İFLASA UĞRAYAN TRAMP-KİM ÇEN İN GÖRÜŞÜ İLƏ BAĞLI MÜƏMMA- Kim yalan danışır - ABŞ, yoxsa Şimali Koreya?

2-03-2019, 09:29   

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn iki gün (27-28 fevral) davam edən Hanoy sammiti çərçivəsində razılığa gələ bilmədilər. Baxmayaraq ki, Ağ Ev ikilinin bu görüşünün sonunda saziş imzalanacağını bəyan etmişdi. Sazişin imzalanması sammitin proqramında da nəzərdə tutulmuşdu.

Vyetnamın paytaxtı Hanoyda keçirilən zirvə görüşüylə bağlı ən böyük gözlənti Koreya yarımadasının nüvəsizləşdirilməsi – Şimali Koreyanın nüvə silahından imtinası istiqamətində irəliləyişə nail olmaq idi. Liderlər arasında danışıqlar gözlənildiyindən tez başa çatdı. Tramp və Kim proqramda nəzərdə tutulan işgüzar nahara qatılmadılar.

Tramp sazişin imzalanmamasına belə izah verib ki, Şimali Koreya məhdudiyyətlərin tamamən və dərhal aradan qalxmasını istəyir ki, Birləşmiş Ştatlar da buna gedə bilməz. “Bəzən ən yaxşısı sadəcə getməkdir”, – deyə Tramp zirvə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Trampın sözlərinə görə, Kim Çen İn Şimali Koreyaya qarşı bütün iqtisadi sanksiyaların ləğv ediləcəyi təqdirdə Yonbendəki nüvə elmi-tədqiqat mərkəzini qapada biləcəklərini deyib. ABŞ üçün isə bu şərt qəbuledilməzdir.

ABŞ dövlət katibi Mayk Pompeonun dediyinə görə, Vaşinqton Şimali Koreya ilə saziş imzalayacağına ümid edirdi. Lakin qarşı tərəf Birləşmiş Ştatların tələblərini yerinə yetirməyə hazır olmayıb.

Pompeo əlavə edib ki, Şimali Koreya təkcə Yonbendə yox, digər obyektlərdə də nüvə silahının istehsalı ilə məşğul olur. Sammitdəki danışıqlarda isə onların qapadılması ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Jurnalistlərlə söhbətində Tramp bildirib ki, istənilən halda danışıqlar iflasa uğramış sayılmamalıdır. Çünki Kim Çen İn ona qitələrarası ballistik raketləri bir daha havaya buraxmayacaqlarına söz verib. Sonuncu dəfə belə sınaq 2017-ci ildə həyata keçirilmişdi.

Trampın dediyinə görə, liderlər danışıqlar masasını dost əhval-ruhiyyəsində tərk ediblər.

Məsələ ilə bağlı Şimali Koreya tərəfindən fərqli izah gəlib. Ölkənin xarici işlər naziri Ri En Xo bildirib ki, Şimali Koreya Hanoy danışıqlarında sanksiyaların tamamən yox, qismən ləğvini istəyib: “Pxenyan sadəcə vətəndaş iqtisadiyyatına və insanlarımızın rifahına əngəl yaradan sanksiyaların ləğvini istədi”.

Nazirin sözlərinə görə, Şimali Koreya sammitdə real təkliflərlə çıxış edib. Onlardan biri də Yonbendəki nüvə elmi-tədqiqat mərkəzinin amerikalı müşahidəçilərin iştirakı ilə qapadılması olub: “Şimali Koreya ilə Birləşmiş Ştatlar arasındakı hazırkı güvən səviyyəsini nəzərə alaraq bu, nüvəsizləşdirmə istiqamətində ciddi addımdır”.

XİN rəhbəri əlavə edib ki, Pxenyan zirvə görüşündə eyni zamanda nüvə sınaqlarını və uzunmənzilli raketlərin sınağını həmişəlik dayandırmağa hazır olduğunu da bəyan edib: “Bizim əsas mövqeyimiz dəyişməz olaraq qalır və təkliflərimiz heç vaxt dəyişməyəcək. Hətta Birləşmiş Ştatlar gələcəkdə danışıqları davam etdirməyi təklif etsə belə”.

Xarici işlər nazirinin müavini Tsoy Son Xi isə bildirib ki, sanksiyaların qismən ləğvinə razılaşmamaqla Birləşmiş Ştatlar Yonbendəki bütün nüvə obyektlərinin məhv edilməsi şansını əldən verib: “ABŞ tərəfinin bu təklifi qəbul etməməsi nadir imkanı itirməkdir. Çünki belə təklif tarix boyu olmayıb”.

“The Guardian”a müsahibəsində ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Minataro Oba deyib ki, danışıqların iflasa uğraması Çin qarşısında müəyyən imkanlar yaradır: “Çin ya Şimali Koreyaya açıq dəstəyini davam etdirəcək, ya da əksinə təzyiq göstərib onu daha uyumlu hala gətirəcək. Bu, ticarət savaşından çıxış yolu axtaran ABŞ və Çinin ikitərəfli əlaqələri kontekstində çox vacibdir”.

Bu arada, Tramp Kim Çen İni xüsusi xarakterə sahib olan xüsusi adam kimi qiymətləndirib. Və onunla yaxın münasibətlərinin olduğunu deyib.

“Kim Çen İnlə Şimali Koreya həbsxanasından çıxan kimi dünyasını dəyişən amerikalı Otto Uormbirin taleyi haqda müzakirə apardınızmı” sualını isə Tramp belə cavablandırıb: “Kim dedi ki, bu məsələ barədə heç bir məlumatı olmayıb. Və mən onun sözünə inanıram”.

Maraqlıdır ki, Donald Tramp sammitin uğurlu keçdiyini bəyan edir. Beynəlxalq müşahidəçilər və mətbuat isə tam fərqli fikirdədir. Qərbin aparıcı mətbuat orqanları Trampla Kim Çen İn arasında keçirilən zirvə görüşünü ABŞ prezidentinə zərbə kimi qiymətləndiriblər. Onların fikrincə, Tramp bu görüşdən məğlub ayrılıb. “The Washington Post” isə daha sərt mövqe sərgiləyərək məlum sammiti Donald Trampın diplomatik çöküşü adlandırıb.

Hazırladı: G.Hüseynova
Strateq.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.