“RAMİZ MEHDİYEV BEL SÜTUNLARINDAN BİRİDİR…” – “Hakimiyyət daxilində susqun müxalifət ola bilər”

24-04-2019, 09:22   
 




“Nə qədər ki, Moskva bu işdə hökm-fərman sahibidir, irəliləyişin əldə edilməsi mümkün olmayacaq”


Siyasi şərhçi, sabiq dövlət müşaviri Qabil Hüseynlinin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:
- Qabil müəllim, Prezident İlham Əliyev ciddi islahatlar niyyətini elan edib, bəzi mühüm addımlar da atılıb. Prosesi necə dəyərləndirirsiniz, islahatlar davam edəcəkmi?
– Prezident ətraflı islahatlar kursu götürüb, xüsusilə struktur, kadr islahatları həyata keçirir. İdarəetmə aparatının təkmilləşdirilməsi, onun daha çevik olması üçün fundamental addımlar atır. Demək olar ki, aparılan islahatlar köklü islahatlardır və ciddi dəyişikliklərə istiqamətlənib. Həm icraedici orqanlar, icra aparatının strukturunu dəyişdirir, orada çalışan kadrlara diqqət edilir, həm məhkəmə islahatlarına başlanmasına dair anonslar verilməkdədir. Belə görünür ki, Prezident İlham Əliyev sovet dövründən qalma idarəetmə sisteminin hamısını dəyişib müasirləşdirmək və Avropa standartlarına uyğunlaşdırmaq niyyəti güdür. Bu islahatlar başa çatdırılsa Azərbaycanı postsovet məkanı kimi adlandırmaq çətin olacaq. Biz, artıq Avropa standartları əsasında formalaşan müasir Avropa dövləti kimi təqdim ediləcəyik. Mən bunu deyərkən məhkəmə islahatlarının keçirilib başa çatmasından sonrakı mərhələni nəzərdə tuturam. Yəni, idarəetmənin mahiyyətinin, stilinin, kadr aparatının dəyişdirilməsi müsbət addımlar olacaq.
- Bu islahatların davamı olaraq vaxtından əvvəl parlament seçkiləri keçirilə bilərmi? Nəzərə alsaq ki, xeyli vaxtdır növbədənkənar parlament seçkiləri ideyası gündəmdədir…
– Bu islahatların nəticəsi kimi parlament islahatları da həyata keçirilməlidir. Birincisi, parlamentin tərkibi peşəkarlardan ibarət olmalıdır. Fikrimcə, parlament seçkiləri gündəmə gələ bilər. Mümkündür ki, yeni Seçki Məcəlləsi hazırlansın və ATƏT-in Venesiya Komissiyası ilə razılaşdırılsın. Deputat yerlərinin sayının artırılması da gündəmə gələ bilər. Məsələn, 125 deyil, 150 deputat yerinin müəyyən olunması. Həmçinin, majoritar və proporsional seçki sisteminin qarışıq tətbiq edilməsi də gündəmə gələ bilər. Eyni zamanda parlamentin səlahiyyəti haqqında da düşünmək olar. Postsovet məkanında bəzi parlamentlər haqqında deyirlər ki, nazirliklərin verdiyi qanunları təsdiq edən notarial kontora bənzəyir. Əslində parlament qanunları işləməli, hazırlamalı, qanunvericilik təşəbbüsündə olmalı, eyni zamanda həmin qanunlar üzərində çalışmaq keyfiyyətinə malik olmalıdır. Bir sözlə, ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və işlənməsi birbaşa parlament və onun deputatlarının üzərinə düşməlidir. Üstəlik, parlamentin səlahiyyətləri də müəyyən qədər artırılmalıdır. Bu səlahiyyətlər içərisində hökumətin təşkili işində parlamentin rolunun artırılması, həmçinin büdcə təsdiqi məsələsində parlamentin rolunun bir qədər də artırılması məsələsi ölkə idarəçiliyinin Avropa standartlarına yaxınlaşdırılmasına töhfə verə bilər.
Amma mən parlament islahatları deyərkən parlamentli üsul-idarəsinə keçidi nəzərdə tutmuram. Yəni prezident idarəetmə sistemində parlament idarəetmə sistemi haqqında danışmıram. Məsələn, Ermənistanda və Gürcüstanda parlamentli respublika üsul-idarəsidir. Türkiyə əksinə, parlament üsul-idarədən prezident üsul-idarəsinə keçid etdi. Bizdə də müharibə vəziyyətidir və ölkəmizdə prezident üsul-idarəsinin qalmasına böyük ehtiyac var. Eyni zamanda güclü parlament və güclü prezident hakimiyyəti tandemi də qarşıda duran əsas məsələlərdən biri ola bilər.

- Bəzən belə iddialar səslənir ki, hakimiyyət daxilində olan maraqlı qüvvələr prezidentin həyata keçirdiyi islahatlar kursuna maneə olur, hətta bəzən sabotaja belə əl atırlar. Siz, belə meylləri müşahidə edirsinizmi?
– Sözsüz ki, “susqun müxalifət” deyilən bir yanaşma mövcuddur. Hər bir hakimiyyətin daxilində “susqun müxalifət” deyilən anlayış var. Onlar bu səpkili prosesləri bəyənmirlər, amma səslərini də çıxarmırlar. Nə təklif irəli sürürlər, nə də etiraz edirlər. Bu mənada susqun müxalifətin olmasını istisna etmirəm. Amma Prezidentin komandası Prezidentin özü tərəfində seçilən komandadır. Ola bilsin ki, səriştə səviyyəsinə, peşəkarlıq keyfiyyətlərinə görə bir-birindən fərqlənən adamlar var. Lakin Prezidentin siyasi xəttinin əleyhinə çıxacaq adam görmürəm. Prezident siyasi iradəsini ortaya qoymağı və bunu ardıcıl sürətdə həyata keçirməyi bacaran şəxsdir. Bu nöqteyi-nəzərdən hakimiyyət daxili çarpışmalar və ya ziddiyyətlər, habelə hakimiyyətdaxili müxalifət anlayışı yox dərəcəsindədir. Qeyd etdiyim susqun müxalifətin olması isə mümkündür.
- Belə bir fikir var ki, Ermənistanda normal parlament seçkilərinin keçirilməsi beynəlxalq aləmdə Azərbaycanın əleyhinə işləyən faktora çevrilir. Sizcə, belə bir diskomfort vəziyyəti varmı?
– Ermənistanda prezident idarəçilik institutundan imtina edərək parlament idarəçilik sisteminə keçdilər. Bu keçiddən sonra orada icra hakimiyyəti sistemi bütövlükdə parlamentin və baş nazirin əlinə keçdi. Prezidentin səlahiyyəti isə simvolik xarakter daşıyır və əsasən dövlətin təmsilçilik hüququnu həyata keçirir. Ola bilsin ki, bu sistem Ermənistanda müəyyən effekt verə bilər. Ancaq müharibə vəziyyətində olan, zəngin etnik tərkibi, qonşuları ilə normal münasibəti olsa da, onlardan təzyiqlər alan Azərbaycan güclü Prezident hakimiyyətini qoruyub saxlamağa məhkumdur. Bunu dəyişdirib parlamentar üsul idarəyə keçmək və ya Prezident səlahiyyətinin parlamentlə baş nazir arasında bölməyə getmək xatalı bir gediş olardı. Bu mənada Ermənistanın buna getməsinin nümunəvi xarakter daşıdığını söyləyə bilmərəm.
- Ötən həftə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı tamam oldu…

– Ramiz Mehdiyev həm Heydər Əliyev hakimiyyətdə olduğu illərdə, həm də İlham Əliyevin dövründə hakimiyyətin bel sütunlarından birini təşkil edib. Kifayət qədər siyasi təcrübəsi, böyük peşəkarlığı, yüksək intellektual səviyyəsi bu şəxsi Prezident komandasında daima fərqləndirib. Bu gün Azərbaycan dövlətçiliyinin qurulmasında, onun uğurlarında Ramiz Mehdiyevin sanballı xidmətləri var. O səbəbdən də hesab edirəm ki, Ramiz Mehdiyev həm sovet dövrünün, həm də postsovet dövrünün ən uğurlu siyasətçilərindən biridir, müstəqil Azərbaycanın yaradılmasında Heydər Əliyev və İlham Əliyev kimi şəxsiyyətlərlə yanaşı durmağa nail olan şəxsdir.
- Ermənistanla Azərbaycan arasında sonu görünməyən danışıqlar davam edir. Tərəflər Vyanada və Moskvada görüşlər keçirdi. İndisə məlum olur ki, Vaşinqton xarici işlər nazirlərinin növbəti görüşünə ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edir. Danışıqların indiki mərhələsini necə dəyərləndirirsiniz?
– Müşahidəm göstərir ki, Qərb, ilk növbədə ABŞ Qarabağ probleminin həllini istəsə də, onun istədiyi həll variantı tamamilə Azərbaycanı qane etməyə də bilər. Amma ABŞ Rusiyadan fərqli olaraq maraqlı və pozitiv mövqe sərgiləməkdədir. Proseslərin getməsi təəssüflər olsun ki, hələ də Rusiyanın əlindədir. Ermənistan Rusiyanın bir quberniyası, Baş nazir Paşinyan Moskvanın əlaltısı kimi problemin həll edilməməsi və irəliləyişlərin əldə edilməsində maraqlıdır. Bu, Moskvanın mövqeyidir və onlar bu məsələdə beynəlxalq hüquq normalarını, BMT-nin konfliktlə bağlı qətnamələrini saya saymamaqda davam edir. Bir-birindən fərqlənməyən əndrabadi təkliflərlə çıxış etməklə problemi dondurulmuş şəkildə saxlayır və status-kvonun dəyişməsinə mane olurlar. Odur ki, Vaşinqtonda görüş keçirilsə, bu görünməz vasitələrlə, yəni Ermənistanın simasında Kremlin nəzarəti altında olacaq. Nə qədər ki, Moskva bu işdə hökm-fərman sahibidir, irəliləyişin əldə edilməsi və sülh səviyyəsinə çatma, konfliktin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi mümkün olmayacaq.
 

Vaqif NƏSİBOV


AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.