Amerikanın “Rand Corporation” şirkəti Rusiyanı necə destablizə edib zəiflətmək barədə hesabat hazırlayıb.
Virtualaz.org xəbər verir ki, hesabatda Rusiyaya qarşı iqtisadi, geosiyasi və ideoloji metodlarla təsir etməyin yolları göstərilir.
Hesabatı Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski “Zvezda” telekanalına şərh edib. İlnitski deyib ki, “Rand Corporation” şirkətinin hesabatına əsasən ABŞ Ukraynanı silahlandırmağı və Suriya müxalifətinə dəstəyi artırmağı planlaşdırır.
Şirkətin mütəxəssisləri bildirir ki, Rusiyanın Mərkəzi Asiyada təsirlərinin azalması çox çətin ola bilər və ABŞ-a maddi baxımdan baha başa gələr. Lakin Rusiyanın Dnestryanı bölgədən qoşunlarını çıxarması onun prestijinə zərər vurmaqla yanaşı Moskva üçün vəsaitlərə qənaət etmək imkanı yaradacaq. ABŞ və müttəfiqləri üçün isə əlavə xərclər yaradacaq.
İlnitski hesab edir ki, hesabat ABŞ-ın Qara dənizdən Baltikyanı regiona qədər “destablizasiya qövsü” yaratmağı planlaşdırdığını göstərir. Bu, ABŞ-ın strategiyasının elementidir amma həlledici amil deyil.
“Onlar üçün prioritet və debüt sxem Ukraynadır, onlar Qafqaza da nəzər yetirməyə başlayırlar, Belarusu fokuslarında saxlayırlar. Suriyanı isə qarışdırmaqda davam edəcəklər”-İlnitski ABŞ-ın planları haqda danışarkən deyib.
Rusiya müdafiə nazirinin müşaviri hesab edir ki, Vaşinqton Şimali Qafqazı “hərəkətə keçmək üçün nöqtə” kimi görmür. “Amma onlar Azərbaycan və Ermənistan arasındakı münaqişdən istifadə edə bilərlər”-İlnitski deyib.
O qeyd edib ki, hesabatın mətninə əsasən Azərbaycan hökmən Qərbin mövqeyini qəbul edəcək. İlnitski hazırda ABŞ-ın ən böyük səfirliklərindən birinin Ermənistanda yerləşdiyini də qeyd edib.
İlnitskinin sözlərinə görə, “Rand Corporation”-un hesabatı ona yönəlib ki, rusiyalıların sabaha baxışlarını sındırsın, onların ideologiyasını dağıtsın.
Virtualaz.org