Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 27 aprel 2019-cu il
Vaşinqtonda Türkiyə ilə əlaqədar qərarlar verən qurumlarda və rəhbərlikdə sanki bir teatr göstərilir.
Bu teatrın oyunçuları amerikalılardır, lakin ssenarisini yazan və rejissorluq edəni isə İsraildir. Söhbət Türkiyəyə gəlincə, oyunçular onlara verilən ssenaridəki cümlələri əzbərdən oxuyurlar.
Aylardır onlar “S-400 raketlərini alsanız, onlar F-35-lərlə bir arada ola bilməzlər, təyyarələrin müdafiəsi “deşilmiş” olar. Bu da ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir. Ona görə S-400 alındığı təqdirdə, bizdən F-35-ləri almanız mümkün deyil, hətta əlavə olaraq sizə qarşı bəzi sanksiyalar da tətbiq edərik” deyib dururlar.
Teatr gözəldir, ancaq oyunçuları belə sıxmağa başladı. Çünki dediklərinin yalan olduğunu onlar da yaxşı bilirlər.
Yevangelist neokonlar
S-400-lər sadəcə bir bəhanədir, həqiqi səbəblər isə başqadır.
Hazırda İsrail ABŞ rəhbərliyini həmişə olduğundan daha güclü bir formada yönləndirir. Çünki bugünədək buradakı yevangelist neokonlar rəhbərliyə heç bu qədər təsirli formada hakim olmamışdılar.
Türkiyəyə düşməndirlər
Vaşinqtonda Türkiyəyə qatı düşmən olan şəxslərin də aralarında olduğu bu qrup şərtsiz olaraq İsrailə və onun maraqlarına bağlıdır.
ABŞ rəhbərliyi regionda İsrail və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə qurulmasına çalışılacaq yeni nizamın planını Cared Kuşnerə yazdırdı.
Bu plan o qədər ədalətsizlik və haqsızlıqlarla doludur ki, reaksiyalara səbəb olar deyə, açıqlanması davamlı təxirə salınır.
İlk öncə Ramazan ayından əvvəl açıqlanması planlaşdırılırdı, sonra Ramazanın bitməsinin gözlənilməsinə qərar verildi.
Güclənəcək Türkiyədən qorxurlar
İsrail ABŞ-a hazırlatdırdığı plana Türkiyənin qarşı çıxmasından çəkinir. Bunu güclü Türkiyənin etməsini heç istəmir.
İsrail F-35-ləri alacaq Türkiyənin daha da güclənəcəyini bildiyi üçün rəhbərliyə “Nə olursa-olsun, bunları Türkiyəyə verməyin” deyir.
F-35-lərin təslim edilməsi işi S-400-lərlə bağlı olaraq məhz bu üzdən dalana dirəndi.
Ancaq biz S-400-ləri almaqdan vaz keçsək belə, birgə əməkdaşlıq edən İsrail və buradakı yevangelist neokonlar başqa şeylər uydurmaqla bunu əngəlləməyə çalışacaqlar. Məqsədləri odur ki, nə olursa-olsun, F-35-lər verilməsin, Türkiyə daha da güclənməsin.
Türkiyəyə yaradılan iqtisadi çətinliklərin də məhz bu kontekstdə gözdən keçirilməsində və qiymətləndirilməsində fayda vardır.
Tərcümə Strateq.az-ındır