Türkiyənin Yüksək Seçki Kurumu hakim AKP-nin müraciəti əsasında İstanbulun 7 rayonu üzrə səslərin yenidən sayılmasına qərar verib. Xəbərlərə görə əvvəlcə AKP səslərin yenidən sayılması üçün İstanbul dairə seçki komissiyasına müraciət edib, lakin CHP səslərin yenidən sayılması üçün əsas olmadığını irəli sürərək bu müraciətin təmin edilməməsini istəyib. Nəticədə səslərin sayılması prosesi yarımçıq dayandırılıb. Məsələyə gecə saatlarında YSK müdaxilə edib və bülleten torbalarının artıq açıldığını nəzərə alaraq səslərin yenidən sayılması qərarını verib.
Xatırladaq ki, YSK-nın açıqladığı və hələlik rəsmi olmayan nəticələrə görə İstanbulda seçkiləri CHP-nin namizədi Ekrem İmamoğlu udub. Hakim partiyanın namizədi Binəli Yıldırım ondan 24 minə yaxın səslə geri qalır. Buna baxmayaraq Yıldırım məğlub olduğunu qəbul etmir və AKP səslərin sayılmasında ciddi pozuntuların olduğunu iddia edərək yenidən sayım tələb edir. CHP-də şübhələnirlər ki, hakimiyyət hansısa yolla nəticələri öz xeyrinə dəyişməyə çalışır.
Bu arada ABŞ Dövlət Departamenti Türkiyədə tərəfləri “seçkilərin legitim nəticələrini tanımağa” çağırıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino Türkiyədəki seçkilərlə bağlı bildirib: “Xəbərləri izləyirik. Azad və ədalətli seçkilər demokratiyanın mühüm hissəsidir. Bura legitim nəticələrin qəbul edilməsi də daxildir”.
Dövlət Departamentinin rəsmisinin bəyanatı Ankaranın xoşuna gəlməyib. Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy yazılı bəyanatla çıxış edərək deyib ki, heç bir ölkənin “hüquq və demokratiyadan uzaq şəkildə başqa ölkələrdə seçkilərin nəticələrinə müdaxilə etmək və özünü nəticələrin legitim qaynağı olaraq görmək səlahiyyəti yoxdur”.
Virtualaz.org