Paris-Ankara münasibətləri gərginləşir - Çavuşoğlundan Fransaya sərt sözlər

13-04-2019, 09:19   


Aprelin 24-nün qondarma “erməni soyqırımı” qurbanlarının milli anım günü kimi qeyd olunması qərarına Azərbaycandan kəskin etirazlar

Gözlənildiyi kimi, Fransa prezidenti Emmanuel Makron ölkə ərazisində 24 aprel tarixinin qondarma “erməni soyqırımı”nı anım günü elan olunması barədə fərman imzaladı. Fərman artıq Fransanın rəsmi qanunvericilik portalında dərc olunub.

“Hər il Fransada 24 aprel tarixi ”erməni soyqırımı" qurbanlarının milli anım günü kimi qeyd olunacaq", - deyə fərmanda bildirilir.

Beləliklə, bundan sonra saxta “erməni soyqırımı” ilə bağlı tədbirlər Parisdə rəsmi qaydada keçiriləcək.

Xatırladaq ki, 2001-ci ildə Fransa qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb. O zaman Parisin qərarı Türkiyə tərəfindən çox sərt qarşılandı, əlaqələr xeyli zəiflədi, Fransa mallarını boykotdan tutmuş, diplomatik münasibətlərin səngiməsinə qədər bir sıra olaylar müşahidə olundu. Lakin sonrakı dönəmlərdə münasibətlər öz axarına düşməyə başladı. E.Makron isə öz gəlişi ilə yenidən ermənilər qucaq açdı. Keçən il o, İrəvandakı tədbirə qatılarkən də Ermənistana və ermənilərə sevgisini izhar etmişdi. Düzdür, bundan əvvəlki rəhbərlik də Ermənistanı Fransanın “bacısı” olaraq qiymətləndirmişdi, lakin hər halda, Makronsayağı davranmamışdı.

Beləliklə, özünü demokratik, beynəlxalq hüququn aliliyini qoruyan dövlətlərdən sayan, Avropa Birliyinin aparıcı üzvlərindən olan Fransa növbəti ədalətsizliyə imzasını atdı. Hansı ki, yaxın keçmişimizdə, 27 il bundan qabaq Ermənistan ordusu öz havadarları ilə birlikdə Xocalı soyqırımını törədiblər, Fransa isə hələ ki bu dəhşətli soyqırım barədə qərarını verməyib. Lakin bunun əvəzində Paris 1915-ci ildə baş verməyən hadisələrə görə davamlı addımlar atır. Təbii ki, qardaş ölkənin buna cavabı sərt olacaq.

Makron soyqırımı ile ilgili görsel sonucu

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir. “Fransanın Türkiyəyə dair dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir. Bəyanatda həmçinin bildirilir ki, Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da Makronun qərarına reaksiya verib. Nazir şəxsi tvitter səhifəsində yazıb ki, Fransa prezidenti Makronun “24 aprel” sərəncamı Avropa İnsan Haqları Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarını açıq şəkildə pozur. Makron seçki kampaniyasında ermənilərə verdiyi vədləri yerinə yetirməyə cəhd göstərərək yenə  populizmi körükləyir. Əvvəl öz qaranlıq tarixinə nəzər salsın. Ruanda soyqırımının üzərindən 25 il keçib. Xarici işlər Naziri Çavuşoğlu Türkiyə-Hollandiya (Wittenburg) 7-ci Konfransından sonra Amsterdamda hollandiyalı həmkarı Stef Blok ilə keçirilən birgə mətbuat konfransında isə deyib ki, bu qərarın bizim üçün heç bir etibarlılığı yoxdur. Bu məsələdə biz də lazımi tədbirləri onsuz da alacağıq. Bununla bağlı Ankarada bəzi cəhdləri başladıq.  Bu cür siyasi qərarlar almağın tarixi təhrif etməyin siyasətçilərə yaraşmadığını vurğulayan Çavuşoğlu “Siyasətçilərin bu məsələlərdə qərar qəbul etməsi düzgün deyil. Xüsusilə Fransanın bu məsələdə qərar alması hər baxımdan tragikomikdir. Fransanın öz tarixinə baxması lazımdır” deyə bildirib.

M.Çavuşoğlu NATO tribunasından da Makronun siyasətini darmadağın edib. “Fransa kimi ölkələr bir şeyə öyrənib. Həmişə müdirlik edəcəklər, həmişə başqa ölkələri tənqid edəcəklər, alçaldaçaqlar. Türkiyə və ya başqa ölkə tərəfindən tənqid olunanda isə şok olacaqlar”-Çavuşoğlu bəyan edib. (Axar.az) NATO Parlament Assambleyasının seminarında çıxışı zamanı XİN rəhbəri daha sonra bildirib: “Beynəlxalq hüquqla bağlı Türkiyəyə dərs verməyə çalışırsınız. Burada mənim dediklərimə belə dözə bilmirsiniz. Makronun aldığı qərar Fransa Konstitusiya Məhkəməsinin qərarı ilə təzad təşkil etmir? Avropa İnsan Haqları Məhkəməsinin qərarlarıyla təzad təşkil edir? Hər ikisi ilə də təzadlıdır. Keçmişdə baş vermiş bir hadisəni soyqırım kimi tanımaq siyasətçilərin vəzifəsidir? BMT qərarlarını oxudunuz? Siz siyasilər tarixlə bağlı hadisələr haqqında qərar verməyi özünüz üçün haqq olaraq görürsünüz. Hansı məlumatla bu barədə qəti qərar verirsiniz? Bunun səbəbi populizmdir, sizin prezidentiniz də populizmə məğlub olmuşdur. Soyqırım barədə Türkiyəyə dərs verəcək son ölkə Fransadır. Fransa əvvəlcə öz tarixinə baxsın, dərs verməyə çalışmasın. Əlcəzairdə, Fransada baş verənləri unutmadıq. Siz özünüzü üstün görməyə davam edin, ancaq sizə həddinizi bildirməyə davam edəcəyik”. Qeyd edək ki,  Çavuşoğlu bu fikirləri fransalı parlamentari Sonia Kriminin “qondarma erməni soyqırımı” barədə sualını cavablandırarkən söyləyib.

Bəs, Azərbaycan indiki situasiyada hansı addımları atmaq niyyətindədir? Hələlik rəsmi Bakı məsələyə münasibət bildirməyib. Bəzi müşahidəçilər hesab edir ki, ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olan Fransanın açıq-aydın ermənipərəst mövqe tutması Parisin Qarabağ məsələsində də ədalətsiz davranacağına şübhə yeri qoymur, ötən illərdə bunun dəfələrlə şahidi olmuşuq. Belə olan təqdirdə Fransanın həmsədrliyindən imtina məsələsinin də gündəmə gələ biləcəyi ehtimal olunur.

fazil mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Fransa arasında münasibətlər neçə illərdir ürəkaçan deyil:“Fransanı idarə edənlər öz böyük mədəniyyətlərindən imtina edərək erməni vəhşiliyinin təbliğatçısına çevrildiklərinə görə, bir azdan bu ölkənin "İkinci Ermənistan" adlanmasına qətiyyən təəccüblənməyəcəksiniz. Açıq-aşkar türk düşmənçiliyi kursunu götürüblər və ermənilərin himayəçiliyini də bütün mövqelərdə açıqca ortaya qoyurlar. Təbii ki, Türkiyə də bir dövlət olaraq buna qarşı öz dirənişini, sərt etirazını ortaya qoyur və qoymalıdır. Lakin Türkiyəyə qarşı bu istiqamətdə bir xaçlı yürüşü olduğunu nəzərə alaraq, Malazgird zəfərində olduğu kimi Alparslan taktikasından istifadə etmək lazımdır. Bu günün diplomatiya dili ilə Türkiyənin hər platformada bu ölkələrə cavab verməsi vacibdir".

F.Mustafa hesab edir ki, Azərbaycan Türkiyənin bu mövzuda hər bir addımını dəstəkləməlidir: “Çünki saxta soyqırım ittihamının bir ucu da bizə gəlib çatır. Həmsədr ölkə kimi Fransanın biabırçı mövqeyi onsuz da tərəfimizdən tənqid olunur, ancaq bu soyqırım günü məsələsi ilə özlərini daha da ifşa etdilər”.

İmtina məsələsinə gəldikdə, deputat bildirdi ki, bu, real deyil: “Çünki beynəlxalq güclər həmsədrlərin üçünü də məhz Ermənistanı müdafiə etmək üçün oraya yerləşdiriblər”.

QÉnirÉ PaÅayeva AÅPA ile ilgili görsel sonucu

Deputat, Azərbaycan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva isə bildirib ki, bu çox ciddi məsələdir: “Fransa bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallığına kölgə saldı. Qondarma soyqırım haqda qərar qəbul edib, heç zaman Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli davranması bir tərəfə, heç neytral da ola bilməz”. Q.Paşayeva sosial şəbəkələrdə təcrübəli olan insanlara çağırış edərək etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırmağa çağırıb: “Bu, çox ciddi məsələdir. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, Fransada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir”.

Q.Paşayeva etiraz məktubunu fransız dilində də yayıb.

E.PAŞASOY,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.