“Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməli və problemi özü, lazım gəlsə hərbi yolla həll etməlidir”. Bu fikirləri Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov “Hürriyyət” qəzətinə müsahibəsində bildirib. Qonşularla ləyaqətli tərəfdaşlığın açarını Qarabağ probleminin həllində gördüyünü açıqlayan İlyas İsmayılov Azərbaycan hakimiyyətnin bu istiqamətdə hansı addımları atmalı olduğuna dair də fikirlərini də bildirib.
O qeyd edib ki, öz milli-mənəvi dəyərlərinə qiymət verə bilməyən istənilən adamın haqqını tapdalayarlar: “İnsan öz toxunulmazlığını əzmi ilə göstərməli və hər kəsə bunun nümunəsini göstərməlidir. Dövlətlər də insanlar kimidir. Ərazi bütövlüyünə, suverenliyinə, bayrağına və s. dövlət artributlarına ilk növbədə özün hörmətlə yanaşmalısan. Sənin bu həssasiyyətini görən qonşular da sənə hörmət göstərərlər. Şeyx Şamilin məşhur bir fikri var. Ondan “bir xalqın liderinə necə çevrildin” soruşulanda cavab verir: “İlk əvvəl mənə evimdəkilər hörmət etdilər. Ailəmin bu sayğısını görüb, qonşularımız, kəndimiz mənə hörmət göstərməyə başladı. Kəndimizin münasibəti rayonumuzun hörmətini gətirdi. Rayonumuzun hörməti diyarımızın, ölkəmin hörmətilə nəticələndi”.
Şeyx Şamilin bu ibrətamiz fikirlərini Azərbaycana tətbiq etsək, xalqımıza, dövlətimizə, insanımıza, tarximizə və bu milləti millət edən bütün dəyərlərimizə ilk növbədə özümüz sayqı duymalıyıq. Bizim insanlarımıza göstərdiyimiz bu hörmət istər-istəməz xarici siyasətdə öz inikasını tapacaq.
Biz isə özümüzə hörmət etmirik. İnsanlarımızın Gürcüstan, Rusiya sərhəddindəki gömrüklərdə başına gətirdiyimiz müsibətləri qonşularımız da görür. Nəticədə bizə onlar da hörmət qoymurlar. Sadə insanlarımız kimi, ölkə rəhbərlərimiz də bu hörmətsiz münasibətdən öz nəsibini alırlar. Yadınızdadırsa, bir zamanlar bizim rəsmilərimizi Cibutinin artıq devrilmiş diktatoru ilə yanaşı qəbul edir, bir yerdə oturdurdular. İndi Cibuti də öz diktatorunu yola saldı. Allah bilir, bundan sonra bizi kiminlə eyni sırada əyləşdirəcəklər
.Qarabağ probleminin həllinə gəlincə, mən bu barədə fikirlərimi dəfələrlə dilə gətirmişəm. Yenə də deyirəm:
Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməli və problemi özü, lazım gəlsə hərbi yolla həll etməlidir. Çünki Minsk qrupunun çıxaracağı qərarlar imperativ xarakter daşımır. Onlar yalnız tövsiyə verə bilərlər və bu tövsiyələrin həyata keçib-keçməməsi münaqişə tərəflərindən asılıdır. Ermənilərin həmin tövsiyələrə əməl etməyəcəyi isə ilk gündən bəllidir.
Üstəlik, son zamanlar erməni siyasi və dini xadimləri tamamilə azğınlaşıblar.
Paşinyan açıq-aşkar Azərbaycanı təhdid edir, erməni kilsəsinin rəhbəri isə Qarabağı Ermənistana bağlamaqdan danışır. Bu, açıq-aşkar Azərbaycana qarşı müharibə elan etməkdir. Rəsmi Bakı isə bu erməni həyasızlığı qarşısında susur. Halbuki, dünənə qədər Azərbaycan ordusunun bir neçə gün ərzində Yerevanı tutacaq qədər güclü olduğunu söyləyən də bunlar idi. Onda niyə susurlar?
Hakimiyyət ya bütün hərbi qüvvələrini səfərbər edib Qarabağı, ən azı 7 rayonu azad etməli, ya da istefaya getməldir”.