“Uzun illərdir həm Ankarada, həm də İstanbulda hakim partiya olan AKP-nin namizədləri idi. Türkiyə seçicisi də görünür ki, dəyişiklik, yenilik istədi: seçkilərə getdi, səs verdi və səsinin arxasında dayanıb, qazandı”.Bunu sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədəki son bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən deyib. O, ümumilikdə seçkiləri müsbət qiymətləndirir:
“Son seçki bir həqiqəti ortaya qoydu ki, yaşanan müəyyən problemlərə, demokratiya baxımından Türkiyənin üzləşdiyi müəyyən çətinliklərə rəğmən bu günədək sandığa xəyanət edilməyib. Türkiyədə sandıq vətəndaşın iradəsi əsasında formalaşır. Son seçimlər də bunu ortaya qoydu. Bu, çox müsbət bir göstəricidir. “Demokratiyada çarə tükənməz” deyirlər. Əgər seçki qutularında halallıq varsa, insanlar bütün çətinliklərin həllinin tapırlar. Mən Türkiyə adına sevinirəm, çünki, bu, təkcə Əkrəm İmamoğlunun, CHP-nin deyil, bütün Türkiyənin qələbəsidir, Türkiyənin Atatürk dəyərlərinə sadiq olmasının göstəricisidir. Bu baxımdan türk insanı dünya ictimaiyyətinin də sözün əsl mənasında heyrətləndirməyi bacardı. Yəni, bəziləri Türkiyə ilə bağlı çox bədgüman idilər ki, Türkiyədə demokratiyanın taleyi artıq çox qaranlıqdır, dünyəvi dövlətçilik təhlükə altındadır. Amma türk insanı 31 mart seçimlərində bütün bu narahatlıqlara son qoydu və sübut etdi ki, Türkiyə xalqının iradəsi ən üstün iradədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da “balkon konuşması”nda tərəfdarlarını bu nəticəyə hazırladı. Bildirdi ki, əgər hardasa uduzmuşuqsa, deməli, özümüzü yaxşı təqdim etməmişik. Bütün bunlar sevindiricidir, ona görə də prosesin bu istiqamətdə cərəyan etməsi demokratiya baxımından Türkiyəini böyük uğurudur”.
G.Hacəbəyli seçki prosesinin nəticələrinin Türkiyənin daxili siyasətinə müsbət təsiri olacağını hesab edir:
“Nəticələrin Türkiyə siyasətinə müsbət təsir edəcəyi şəksizdir. Türkiyənin paytaxt Ankara da da daxil olmaqla 3 ən böyük şəhərində CHP namizədləri qalib olub. Düzdür, İzmirlə bağlı vəziyyət aydındır, bu şəhər hər zaman CHP-nin “alınmaz qalası” olub. Amma Ankara ilə İstanbulun AKP-nin deyil, CHP-nin namizədlərinə səs verməsi artıq Türkiyə seçicisinin iradəsidir, seçimidir. Bu seçim çox şeyləri dəyişəcək. İstanbul 16 milyonluq əhalisi olan bir şəhərdir və Türkiyənin böyük bir hissəsidir. Ərdoğanın özünün də məşhur bir sözü var ki, “İstabulu qazanan Türkiyəni qazanır”. Düşünürəm ki, rəqabət olan yerdə inkişaf olacaq və təsirlər müsbət olacaq. Ərdoğanın dediyi kimi, AKP öz işlərini bir daha təhlil edəcək, səhvlərini axtaracaqlar, düzəltməyə çalışacaqlar. CHP də işində daha məsuliyyətli olmalıdır, çünki artıq görəv başındadır. O baxımdan, təbii ki, bu proses Türkiyə siyasətinə təsirsiz ötüşməyəcək və təsirlər artıq göz önündədir”.
Prosesin Azərbaycanla münaibətlərə mümkün təsirilərinə gəlincə, G.Hacıbəyli deyir ki, burada da ciddi təsirlər olacaq:
“Türkiyə ilə Azərbaycan təbii bağlarla bir biri ilə əlaqəsi olan ölkələrdir. Türkiyədəki durum Azərbaycan üçün çox həlledicidir. Yəni Türkiyədə demokratiya nə qədər dərinə işləyərsə, nə qədər çox inkişaf edərsə, bu, Azərbaycan demokratiyasına da dəstək deməkdir. Əksinə, Türkiyədə avtoritarizm ayaq açarsa, bu, Azərbaycanda avtrotiratizmin güclənməsi, ayaq açması deməkdir. Atatürkün məşhur sözü var: “Azərbaycanın sevinci bizim sevnizimiz, kədəri kədərimizdir”. Təxminən ona uyğun demək istəyirəm ki, Türkiyədə demokratiyanın inkişafı elə Azərbaycanda demokratiyanın inkişafına töhfədir, Türkiyədə avtroitarizmin inkişafı isə Azərbaycanda avtroitarizmin inkişafına xidmət edənm məsələdir. O baxımdan, çox sevinirəm ki, Türkiyə demokratiya yolundan sapmır, bu yoda daha da irəli gedir, bu da Azərbaycan demokratiyasına öz töhfəsini verəcək”.
Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı səslərin ümumi nəticəsinə görə, hakim AKP-MHP ittifaqı ümumilikdə öndə olsa da, Türkiyənin paytaxtı da daxil olaqla, Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərdə, xüsusilə dənizətrafı şəhərlərdə CHP-nin namizədləri qələbə qazanıblar.
Bizimyol.info