Proses başa çatdı: Avropanın taleyi bu tarixdə bəlli olacaq

27-05-2019, 10:35   




Avropa Parlamenti seçkilərində səsvermə prosesi başa çatıb. Avropa İttifaqının üzvü olan 21ölkədə aparılan seçkilərə, təxminən, 427 milyon seçici qatılıb.

Seçki məntəqələri 23 mayda İngiltərə və Hollandiya, 24 mayda İrlandiya və Çexiya, 25 mayda Slovakiya, Malta və Litvada açıq olub. Ötən gün isə Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Danimarka, estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, Cənubi Kipr, Latviya, Lüksemburq, Macarıstan, Polşa, Portuqaliya, Sloveniya və Yunanıstanda səsvermə prosesi başa çatıb. İtaliya və Rumıniyada isə sandıqlar bu gün bağlanacaq.

Almaniya

Almaniyada kansler Angela Merkeli dəstəkləyən Xristian Demokratlar Partiyası və Xristian Sosial Birlik Partiyası 28% səs toplayıb. İkinci sırada 20,5-22% arasında səslə Yaşıllar Partiyası qərarlaşıb. Bu partiyanın 2014-cü il seçkilərində səsi 10,7% idi. Radikal sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) səsini 7-dən 10,5%-ə çıxarıb. AfD kampaniyasının ən diqqətçəkən afişası fransız rəssam Yan-Leon Ceromun 1866-cı ildə çəkdiyi “Kölə bazarı” tablosudur.

Fransa

Fransada radikal sağçılar seçkilərdə qələbə qazanıb. Marina Le Penin “Rassemblement national” (Milli Birlik) partiyası 23,2% səslə ilk sırada qərarlaşıb. Prezident Emmanuel Makronun LREM partiyası isə 21,9% səs toplayıb. Yaşıllar Partiyası 12,8% səslə mərkəz sağçı respublikaçıları (8,3%) məğlub edib. Sosialist Partiyası isə 6,7% səs toplayıb.

Macarıstan

Macarıstanda miqrantlara düşmənçiliyi ilə tanınan və avropalı siyasətçilər tərəfindən populist adlandırılan baş nazir Viktor Orbanın Fidesz partiyası seçkilərdə 56% səs toplayıb.

Yunanıstan

Yunanıstanda müxalif Yeni Demokratiya Partiyası önə keçib. Partiya 32-36% arasında səs qazanıb. Baş nazir Aleksis Çiprasın Syriza Partiyası isə 25-29% arasında səs toplayıb.

Avstriya

Anket nəticələrinə görə, Avstriya baş naziri Sebastiyan Kruzun Xalq Partiyası 34,5% səs toplayıb. Müxalifətdəki Sosial Demokratlar Partiyası 23,5%, radikal sağçı Azadlıq Partiyası isə 17,5% səs əldə edib.

Seçkilərin rəsmi nəticələri 31 may tarixində açıqlanacaq.

Avropa İttifaqının rəsmi təqviminə görə, 20-21 iyunda Avropa İttifaqı Şurasının toplantısı, 2 iyulda Avropa Parlamentinin seçilən üzvlərinin ümumi müzakirəsi baş tutacaq.

Qeyd edək ki, üzv ölkələrin milli hüquq qaydalarına görə, seçkilərdə əksərən səsvermə yaşı 18-dir. Bu yaş həddi Avstriya və Maltada 16, Yunanıstanda 17-dir. Avropa Parlamenti seçkilərinə qatılmaq Belçika, Lüksemburq, Bolqarıstan, Yunanıstan və Cənubi Kiprdə məcburidir. Digər ölkələrdə isə sərbəstdir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.