“Ümumdünya Mətbuat günü münasibətilə sizin peşəyə öz hörmətimi bildirmək istərdim. ABŞ hesab edir ki, Azərbaycan da daxil olmaqla, istənilən ölkəyə azad media lazımdır. Bilirik ki, burada həbsdə olan bir neçə jurnalist var. Ümid edirik ki, onlar azad olunacaq və bütün jurnalistlər sərbəst işləmək imkanları əldə edəcək. Azad medianın zonası genişlənir və bir gün “Azadlıq” radisosu yenə Azərbaycana qayıdacaq”, – ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent cümə axşamı Bakıda öz brifinqinə bu bəyanatla başlayıb.
Səfərin detallarına toxunan Kent bildirib ki, Azərbaycanda üç gün ərzində ölkə prezidenti və XİN rəhbəri daxil olmaqla, rəsmi şəxslərlə görüşüb.
Qeyd edək ki, C.Kent iki günü Azərbaycanın şimalında Xaçmaz rayonunda keçirib, USAİD-in kənd təsərrüfatında layihəsi ilə tanış olub, fermerlərlə görüşüb.
C.Kentin sözlərinə görə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq ABŞ və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi üçün istiqamətlərdən biridir.
Onun fikrincə, bu zonada meşə fındığının istehsalına diqqət yetirilməsinin fermerlər üçün etibarlı gəlir mənbəyi kimi böyük əhəmiyyəti var və Azərbaycan üçün də ixrac baxımından əhəmiyyət kəsb edir.
contact.az