ABŞ İranı “çəkindirmək” üçün Yaxın Şərq regionuna 120 minlik kontingent göndərməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” qəzeti Pentaqondakı və Ağ ev administrasiyasındakı mənbələrə istinadən bildirir.
Qəzetin yazdığına görə müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ötən həftə Yaxın Şərq regionuna 120 min hərbçinin göndərilməsini nəzərdə tutan planı təqdim edib. Həin plan o zaman reallaşacaq ki, İran silahlı qüvvələri Amerika hərbçilərinə hücum etsin və ya Tehran nüvə silahı əldə etməyə yönəlmiş fəaliyyətini artırsın. Lakin planda söhbət İrana birbaşa quru müdaxiləsindən getmir, Pentaqonda deyirlər ki, bunun üçün daha çox sayda hərbçi lazım gələrdi.
“The New York Times” dəqiqləşdirir ki, təşəbbüsün müəlliflərindən biri ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltondur. Amma prezident Donald Trampın həmin plan barədə nə dərəcədə məlumatlı olduğu göstərilmir.
Bu arada Tramp özü jurnalistlərə bildirib ki, ona İran haqda “hansısa məlumatlar” daxil olub. “Əgər onlar nəsə etsələr bu ciddi səhv olacaq. Onlar nəsə etsələr ciddi ziyan çəkəcəklər”-o deyib.
Xatırladaq ki, ABŞ İrana görə artıq Yaxın Şərq regionuna “Avraam Linkoln” təyyarədaşıyanını, “Arlington” desant gəmisini və strateji nüvə bombardmançılarının operativ qrupunu, habelə minlərlə əsgərini göndərib. Pentaqon bunu İranın Yaxın Şərq regionunda ABŞ-ın və ya müttəfiqlərinin maraqlarına hansısa hücum hazırladığı haqda “Mossad”dan daxil olan kəşfiyyat məlumatları əsasında edib. Bu arada ötən bazar günü Birləşmiş Ərəb Əmirliklərinin Hörmüz boğazının bilavasitə yaxınlığında yerləşən Fuceyra limanında dörd neft tankerinə naməlum qüvvələr tərəfindən diversiya həyata keçirilib. Səudiyyə Ərəbistanına aid iki tanker ciddi ziyan çəkib.
Virtualaz.org