Eldar Sabiroğlu
Ölkədə vəziyyətin mürəkkəb olduğunu görmək üçün iki gözə gərək yox. Sürətlə artan sosial narazılıqlar günün birində elə arzuolunmaz hadisələr yarada bilər ki, bunun altından çıxmaq sadəcə mümkün olmaz.
Bəs hökumət nə fikirləşir, bu haqda hansısa konkret plana sahibdirmi?
Təəssüflər olsun ki, yaxşı nəsə görünmür və hakimiyyət xoşuna yatmayan təklif və təşəbbüsləri düşmən sözü, düşmən mövqeyi kimi qəbul edir. Bu cür yanaşmanın nə qədər zərərli və təhlükəli olduğunu anlamaq üçün dərin ağıl tələb olunmur.
Əslinə baxsan, vəziyyətin nə yerdə olduğunu hökumətimiz hamıdan daha yaxşı bilir. Lakin hikkəsini buraxıb ölkədə konfrantasiyaların, sosial-siyasi narazılıqların aradan qaldırılmasına aid təxirəsalınmaz tədbirləri hələki yaxına buraxmaq fikrində deyil. Bu gərgin proseslərdə hər şeyi hakimiyyətin üzərinə yükləməyi ədalətli hesab etməzdim.
Qarşılıqlı ittihamlara misal kimi Avropa İttifaqı ilə sazişin iki aspekti üzərində ölkə daxilində ciddi dartışmaların getdiyini deyə bilərəm. Burda müxalifətin də payını görürəm.
Əvvəl xəbər yayıldı ki, Aİ Azərbaycanın ərazi bötüvlüyünü tanımadığı üçün saziş layihəsi imzalanmayıb.
Brüssel uğursuzluğu iqtidarın yanaşması baxımından Azərbaycana qarşı ədalətsiz münasibət kimi dəyərləndirildi. Əgər həqiqətən də sənəddə ərazi bütövlüyü göstərilmirsə, bu halda Azərbaycan rəhbərliyinin müqaviləni imzalamaqdan vaz keçməsini təqdir etməmiz gərək. Necə ola bilir ki, Gürcüstanla bağlı ərazi bütövlüyü tanınır, Azərbaycana gəldikdə birmənalı imtina edilir!? Müxalifətin bir hissəsi isə öz növbəsində ərazi bütövlüyünün tanınmamasına iradlarınını bildirməklə yanaşı, sənəddə Azəbaycanda insan hüquq və azadlıqlarına əməl edilməməsinin, siyasi məhbusların mövcudluğunun, vətəndaş cəmiyyətinin inkişafının əngəllənməsinin göstərilməsini başlıca səbəb kimi birinci sıraya çəkir və bunu hakimiyyətin uğursizlugu kimi qeyd edir.
Mən bununla tam razıyam. Lakin sənədin digər bəndi üzərində bəzi müxalifət təmsilçilərinin çox da möhkəm dayanmamasını doğru dəyərləndirmirəm. Bütün hallarda dövlət həyatı üçün hakimiyyətin məsuliyyət daşıdığı diqqətdən kənarda dayanmır. Çünki ölkənin daxili və xarici siyasətinin yerimə vəziyyəti onun müəyyən etdiyi xətlər üzərində qurulur və burada tənqid etməyə bir sıra məqamlar vardır.
Təəssüflər olsun ki, tənqid hər zaman olduğu kimi yaxına buraxılmır. Deyən də düşmən kimi qəbul edilir. Xalqla birbaşa danışmaq, onu narahat edən problemləri onun öz dilindən eşitmək hakimiyyətin bir nömrəli vəzifəsi olmalıdır. Prezident İlham Əliyev proseslərə ozü qoşulmalı, cəmiyyətlə uzaqlaşmış məsafəni qısaltmaq üçün siyasi baxışlarını yeniləməli, köklü islahatların həyata keçirilməsinə qarşı maneəçilik törədən amilləri kəsinliklə aradan qaldırmalıdır. Ona daxildən və xaricdən təsir edən qüvvələr var və nəyə görəsə, bu dairədən həm özünü , həm də ölkəni xilas etmək barədə qətiyyətli siyasi mövqe oryaya qoya bilmir.
Lakin maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycanın ərazi bötüvlüyünü tanımaq istəmədiyi barədə xəbərləri təkzib edib. Aİ-nin bundan əvvəl Azərbaycanla imzaladığı çərçivə sənədində ərazi bötüvlüyümüzün tanındığını göstərərək, bu dəfə də bu məsələnin mübahisə predmeti olmadığını bildirib.
Avropa İttifaqının genişlənmə üzrə komissarı Yohannes Hahn da bildirib edib ki, əslində sazişin imzalanmasının yubanması insan haqlarına dair fəsil ilə əlaqədardır.
Şübhəsiz ki, Aİ ilə Azərbaycan arasında sazişin imzalanmasını istəməyənlər çoxdur. Bu sırada Ermənistan, Rusiyanın müəyyən dairələri, Moskvanın Azərbaycan hakimiyyətinin içərisində olan, elə müxalifət düşərgəsinə də sirayət edən 5-ci kalonu var. Aİ-nin güya Azərbaycanın ərazi bütövlüyünü tanımaması barədə dezinformasiya yuxarıda sadalananların maraqlarına uyğundur. Belə bir durumda rəsmi Bakının danışıqlar prosesini və saziş layihəsini xalqdan mübhəm saxlaması belə dezinformasiyaların yayılması üçün münbit şərait yaradır.
Bu gün hakimiyyətin zirvəsi üçün müxalifətdən daha çox iqtidarın içi daha təhlükəlidir. Prezident bu təhlükələrin hansı kabinetlərdən gəldiyini, hansı oliqarx tərəfindən gizli tələlər qurulduğunu bilməmiş deyil. Görür, ancaq nə üçün təsirli tədbirlər yoxdur, burası maraqlıdır.
Qayıdıram Brüssel səfərinin üzərinə. Və zənnimcə dövlət başçısı bu səfəri ibtal etməli idi. Ola bilsin səhv edirəm. Lakin təvəzökarlıqdan uzaq olsa da, qeyd edim ki, diplomatiya sahəsində təcrübəyə yiyələnməsəm də, ağlım heç də Xarici İşlər Naziri Elmar Məmmədyarovun ağlından az işləmir. Adamın öz dilinə rişxəndlə yanaşması bir yana, rusca danışanda da məntiqli bir şey anlaya bilmirsən. İllərdi bu sahəyə rəhbərlik etsə də, yaddaqalan bir işə imza atdığının şahidi olmamışam. Bəlkə bilənlər var!? O cümlədən də Brüsseldəki uğursuzluğumuz…
Prezident hazır olmayan və razılaşdırılmamış sənədin arxasınca gedib Avropa İttifaqının qapılarını açmamalıydı. Buna görə Məmmədyarovun istefası qalsın bir kənara, heç olmazsa dərsi verildimi? Yerin də qulağı var, əgər… Əvvəlcədən ən yuxarı səlahiyyət sahibləri sazişin imzalanması barədə bəyanatlar səsləndirirdilər. Bəs nə oldu!? Belə çıxır ki, ölkə həyatı üçün ciddi əhəmiyyət daşıyan siyasi məsələlər barədə nəinki xalqın, heç mərkəzi hakimiyyətin önəmli üzvlərinin də dəqiq bilgiləri yoxdur.
Əgər hakimiyyət Aİ ilə saziş məsələsində cəmiyyətdən dəstək umursa, təxribatların qarşısında tək qalmaq istəmirsə, saziş layihəsini və danışıqlar prosesini açıqlamalıdır.
Yazı müəllifin fikirlərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Basta