“İqtidar seçki keçirmək üçün əlverişli məqam gözləyir”

31-05-2019, 12:13   
 

Seçici siyahıları dəqiqləşdi, hökumət nəyə hazırlaşır?

  

Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesinə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. M.Pənahovun sözlərinə görə, bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub.
MSK sədrinin seçici siyahısını açıqlaması bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ola bilər. Lakin bəzi təhlilçilər erkən parlament seçkiləri olacağını proqnozlaşdırırlar.
Seçici siyahısının dəqiqləşməsi də onu deməyə əsas verir ki, MSK tərəfindən seçki keçirmək üçün texniki hazırlıq baxımdan heç bir problem yoxdur.
Bəzi analitiklərin fikrincə, yeni parlament gənc, Qərb təhsilli kadrlardan daha çox təşəkkül tapacaq. Bu və digər suallarımızı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırıb. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Sərdar bəy, bələdiyyə seçkiləri bu gün siyasi partiyalar və xalq üçün nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycanda bələdiyyələrin fəaliyyəti klassik bələdiyyə işindən uzaqdır. Xalq nə bələdiyyələrdən bəhrələnir, nə onlar bir xeyir verə bilir. O mənada Azərbaycanda bələdiyyə seçkilərinə maraq azalıb. İkincisi, bələdiyyə seçkiləri saxtalaşdırılır və insanlarda seçkiyə maraq qalmır. Bu gün insanları Qarabağ, ölkənin müstəqilliyi, suverenliyindən daha çox  deputatlıq düşündürür.
- Belə məlumatlar dolaşır ki, oktyabrda erkən parlament seçkisi ola bilər. Sizdə belə xəbərlər varmı?
- Məndə olan müəyyən informasiyalara görə, referendum keçirilə, növbədənkənar parlament seçkiləri təyin edilə bilər. Lakin bu, şayiələr şəklində gəzir və biz dəqiq deyə bilmərik ki, MSK seçici siyahısını dəqiqləşdirməklə nəyə hazırlaşır. Sadəcə, məndə olan xəbərə görə, referendum və seçki gündəmdədir. Lakin xarici faktorları nəzərə almalıyıq, beynəlxalq səbəblər seçki keçirməyə imkan vermir.
-  Nədən ibarətdir həmin xarici səbəblər?
- Söhbət Qarabağla bağlı situasiyadan, Avropanın, Rusiyanın münasibətindən gedir. İqtidar bir addım atarkən xarici güclərin aktivliyini nəzərə alır. Bəs niyə görə konstitusiyada müharibə şəraitində seçkilərin dayandırılması maddəsi var? Düzdür, indi seçkilər dayandırılmayıb, amma seçkilərin keçirilməsi vaxtının müəyyən edilməsi həm də xarici təsirlərdən asılıdır. Elə hesab edirəm ki, iqtidar seçki keçirmək üçün əlverişli məqam gözləyir. Bu, Qarabağda müharibənin aktivliyi, Rusiyanın hansısa məkrli planı və ya Avropanın Azərbaycan qarşısında qoyduğu şərtlərin yerinə yetirilməsindən, yəni situasiyadan asılıdır.
- Ümumiyyətlə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə hansı zərurət var?
- Əgər demokratik parlament seçkiləri keçiriləcəksə, zəruridir. Bu zaman iqtidardaxili müxalifət olacaq, küçə müxalifətinə son qoyulacaq, siyasət Milli Məclisə transformasiya olunacaq. Xalq öz taleyinin Milli Məclisdə həllinə şahidlik edəcək. İndiki Milli Məclisdə müxalifət yoxdur, camaat öz problemlərinin orada müzakirə olunduğunu görmür və bu halda laqeyd qalırlar.
Bir yerdə durğunluq varsa, o cəmiyyət ölür. Eyni adamın icra hakimiyyətində, parlamentdə qalması yeni təşəbbüslərin meydana çıxmamasına səbəb olur.
- Sərdar bəy, belə proqnozlar səslənir ki, növbəti parlamentdə Qərb təhsilli gənclərə üstünlük verilə bilər. Sizcə, Qərbdə oxumuş kadrların siyasətə gəlməsi islahatların sürətlənməsinə təkan verə bilərmi?
- Şimali Koreya lideri, Qəddafi, Bəşər Əsəd xaricdə oxuyublar. Liderin kimliyi onun əcnəbi dil bilməsi, harada təhsil alması ilə bağlı deyil. Yaş kriteriyası, xarici dil bilmək kabinet formalaşdırmır. Çünki Amerikada oxuyan insan oranın həyatı ilə düşünür, Azərbaycandakı adət-ənənələr onda gülüş yaradır. Liderin kimliyi onun xalqa, dövlətə bağlı olmasıdır. Bizdə bir konyuktura siyasəti var, öz yaxınlarını vəzifələrə gətirirlər, uşaqlarını xaricdə oxudurlar. Bu, həm iqtidar, həm müxalifətdə var.
Məsələn, xaricdən qayıdıb müxalifətə qoşulan gənclərimiz də olub, onların necə müxalifət olması görünür. Bizə milli təhsil alan, ana dilini mükəmməl bilən kadrlar lazımdır. İngiliscə bilən adam ingilis təmsilçisi deyil ki? Baxın, bizdə nə üçün rusca danışanlar müstəqilliyə nifrət edirlər? Çünki aldıqları təhsil o başı yetişdirir. Sən hansı millətin təhsilini almısansa, onun vətəndaşısan. Hesab edirəm ki, düzgün kadr siyasəti Azərbaycanda təhsili alanlarla aparıla bilər. Kosmopolitlərin vəzifələrə gətirilməsi ölkəni məhv edə bilər. Biz hələ də milli kimliyimizə qayıda bilməmişik. Ona görə cəfəng söhbətlərdir ki, ay xaricdə oxuyan cavanlar vəzifələrə, parlamentə gəlsinlər.
- Amma Saakaşvili də xaricdə təhsil almışdı...
-   Siz indi onu mənə nümunə göstərmək istəyirsiniz, amma Saakaşvili Gürcüstan yox, Ukrayna vətəndaşıdır. O, Amerika tərəfindən hazırlanıb, arvadı hollanddır, o ölkənin vətəndaşıdır. Sən Saakaşvilini gürcü kimi təqdim etməməlisən. Saakaşvili gürcüdən çox avropalıdır.
Məsələn, Yekaterina almanların hazırladığı plan idi və Pyotr onu aldı. O vaxta qədər  türk qadınlar dominant idilər. Yekaterina gəldi, Rusiya Avropa tərəfindən idarə olundu. Dünyada belə siyasi nümunələr çoxdur. Bizim kişilər başqa millətin qadını ilə ailə quranda həmin millətdən olurlar.
- Axı Qərbdə oxuyan gənclər rüşvətsiz, demokratik dəyərlərə qiymət verilən mühitdə yetişib gəlirlər və Azərbaycan üçün hansısa işlər görə bilərlər...
 - Mən bu fikirlə qəti razı deyiləm. Çünki rüşvət onun qanındadır. Onun dədəsi rüşvət yığıb oğlunu xaricdə oxudubsa, həmin övlad qayıdan da rüşvətxor ola bilər.
O, sevgi, məhəbbət nümayiş etdirə bilməz. Həmin gənc valideyninə deyəcək ki, ayda 200 manat maaş alırsan, 10 milyonluq mülkün haradandır?
Atasının aldığı rüşvətə etiraz etməyən gənc Avropadan bura gəlib nə edəcək? Əgər siz deyən kimi xaricdə oxuyub qayıdan tələbələr Qərb dəyərlərinin tətbiqini istəsələr, onda valideynləri ilə əlaqəni qırmalıdırlar. Bu zaman dədələri onları vəzifələrə, parlamentə  qoymayacaq.
Onlar da gəlib ataları kimi rüşvəti davam etdirməlidirlər. Yox, siz deyən kimidirsə, onda Qərb təhsilli həmin tələbə prokuror oldusa, ilk növbədə cinayət işini atasına qarşı qaldırmalıdır. Sizcə, bunu edəcəkmi?
Emil SALAMOĞLU
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.