Mayın 13-də Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq sazişinin imzalanması planı bəzi dairələri hərəkətə gətirib. Ölkəmizin aparıcı beynəlxalq təşkilatla əməkdaşlığı istiqamətində atacağı mühüm addımı tormozlamaq istəyən çevrələr ən müxtəlif bəhanələrlə prosesin qarşısını almağa çalışırlar.
Aydın məsələdir ki, Azərbaycan hökuməti Aİ ilə əməkdaşlığa önəm verir və prezident İlham Əliyev də öz bəyanatlarında bir neçə dəfə bu barədə mövqeyini ifadə edib. Belə olan təqdirdə İ.Əliyev iqtidarına birbaşa təsir etməyin mümkünsüzlüyünü anlayan dairələrin müxtəlif təxribatlara əl atması da istisna deyil.
Anti-Azərbaycan qüvvələrin bir sıra hərəkətləri barədə məlumatlar bu günədək yayılıb.
Bu günlərdə sabiq baş nazir Pənah Hüseynin “Bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır”- məzmunlu xəbərdarlığı da diqqət çəkdi. Milli təhlükəsizlik eksperti İlham İsmayıl da bu xəbərdarlığa həssaslıqla yanaşaraq “ciddi bir dövr ərəfəsindəyik”- deyib.
Bakıda baş verən müəmmalı yanğın hadisələri barədə bu günlərdə rəsmi səviyyədə verilən açıqlama da müəmmalara yol açdı. “Qaçqınkom”un sədri Rövşən Rzayev məcburi köçkünlərlə görüşündə Nərimanov rayonundakı yataqxananın yandırıldığını açıqladı. Bundan sonra Xətai rayonundakı xəstəxana binasının yandırılması ilə bağlı da şübhələr mövcuddur. “Diqlas” Ticarət Mərkəzindəki yanğının da təsadüf nəticəsində baş vermədiyi iddia olunur. Bəzi iddialara görə, bütün bu lokal yanğınlar ölkədə xaosun təşkilinə, sosial etirazlarının baş qaldırmasına hesablanıb. Bu məqamda hakimiyyətin bu kimi məsələlərdə çevik qərarlar verməsi və əhalinin yanında olması olduqca pozitiv addımdır və təxribatlara qətiyyən imkan vermədi...
***
Aİ mətbuat katibi Adam Kaznovski bu arada təmsil olunduğu təşkilatla Azərbaycan arasında müzakirə olunan saziş barədə “Amerikanın Səsi”nin suallarını cavablandırıb.
“Aİ ilə Azərbaycan arasında bağlanılacaq saziş qonşu Gürcüstan və Ermənistanla olan sazişlərdən necə fərqlənir?” - sualına cavabında Kaznovski deyib: “Hər sazişin öz dinamikası var. Gürcüstanla olan saziş Assosiasiya Sazişidir ki, burada azad ticarət komponenti (Dərin və Hərtərəfli Azad Ticarət Zonası) var. Ermənistanla və Azərbaycanla olan sazişlər isə assosiasiya sazişləri deyil və orada azad ticarət komponenti yoxdur”.
Adam Kaznovski onu da deyib ki, Aİ məhbuslarla bağlı “sövdələşmə” aparmır: “Azərbaycan prezidenti tərəfindən 400 adama, o cümlədən siyasi partiya üzvlərinə, QHT nümayəndələrinə, blogerlərə və jurnalistlərə Novruz bayramı münasibətilə əfv verilməsi xoş qarşılanan addımdır”. Göründüyü kimi, Aİ Azərbaycan hakimiyyətinin atdığı addımları həssaslıqla izləyir və ölkəmizlə əməkdaşlıqda maraqlı görünür. Deməli, bu anlaşmaya xələl gətirmək üçün başqa vasitələrə əl atıla bilər.
İddialar var ki, xüsusilə də şimal qonşumuz Rusiya Azərbaycanın Qərb təsisatları ilə əməkdaşlığını möhkəmləndirməsi istiqamətində tarixi addımını əngəlləmək üçün “sürprizlər” edə bilər...
DİP sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində Rusiyanı daha çox Avropa Birliyi deyil, NATO ilə əməkdaşlıq narahat edir: “Avropa Birliyi ilə tərəfdaşlıq sazişi hamı tərəfindən imzalanıb. Rusiya özü belə bir sazişi əldə etməyə çalışırdı. Azərbaycan da bu qurumla tərəfdaşlıq sazişini imzalayacaq. Amma mən heç vaxt istisna etməmişəm ki, müstəqil Azərbaycan dövləti Rusiyada Sovet İttifaqını bərpa etmək istəyən qüvvələri narahat edir. Çünki Azərbaycanın uğurlu inkişafı Sovet İttifaqı xülyasını tam dağıdır. Ona görə Azərbaycana qarşı Rusiyadan hansısa qüvvələrin təxribatlar törətmək istəyi hər zaman mövcuddur. Xatırlatmaq istərdim ki, ən əsas təxribat məhz Azərbaycan ərazilərinin işğalından ibarət olub. Bundan təhlükəli heç bir şey ola bilməzdi”.
DİP sədri, bununla belə, əlavə etdi ki, artıq Azərbaycan dövləti güclənib, dövlətimizin imkanları artıb: “Ona görə də hər hansı təxribat xülyası ilə yaşayan qüvvələr bilməlidilər ki, onlar layiqli cavab alacaqlar”. A.Mollazadə cəbhədə erməni təxribatlarının olmasını da istisna etmədi: “Ermənilər hər zaman təxribatların əsas iştirakçısı olub. Lakin Ermənistanın istənilən təxribatına layiqincə cavab veriləcək. Azərbaycanın Silahlı Qüvvələri bu gün Ermənistana tutarlı cavab verməyə qadirdir. Ona görə də ermənilər hansısa oyunlara getməyə cürət etməzlər”. Partiya sədri Aİ ilə imzalanacaq sazişə təqdirlə yanaşdı: “Mən əminəm ki, bu saziş Azərbaycan-Avropa Birliyi əməkdaşlığını gücləndirəcək. Azərbaycanın çoxşaxəli əməkdaşlığı, həm iqtisadi sahədə əməkdaşlıqlar Azərbaycan dövlətinin və xalqının mənafeyinə uyğundur”.
Sazişdə ərazi bütövlüyü ilə bağlı müddəanın əks olunmadığı haqda iddialara gəldikdə, A.Mollazadə bildirdi ki, bunun üzərində işləmək lazımdır: “Sazişin üzərinə hələ iş gedir. Ancaq dəfələrlə Avropa Birliyinin rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Həmçinin bir sıra mühüm sənədlər var ki, Avropa Birliyi tərəfindən qeyd-şərtsiz tanınıb. Çalışmaq lazımdır ki, ərazi bütövlüyü məsələsi bütün sazişlərdə öz əksini tapsın”.
Aİ ilə Azərbaycan arasında imzalanacaq sənədin mətnində ölkəmizin ərazi bütövlüyü ilə bağlı müddəanın olmadığı barədə xəbərlərin tirajlanması da səbəbsiz sayıla bilməz. Hesab olunur ki, belə bir məlumatı yaymaqla xarici dairələr Azərbaycanda iqtidara qarşı “Ya Qarabağ, ya ölüm” etirazlarına start vermək, ölkədə qarışıqlıq yaratmaq, bununla da Avropa İttifaqı ilə nəzərdə tutulan imzalanma törəninin təxirə salınmasına nail olmaq istəyirlər. Rəsmi Bakı məsələyə reaksiyasında bəyan edib ki, “Avropa İttifaqı (Aİ) ilə imzalanacaq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb, ola da bilməz”. Bununla belə, müxtəlif çevrələr Qarabağ söhbətini körükləməkdədir.
Bir məqama da diqqət edək: Aİ Ermənistanla imzaladığı sazişdə Dağlıq Qarabağ məsələsi ilə bağlı ATƏT-in Minsk Qrupunun mövqeyini ortaya qoyub - həm ərazi bütövlüyü, həm də xalqların öz müqəddəratını təyinetmə ilə bağlı məsələləri. Yəni bununla dedilər ki, siz Minsk Qrupu ilə işləyirsinizsə, bu qrupun da prinsiplərini sənəddə qeyd edirik. Ola bilsin ki, Azərbaycanla imzalanacaq sazişdə Minsk Qrupunun prinsipləri sadalandığı halda, detallar qeyd olunmur. Amma təbii ki, Azərbaycan üçün önəmlisi sənəddə “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, problemin Minsk Qrupunun yanaşma və prinsipləri əsasında həllinin tərəfdarıyıq” yazılmasıdır.
Ekspertlər qeyd edir ki, hər bir halda Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi Azərbaycana əlavə imkanlar yaradacaq. Bu, həm də Qarabağ məsələsinə təsirsiz olmayacaq. Deməli, bu dəfə də Rusiya seyrçi qala bilməz".
Hər halda, bunlar təhlükəli versiyalardır. O da şübhəsizdir ki, Azərbaycan dövləti prosesləri tam nəzarət altında saxlayır və Silahlı Qüvvələrimiz, təhlükəsizlik və hüquq-mühafizə orqanlarımız ayıq-sayıq vəziyyətdədir, istənilən təxribatların qarşısını almağa qadirdir.
“Yeni Müsavat”