Avropa Birliyinə üzv olan 28 ölkədə keçirilən parlament seçkilərindən sonra liderlər yeni parlament tərkibinin AB rəhbərliyinin seçimini müzakirə etmək üçün Brüsseldə toplaşıb.
Avropa Parlamentinin tərkibinin ciddi şəkildə dəyişdiyi seçkilərin ardınca AB-nin ən ciddi vəzifələrinə seçiləcək şəxslərin razılaşdırılması üçün danışıqlar başlayıb.
İttifaqın ən önəmli vəzifəsi hesab olunan Avropa Birliyi Komissiyasının prezidenti postu üçün alman Manfred Weber, holland Frans Timmermans, fransız Michel Barnier və danimarkalı Margrethe Vestager-in adı önə çıxır.
Brüsseldə baş tutan zirvə toplantısına AB-dən çıxmağa hazırlaşan Britaniyanin istefa verən baş naziri Theresa May də gəlib.
Liderlər qarşıdakı 5 il ərzində İttifaqın komissiya rəhbərliyinə, Avropa Parlamenti sədri və Mərkəz Bankı rəhbəri postlarına kimlərin təklif olunacağına qərar verəcək.
Hansı qrup neçə yer qazanıb?
Seçkilərin ən vacib nəticəsi 1979-cu ildə keçirilən ilk seçkilərdən bu yana AP-də tam səs çoxluğuna sahib iki böyük qrupun – mərkəz sağ və mərkəz solun liderliyinin başa çatması olub. Bundan sonra qərar vermək üçün çoxluqda olan bu iki qrup digər fraksiyaların da dəstəyini almalı olacaq. Bu da AP-də yeni uzlaşmaların və ittifaqların yaranmasının qaçınılmaz olduğunu göstərir.
Parlamentin ən böyük fraksiyası Avropa Xalq Partiya (EEP) 751 yerin 180-ni qazanıb. Onun ardınca Sosialist və Sosial Demokrat (S&D) qrupu 146, Liberal və Demokrat Qrup (ALDE) 109, Yaşıllar (Greens) 69, millətçi Avropa Mühafizəkar və Reformist Qrupu (ECR) 59, fransız və italyan radikal sağ partiyaların birləşdiyi anti-miqrant Azadlıq və Millətlər Avropası (ENF) 58, Azad Avropa və Birbaşa Demokratiya (EFDD) 54 və radikal sol partiyaların birləşdiyi Avropa Birləşmiş Sol Qrupu (GUE) 39 yer qazana bilib.
‘Spitzenkandidat’ bitdi
Yeni parlamentin tərkibi AB-nin əsas qurumlarını idarə edən şəxslərinin əvvəlki kimi parlamentin əsas iki böyük qrupunun aralarında uzlaşaraq müəyyənləşdirdiyi ‘Spitzenkandidat’ prinsipini də tarixə qovuşdurdu.
Fransa prezidenti Emmanuel Macron bildirib ki, hər cür vəziyyətdə onlar bu prinsipə qarşıdırlar, “çünki bu demokratik deyil”. Macron bununla da Avropa Birliyini idarə edən şəxslərin müəyyənləşdirilməsi üçün daha geniş razılaşma əldə olunmağına çalışdıqlarının siqnalını verib.
Yunanıstan baş naziri Alexis Çipras və Macarıstan baş naziri Victor Orban da bu prinsiplə adı önə çıxan Manfred Weber-i dəstəkləmədiklərini açıqlayıblar.
Yeni parlamentdə fraksiyaların razılaşmaması durumunda fəiz ehtimal olsa da ‘spitzenkandidat’ prinsipi yenidən işə keçə bilər. Ancaq bu vəziyyətdə Yaşılların və liberalların da üzərində razılaşdığı bir namizədin təklif olunması məcburiyyəti ehtimal olunur.
4 fraksiyalı koalisiya ola bilərmi?
Birliyi idarə edən rəhbərliyin seçilməsi müddətindəki müzakirələrdə EEP, S&D, ALDE və Yaşıllardan ibarət bir mərkəz sağ, mərkəz sol, liberal və Yaşıl “dördlük koalisiya” görmək mümkün ola bilər.
Radikal sağ 3 qrup isə parlamentdə daha 16 yer qazanaraq saylarını 154-ə çatdırıblar. İtaliya baş nazirinin müavini Matteo Salvini ENF fraksiyasının ən güclü şəxsidir. Məclisdə daha əvvəl 5 yeri olan, son seçkilərdə isə bu sayı 28-ə yüksəldən Salvini parlamentdə 29 yer qazanan Merkel qədər güclü olmaq, ENF qrupundakı gücünü artırmaq istəyir. Buna baxmayaraq, 3 qrup birləşsə də radikal sağın parlamentdəki qərarların qəbulunda ciddi rol oynaya bilməyəcəklər.
Fransa-Almaniya qarşıdurası
Belə bir vəziyyət yarandığına görə, Yaşıllar və Liberal qrup qərarların qəbulunda açar rol oynayacaq. Merkelin dəstəklədiyi EEP-nin AB Komissiyası prezidenti namizədi Manferd Weber-in seçilməsi digər qrupların dəstəyi olmadan mümkün görünmür.
Hətta Fransa qəti olaraq Almaniyadan olan namizədin prezident seçilməsini istəmir. Macron-un partiya siyahısından parlamentə ikinci yerdə seçilən keçmiş sosialist, ətrafmühit müdafiəçisi-siyasətçi Pascal Canfin “Weber hipotezi ölüb” deyərək Fransanın bu namizədi dəstəkləməyəcəyini açıq dilə gətirib.
Weber-in namizədliyinə qarşı Fransa Brexit danışıqlarını aparan keçmiş Fransa xarici işlər naziri, təcrübəli diplomat Michel Barnier-in namizədləriyini irəli sürməyə hazırlaşır.
Brüssel kulislərində “ən avropalı fransız” deyə adlandırılan Barnier namizəd olmazsa, Macron-nun liberal fraksiyanın namizədi, 51 yaşlı danimarkalı Margrethe Vestager-i dəstəkləməyi planlaşdırır. Buna qarşılıq isə Avropa Mərkəzi Bankının (BCE) prezidenti postuna bir fransızın gəlməsi üçün danışırlar edir.
Merkelin isə Weber-in Avropa Parlamenti sədri olacağı durumunda komissiya prezidentliyindən geri çəkiləcəyi bildirilir. Almaniya CDU və CSU birləşməsinin simvolu olan bavariyalı Weber-i AP sədri olaraq görmək istəyir. Həmçinin, AP sədri və ya Mərkəzi Bank rəhbərliyi qarşılığında AB Komissiyası prezidentliyinin Weber-ə verilməsi üçün danışıqlar gedir. Əgər danışıqlardan sonra Weber ən vacib postlardan birinə seçilməzsə, bu, Merkel üçün növbəti uğursuzluq hesab olunacaq.
Margrethe Vestager tək qadın namizəd
Seçkilərdə 35 yer itirərək 150-ə düşən Sosial Demokrat qrup isə holland siyasətçi AB Komissiyası prezidentinin müavini Frans Timmermans-ı namizəd göstərəcək. Ancaq xeyli yer itirən sosialist fraksiyanı şansı zəif qiymətləndirilir, buna baxmayaraq güclər balansının dəyişəcəyi halda sürpriz namizəd kimi ortaya çıxa bilər. Bu halda yenə Yaşılların və liberal fraksiyanın seçimi açar rol oynayacaq.
Eyni zamanda liberalların da Avropa İttifaqının rəqabət üzrə komissarı, tək qadın namizəd Margrethe Vestager üçün danışırlar apardığı bildirilir.
Merkel Avrupa Şurası prezidenti?
AB Komissiyası prezidenti ittifaqın ən vacib postudur. Amma bununla bərabər 4 yüksək vəzifə üçün də seçki keçiriləcək: italiyal; Antonio Tajani-nin yerinə AP sədri, italiyalı Mario Draghi-nin yerinə Avropa Mərkəzi Bankının sədri, polşalı Donald Tusk-ın yerinə AB Şurası sədri və italiyalı Federica Mogherini-nin yerinə AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi seçiləcək.
AP kulislərində Almaniya kansleri Angela Merkel-in adının AB Şurası prezidentliyi üçün keçdiyi deyilir. Amma Hollandiya baş naziri Mark Rutte-nin də bu vəzifə üçün danışıqlar apardığı bildirilir.
Seçki 20-21 iyunda
Lissabon razılaşmasına görə, Komissiya prezidentinin adı liderlərin formalaşdırdığı Avropa Birliyi Şurası tərəfindən müəyyənləşdirilir və təklif edilir. Ancaq qərarı Avropa Parlamenti qəbul edir.
Namizədlər şuranın 20-21 iyun zirvəsində müəyyənləşəcək və parlamentə təklif ediləcək. İyulun 1-dən etibarən isə rəsmi fəaliyyətə başlayacaq və ilk toplantısını keçirəcək Avropa Parlamenti seçim edəcək.
Mövcud prezident Jean Claude Juncker oktyabr 31-də müddətini başa vuracaq və Avropa Birliyinin yeni rəhbərliyi həmin gündən vəzifələrinin icrasına başlayacaqlar.