona görə hesab edirəm ki, ciddi problem olmamalıdır".

"Hökumət o qədər sadəlövh deyil ki..."

BBC News Azərbaycancaya danışan iqtisadçılar da bu fikirdədirlər ki, hökumət neft gəlirlərinə arxalanaraq maaşları, müavinətləri, təqaüdləri artırır. Onların qənaətincə, bu məsələdə hökumət nə vergidən, nə gömrükdən gələn gəlirlərə, nə də qeyri-neft sektoruna arxalanır. Elə Vahid Əhmədov da "büdcədə problem onda olardı ki, neftin qiyməti 60 dollardan aşağı olsun" deyəndə buna işarə vurur.

Rövşən Ağayevin də fikrincə, "hökumət o qədər sadəlövh deyil ki, yaxın illərdə qeyri-neft sektorunun böyük gəlir gətirəcəyinə, büdcənin sosial yükünü çəkəcəyinə inansın".

"Hökumət yenə də neftə arxayındır və neftin indiki qiymətini baza götürərək düşünür ki, fövqəladə nəsə baş verməsə, məsələn, ABŞ-ın geopolitik oyunları neft bazarını silkələməsə, neftin qiyməti 50-60 dollar arasında qalarsa hərəkət edə bilər. Hökumətin proqnozlaşdıra biləcəyi, özünə arxayın olduğu situasiyadır".


Amma deputat Vahid Əhmədov qeyri-neft sektorunda artıq müəyyən artımlar olduğunu bildirir. Üstəlik də Azərbaycanın yetərincə - 45 milyard dollara yaxın valyuta ehtiyatı olduğunu vurğulayır. Ona görə də növbəti illərdə maaş və müavinətlərin ödənilməsində ciddi problem görmür.

"Azərbaycan dayanıqlı iqtisadiyyatı olduğundan problem olmamalıdır", deputat qeyd edir.

"İnflyasiya yemi"?

Prezidentsə müşavirədə deyib ki, artımlar davam edəcək. Qubad İbadoğlu da razılaşır ki, bu artmlar sosial vəziyyəti düzəltmək üçün yetərli deyil. Ancaq hesab edir ki, Mərkəzi Bank, hökumət anti-inflyasiya və ant-inhisar tədbirləri görməsə, getdikcə artan qiymətlər bu maaş, təqaüd və müavinət artımlarını dəyərsizləşdirərək "inflyasiya yemi"nə çevirəcək.

Ötən ay keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov 2018-ci ilin sonunda inflyasiyanın "təxminən 2.3 faizə" düşdüyünü bildirmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.