Bir məsum qızcığaz varıydı - Elina... Hamı ondan danışırdı, hamı ona ağlayırdı, göz yaşı tökürdü, onun qatillərinin cəzalandırılmasını, həbsini tələb edirdi, sosial şəbəkələr üsyana qalxmışdı, mətbuat, siyasətçilər təhsil nazirindən konkret cavab istəyirdi.
Sonra qəfildən məzarlıq sükutu yarandı. Kimsə ağzını açmadı, hətta o boyda yazıçı Anar “5 mərtəbəli binanın 6-cı mərtəbəsindən” özünü ataraq Səbayel rayon icra başçısının I müavini Xalidə Bayramovanı müdafiə elədi - dərsliklərə salınacaq tarixdir...
Nazir Ceyhun Bayramov isə suallarsız mətbuat konfransı keçirdi, intihar edən məktəbli Elinanın işi üzrə direktor sadəcə kənarlaşdırıldı, həbs olunmadı, Səbayel rayon icra başçısının I müavini Xalidə Bayramova isə nəinki məsuliyyətə cəlb edilmədi, vəzifəsində belə saxlandı.
Anaxeber.info yazır ki, Elinanın qanı yerdə qalmaqdadır. Bu günlərdə atası da qızım torpaq altında çürüyür, onun intiharında günahı olanlar kef-damaqdadırlar. Bu məsum məktəblinin dramı cəmiyyəti silkələdiyi qədər həm bir nümunə oldu - cəzasızlıq presedenti.
İctimaiyyət, evində məktəblisi olan valideynlər anladılar ki, bu ölkədə nə siyasi azadlıqlar uğrunda mübarizə, hələ övladlarımızı qorumaq üçün savaş verməliyik.
Hər bir valideyn anladı ki, məktəb direktorları gestapo kamplarının sahibləridirlər, uşaqları bu təhlükədən mühafizə eləmək lazımdır.
Çünki cəzasızlıq mühiti hökmrandır və övladının başına gələcək müsibətə görə məsuliyyət daşıyanlar cəzalandırılmayacaqlar.
Necə ki, Elinanın intihara təhrik edilməsi, onun üçün təcili yardımın gec çağırılması, həmin məqamda uşaqdan ifadə alınıb videoya çəkilməsi, xəstəxanada reanimasiyaya X.Bayramovanın buraxılması Səbayel RİH-nin I müavini və məktəbin direktoru Sevil Abbasovanın əli qandallı istintaq təcridxanasına göndərilməsi üçün kor-kor, gör-gör real sübutlar idi.
Bu sübutlar məktəblini incidən həmin şagirdlərin üzə çıxarılmasını, eləcə də həkimlərin məsuliyyətsizliyini araşdırmağı tələb edirdi. Heç biri olmadı.
Cəmiyyət üsyan etdi, bir yavrunun, bir qız uşağının faciəsinə göz yumuldu. Bir ölkədə məktəb direktoru ilə başçı müavininin həbs edilməməsi ictimai rəyə tüpürmək idi.
Amma Xalidə Bayramovanın qahmarçıları, himayədarları meydana çıxdılar. Onlar xanım başçı müavinini sudan quru çıxarmağa çalışdılar.
Xalidə Bayramova əvvəllər Badamdar torpaqlarının ağası və taciri kimi tanınırdı, indi bir məsum qızın ölümündə əsas baiskarlardan biri kimi adı keçir. O, etiraf etdi ki, uşağın səsini də özü yazıb, amma yenə də vəzifəsində qaldı.
Bəs istintaq aydınlaşdıra bildi ki, nəyə görə Elina süni tənəffüs aparatına qoşulub, lakin aparatda oksigen olmayıb? Bütün suallar açıq qalaraq mövzunu bağladılar.
O yazıq uşağa hansı iftiraları atmadılar - lezbi olub, milliyətcə ermənidir, əxlaqsız həyat tərzi keçirib və heç biri sübutunu tapmadı.
Hətta onun sərbəst həyat yaşaması belə əsas vermirdi ki, məktəb direktoru ilə başçı müavini Elinanın taleyini yox, səsini yazıb özlərini düşünsünlər.
Lap tutaq ki, ermənidir, erməniqanlıdır...Bu, kiminsə qansızlığına, Allahsızlığına haqq qazandırırmı?
Bu, insanlarda Allah qorxusu deyilən şey yoxdurmu, övladları yoxdurmu bunların, başlarını yastığa qoyub necə rahat yata bilirlər???
Təhsil Nazirliyi isə özünü təmizə çıxartmaq üçün Xalidə Bayramovanın təqsirini qabartdı. Bu qadın əlbəttə ki məsuliyyətə cəlb edilməlidir. Amma əsas günahkar direktor Sevinc Abbasovadır.
Bir sözlə, Elina bir simvol oldu və onun intiharı Azərbaycanın təhsil sistemini, reallıqlarını, cəzasızlıq mühitini ortaya qoydu.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu ölkədə körpələrin, azyaşlıların dadına çatır, əməliyyata ehtiyacı olanları xaricə göndərir, məktəbə getməyə imkanı olmayanlara geyim, çanta alır, oxudur.
Amma S.Abbasovlar, X.Bayramovalar məktəblini ölümə göndərirlər. Cəmiyyəti susdurmaq mümkün olmayacaq, Elinanın qətli də yaddaşlardan silinməyəcək.
Tarixçi Dilavər Əzimlinin mövqeyi bu mənada ibrətamiz idi: “Əslində, bunlar sübut etmək istəyir ki, bizim üçün Prezident və onun qarantı olduğu qanunlar heçdir.
Xalidə kimilər rüşvətxor, milləti məhv edən qüvvələrə arxayındırlar. Bunların cavabı verilməsə, ölkədə anca vəhşi münasibətlər hakim olacaq”.
Jurnalist Azər Rəşidoğlunun Elina haqda ürəkparçalayan sözləri isə tüklərimizi ürpərdir: “Kitab oxumaq insanı alim edə bilər, lakin adam edə bilməz, bu, fitrətdə olmalıdır.
İbadət etmək insanı şəkildə dindar edər, lakin batində etməz, bu da fitrətdə olmalıdı. Bir ziyalı balasını sevməyə nə var ki...
Adam odur ki, başı sığala həsrət qalan qızcığazı sevsin, onu qorusun. 14 yaşlı qızcığaz dəhşətli ağrılar içində çabalayanda onu videoya çəkib ələ salan, "inşəallah ölər", "qoy evinə sürünə-sürünə getsin" deyən Sevinc Abbasovanı, Xalidə Bayramovanı, "pul ver, pul ver" deyib uşağı öldürən həkimləri həbs edə bilməyən bir ölkədə oğluma "bu vətəni sev" deyə bilmirəm. Dəqiq bilirəm ki, Elina o tərəfdə Allaha hər şeyi deyəcək. Onda vay sizin halınıza. Vay bizim halımıza...”
Doğurdan da, Elinanın ölümünü görən məktəb yoldaşları heç vaxt bu vətən uğrunda canlarını qurban verməyəcəklər.
Onların bu Vətənə və ədalətə olan inamını öldürdünüz. Normal ölkədə təhsil naziri istefa verməliydi, direktor və başçı müavini mühakimə edilməliydi.
Bizdə isə hər şey öz yerindədir: gedin o məktəbin qapısına bir qıfıl vurun, üzərində tənəffüs zəngini asın, çünki son zəngə az qalsa da, Elinanın son zəngi vaxtından tez çalındı...
Anaxeber.info