HAKİMİYYƏTDƏ CANAVAR KİMİ AĞIZ-AĞIZA YATIŞAN QRUPLAR VAR

9-05-2019, 09:19   
 


Azərbaycan hakimiyyəti hazırkı durumu ilə həm Qərbə, həm də Rusiyaya sərf edir
Azərbaycan iki fövqəlgücün - böyük Qərbin və dünya üçün son dərəcə təhlükəli sayılan Rusiyanın məngənəsi arasındadır. Əslinə qalsa, Qərbin özü də əvvəlki Qərbə oxşamır. Ancaq mənfi elementləri son illər öz bətninə nə qədər yerləşdirsə də, onun bəşəri dəyərlərə münasibəti Rusiya ilə müqayisədə yenə də üstün sırada durur.
Nə isə, uzun söhbətin mövzusudur. Qayıdaq öz problemimizin üzərinə. Hakimiyyətin bu gün-sabahlıq olduğu barədə söhbətlərə tez-tez rast gəlirəm. Diskussiyalar qızışır, hətta gərgin mübahisələrə qədər gedib çıxır. Burası həqiqətdir ki, aparılan yanlış sosial-iqtisadi siyasət ölkə rəhbərliyinə xalqın etimadını xeyli dərəcədə azaltmışdır. Lakin bu hələ o demək deyil ki, Azərbaycan iqtidarı artıq darvazanın ağzında dayanıb. Yox, elə deyil. Fikirlərimi dörd səbəb üzərində cəmləşdirmək istərdim.
Birincisi, hərdən Qərbin qışqırmasına baxmayın. Azərbaycan hakimiyyəti hazırkı durumu ilə həm Qərbə, həm də Rusiyaya sərf edir. Çünki hər iki cinahın tələbatları imkan daxilində yerinə yetirilir. Bizdə buna balans siyasəti də deyirlər. Bu tapıntının altında nələrin mürgülədiyini xalq olaraq tam görə bilmirik. Çox qəribə, eyni zamanda heyrətləndirici bir mənzərə yaranıb. Ölkədə xalqın etirazları azca yüksələrkən Rusiya dərhal hakimiyyətin yanını kəsdirir, Rusiyanın təsirini azaltmaqdan ötrü isə Qərb xalq faktorunu irəli verərək müdafiə xarakterli bəyanat və qətnamələrlə Azərbaycanı demokratik dəyərlərə əməl etməyə çağırır. Nəticə etibarı ilə fövqəlgüclər üçün əsas strateji maraqların təminatıdır ki, Azərbaycan hakimiyyəti də bunu böyük şövqlə yerinə yetirir.
Hakimiyyəti yerində bərkidən ikinci səbəb zorakı üsullarla yanaşı, xalqın çox böyük qisminin öz baxçasındaca oturub yalnız qarğış eləməsi ilə əlaqədardır. Göründüyü kimi, bu qarğışlar hələ ki, onu edənlərin özünü tutur. Yəni deməyim odur ki, ədalətli cəmiyyətlər qarğış və göz yaşları üzərində qurulsaydı, nə gözəl!!!
 
Bəs üçüncü səbəbin ciddiliyi hansı amilə bağlıdır? Hakimiyyətin içərisində canavar kimi ağız-ağıza yatışan qruplar var. Onların didişməsi hakimiyyətin zirvəsi üçün də gərəklidir. O qrupları birləşdirən ciddi bir faktorun mövcudluğu hökmən nəzərə alınmalıdır. Onlar hesablayanda ki, hakimiyyət dəyişdiyi halda hansı təhlükələrlə üzləşə bilərlər, bu zaman vahid komandaya çevrilirlər və dişləri, dırnaqları ilə rəhbəri müdafiə edəcəklərinə and içirlər. Hakimiyyətin dəyişilməsi üçün ya xalqın güclü etirazı olmalı, ya da hakimiyyət içindən ciddi şəkildə laxlamalıdır. Hələlik bu vəziyyət görünmür.
Nəhayət, iqtidarın xeyrinə işləyən dördüncü başlıca səbəbin xalqın mübarizə tənbəlliyinə uğradılması və ümidlərinin zəifləməsinə bağlı olduğunu qeyd edərdim. Bu gün cəmiyyətin maarifləndirilməsinə həqiqətən böyük ehtiyac duyulur. Xalq səmimiyyəti sevir. O heç bir zaman şaxələnmiş siyasi maraqların ifadəçisinə çevrilməyi yaxına buraxmayacaqdır. Xahiş edərdim, məni xalqın adından danışmaqda günahlandırmayasınız. Sadəcə, dünyanın siyasi təcrübəsinə istinad edərək bunu qeyd etməli oldum.
Eldar SABİROĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.