Azərbaycanın beynəlxalq əhəmiyyətli əsas tranzit avtomagistrallarından biri olan Bakı-Qazax yolu “əsaslı şəkildə yenidən qurulduqdan” cəmi bir neçə il sonra sıradan çıxmağa başlayıb. Həmin yoldan tez-tez istifadə edən sürücülər virtualaz.org-a deyirlər ki, Bakının Qaradağ rayonundan başlayaraq Bakı-Qazax magistralının demək olar Gəncəyə qədər hissəsinin sağ zolağında asfalt örtüyü sıradan çıxmaq üzrədir.
Həmin zolaqda sürücülərin jarqonu ilə desək “qarmoşkalar” meydana gəlib, bəzi hissələrdə, magistralın xüsusən Hacıqabul rayonuna qədər olan hissəsində asfalt örtüyünün sıradan çıxması daha çox müşahidə olunur. Hətta yolun asfalt örtüyündəki qabarmalar və çöküntülər ciddi qəza riski yaradır.
Əlbətdə, yol təsərrüfatına cavabdeh məmurlar üçün belə situasiyalarda həmişə hazır cavab var. Onlar deyəcəklər ki, magistralın asfalt örtüyü ağırtonnajlı yük avtomobillərinin intensiv hərəkəti üzündən sıradan çıxır. Yəni günah heç bir halda yol çəkənlərdə deyil.
Lakin tikintisinə uzun illər əvvəl-2000-ci illərin əvvəllərindən başlayan həmin magistralın ancaq minik avtomobillərinin hərəkəti üçün nəzərdə tutulduğu harada yazılıb? Beynəlxalq əhəmiyyətli, Azərbaycanın üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərindən birini təşkil edən bu yol ağırtonnajlı avtomobillərə davam gətirməyəcəkdisə o zaman 3-cü, 4-cü dərəcəli adi kənd yolu statusu daşımalı idi.
Sürücülər deyirlər ki, belə davam etsə yolun sağ zolağı (hərəkət intensivliyi məhz sağ zolaqda baş verir) uzağı 1 ilə bir çox yerlərdə sıradan çıxacaq. Və yol növbəti təmirə bağlanacaq.
Bakı-Qazax magistralının yenidən qurulmasına, təmirinə ayrılan vəsaitlər 2000-ci illərin əvvəllərindən etibarən yəqin ki, milyard manatı haqlayıb. Ən azından cəmi bir neçə il əvvəl, Ziya Məmmədovun dövründə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə yüz milyonlarla manat xərclənmişdi.
Bu il magistralın Şəmkir-Qazax hissəsinin də 2 hərəkət zolağı əlavə edilməklə genişləndirilməsi işləri başlamalıdır. Lakin göründüyü kimi yolun bu hissəsinin yenidən qurulması başlamadan əvvəli-Gəncəyə qədər olan hissəsi sıradan çıxmaq üzrədir. Başqa sözlə, Bakı-Qazax magistralı sanki bitib-tükənməyən yeyinti, korrupsiya mənbəyidir, korrupsiya pulları hasil edən əbəbi mühərrikdir...
Xatırladaq ki, Ziya Məmmədov erasında çəkilən, hər kilometrinə az qala onlarla milyon manat xərclənən yolların nəzərdə tutulan istismar müddətindən əvvəl, 3-4 ilə sıradan çıxması halları ilk dəfə baş vermir. Məsələn, "beton yollar" kimi tanınan Zığ-Heydər Əliyev Hava Limanı, Bakı-Quba-Rusiya sərhədi magistralları buna sübutdur.
“AzPolitika.info” onu da əlavə edir ki, Ziya Məmmədovun qoyduğu ənənələri əvvəlcə Cavid Qurbanov, indi isə Saleh Məmmədov “uğurla” davam etdirir. Bu yaxınlarda Saleh Məmmədovun xaricdə 10 milyonlarla dollarlıq biznesinin aşkarlanması da “yol korrupsiyası” ilə dövlət büdcəsinin necə talan olunduğunu aydın göstərir. Hüquq-mühafizə orqanları isə hələlik bu talanı seyr etməklə məşğuldurlar…