PUTİNİN HƏDƏLƏRİ VƏ RÜSİYANIN İQTİSADİ GÜCÜ – İxrac potensialı 17 milyonluq Hollandiyadan geri qalırsa…

18-04-2019, 11:19   
 


Rusiya prezidenti Vladimir Putin yüksək vəzifəli zabitlər və prokurorlara mükafatlar təqdim olunması və onlara yeni yüksək təyinatlar verilməsi mərasimindəki çıxışında ambisiyalı yeni silahlar barəsində danışıb.
Prezident çıxışı zamanı deyib: “”Avanqard” raket kompeksi qitələrarası hipersəs sistemidir və bu bizim silah gücümüzü ciddi surətdə artıracaq. Qitələrarası ağır “Sarmat” raketləri son sınaq mərhələsini uğurla keçirlər. Bildiyiniz kimi, “Kinjal” hipersəs kompeksi və “Peresvet” lazer sistemi döyüş cərgəsinə qoşulub. Yeni suüstü gəmiləri və atom sualtı qayıqlarının “Çirkon” hipersəs raketləri də daxil olmaqla, müasir silah növləriylə təchiz olunması nəzərdə tutulur. Uçuş məsafəsinin uzunluğuna və sürətinə görə “Çirkon” raketinin dünyada analoqu yoxdur”.
Putin bu silah sistemlərinin bəzilərini və həmçinin də digər ultra müasir layihələri hələ 2018-ci il martında Federal Məclisə müraciəti zamanı təqdim etmişdi. Bunların arasında“Poseydon” pilotsuz sualtı aparatı və “9M730 Burevestnik” qanadlı nüvə raketi də yer alır. Həmin çıxışdan yalnız bir il ötür, lakin Rusiya silahlı qüvvələri müxtəlif hazırlıq mərhələsində olan bu sistemlərin hamısını sınaqdan çıxarıb. Onların içərisində ən böyük marağı “RS-28 Sarmat” (NATO kodlaşmasına görə “Satana-2”) perspektiv raket komleksləri cəlb edir. Federal Məclisə 2019-cu ildəki müraciəti zamanı Putin qeyd edib ki, ”Sarmat” hal-hazırda bir sıra sınaq mərhələsindən keçir.
Sonradan Rusiya müdafiə naziri Sergey Şoyqu reportyorlara deyib ki, “Sarmat” növbəti sınaq mərhələsini başa vurub. Şoyqu həmçinin onu da bildirib ki, Amerikanın qlobal raket qalxanına qarşı cavab tədbiri kimi hazırlanan səsdən 20 dəfə sürətli uça bilən“Avanqard” raketi bu ilin dekabr ayında silahlı qüvvələrin döyüş cərgəsinə qəbul ediləcək.
Bundan bir ay əvvəl ABŞ prezidenti Donald Tramp “Raket əleyhinə sahəyə siyasi baxış” sənədini təqdim edərkən vəd edib ki, ABŞ ərazisinə tərəf istənilən zaman və istənilən yerdən buraxılan raket aşkarlanacaq və məhv ediləcək. Öz məruzəsində Amerika lideri qeyd edib ki, Rusiyadan gələn təhlükə və həmçinin də Çin tərəfindən hazırlanan hipersəs texnologiyası və qanadlı raketlər, kosmosda yerləşdiriləcək yeni effektli yaxalayıcı-raketlərin işlənib hazırlanması üçün ABŞ-a əsaslı səbəb verir.
Orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsinin pozulması çoxsaylı narahatlıq yaradıb. ABŞ 1987-ci ildə imzalanmış bu müqavilənin Rusiya tərəfindən pozulduğunu deyir. Amerikalar bildirirlər ki, Rusiyanın üzərində işlədiyi yeni “Novator9M729” qanadlı raketləri müqavilədə nəzərdə tutulmuş uçuş məsafəsini aşır. Moskva bu ittihamları rədd edərək bildirib ki, Vaşinqton Avropada Raket Əleyhinə Müdafiə kompleksləri yerləşdirməklə həmin müqavilədəki şərtləri pozur.
Bu mübahisələr tərəflərə strateji hücüm silahlarının azaldılması məsələsi ilə əlaqədar olan yeni müqavilənin uzadılmasına dair danışıqlar aparılmasına mane olub. Rusiya bəyan edib ki, ABŞ bu müqavilənin müzakirəsiylə bağlı heç bir maraq göstərmir.
Ancaq dövlət katibi Mayk Pomeo beynəlxalq məsələlər üzrə senat komitəsinə məlumat verib ki, tərəflər arasında bəzi mübahisələr olsa da, lakin müqavilənin tələblərinə böyük ölçüdə riayət olunur. Bu barədə Mayk Pomeo deyib: “Rusiya və ABŞ tələbləri yerinə yetirir. Biz müqavilənin üzadılması ilə bağlı məsələnin müzakirə edilməsinin ən başındayıq. Əgər biz razılığa gəlsək ki, bu müqavilə 2021-ci ilin şərtlərinə və daha sonrakı dövrlərə uyğundur, onda prezident Trampın bu barədə dediyi kimi, silahlanmaya nəzarət üzrə yaxşı etibarlı müqavilə işləyib hazırlaya bilsək, biz bunu etməliyik”.
Həmin müqavilənin müddəti 2021-ci ildə başa çatır. (“Newsweek”-ABŞ)

“AzPolitika”nın şərhi: Rusiyanın iqtisadi potensialının zəif olduğu aşkardır. Rusiyanın nominala görə Ümumi Daxili Məhsulu 1,6 trilyon dollar, ixracat potensialı 350 milyard dollardır. İxrac isə xammal resurslarına söykənir.
Rusiya nominala görə ÜDM-i dünyada 11-ci, ixrac gücünə görə isə 17 ci yerdə gedir. Müqayisə üçün deyək ki, əhalisinin sayı 17 milyon olan Hollandiyanın illik ixrac gücü 625 milyard dollardır. Bu qısa statistik məlumatları verməkdə məqsəd, Rusiyanın dünyadakı iqtisadi gücünü xarakterizə etməkdir. Soruşula bilər ki, axı, söhbət ən müasir silahlardan getdiyi bir vaxtda nə üçün bu məlumatlar önə çıxarılır?
Çünki Kreml silah nümayişinin köməyilə qarşısında dayanan bir çox məsələləri həll etməyə çalışır. İlkin olaraq korrupsiya tüğyanından və ictimai ədalətsizlikdən təngə gələn əhalinin vətənpərvərlik duyğularıyla uyuşdurulmasına çalışılır. Demək istəyirlər ki, baxın nə qədər düşmənimiz var, ancaq bizim zəka məhsulumuz hamıdan elə üstündür ki, hazırladığımız silahların qarşısında onlar tam aciz qalıblar. Son dövrlər Rusiya prezidenti ağlasığmaz ultra müasir raket texnolgiyalarından ağız dolusu danışır və videoçarxlar göstərir. Onun Rusiyadakı tənqidçiləri bu videoçarxları ifşa edən müxtəlif səpkili materiallar yayımlayırlar. Çünki indi internetin əhatə dairəsi elə geniş vüsət alıb ki, rəsmi televiziya kanalları “möcüzəvi” silahların təbliği vasitəsilə beyin yuma mexanizmini əvvəlki kimi saz halda saxlaya bilmirlər. Raketlərlə bağlı müqavilələrin şərtlərini pozmaq məsələsi isə, tamamilə başqa məqsəd daşıyır. Rusiya ABŞ-a qarşı olan ölkələrlə bir səfdə yer almaq istəyir və onların içərisində ən böyük nüvə gücü Rusiya olduğundan həmin qüvvələr içərisində lider rolu oynamaq fikrindədir. Axı, əgər Çin Amerika ilə iqtisadi və texnoloji mücadilə aparırsa, Rusiyanın bu məsələdə irəli soxulması gülünc olar. Odur ki, belə fəndlərə əl atır.
Vaqif NƏSİBOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.