Bakı-Sumqayıt magistral yolunun 15-ci kilometrliyində, Abşeron rayonu, Xırdalan şəhərində yol kənarında yüzlərlə çoxillik şam ağacının olduğu yaşıllıq zolağı məhv edilir. Belə ki, xeyli sayda çoxillik şam ağacının dibinə zəhərli kimyəvi maddə tökülüb, xeylisi ümumiyyətlə məhv edilib. Məqsəd həmin ağacların qurudularaq çıxarılması və yerində obyekt tikilməsidir. Ərazidə apardığımız video çəkilişdən də bəlli olur ki, şam ağacları quruyaraq aşıb, bəziləri isə qurumaq üzrədir. Ayrıca bir neçə ağacın kötüyü qalıb, kötükləri gizlətmək üçün üstünü qurumuş ot-alaqla örtüblər. Məlumata görə, həmin ərazidə “Xalq city” MTK çoxmərtəbəli bina inşa edir. Tikinti aparılan ərazinin bir hissəsi hasarlanıb, hasarın o tayında qalmış ağacların budaqları qırılıb. Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, yaşıllıq zolağı məhz bu şirkətin sifarişi ilə məhv edilir. Çünki hazırda tikinti gedən ərazi də bir neçə ay əvvəldən xarabalığa çevrilib, sonra şirkət orada peyda olubmuş.
“Xalq city” Xırdalanda eyni adlı iri yaşayış kompleksini inşa edib. Qeyd edək ki, şirkətlə bağlı internetdə bir mənzilin iki-üç nəfərə satılması kimi dələduzluq əməlləri, yaxud “Xalq sity” yaşayış kompleksində mənzil satışına dair elanlarından əlavə məlumat yer almır. Elanlarda göstərilən telefon nömrələri isə şirkətə məxsus deyil. Onu da bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi faktından xəbərdardır. Nazirliyin mətbuat katibi İradə İbrahimova bununla bağlı bildirib ki, artıq araşdırma aparılıb və faktla bağlı Abşeron Rayon Prokurorluğuna şikayət edilib. Araşdırma zamanı həmin ərazinin “Xalq sity” MTK-ya məxsus olduğu məlum olub.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri, Bakı-Sumqayıt magistral avtomobil yolunun 15-ci kilometrliyinin kənarında köküstə yaş 21 şam ağacının qurudulması faktı aşkar olunub”, -İ.İbrahimova əlavə edib. Faktla bağlı akt tərtib edilib və təbiətə 8240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Mətbuat katibi qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron Rayon Prokurorluğuna göndərilib.
Bütün bunlar öz yerində,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüzlərlə ağacı öz rəsmi aktında 21 şam ağacı kimi göstərməsi özü müəmmalıdır. Maraqlıdır məhv edilən digər ağacların gizlədilməsinə görə hər ağaca nə qədər qeyri-rəsmi qiymət hesablanıb və Nazirliklə “Xalq city” MTK-nın bu anlaşması neçəyə başa gəlib?
AnaXeber.info
[media=//www.youtube.com/watch?v=7Jntt1QL948]