Daniel Şapiro
Haaretz (İsrail), 06.06.2019
İsrailin ötən həftə yaşadığı siyasi sarsıntı təmkinli, amma olduqca önəmli bildirişi kölgədə qoyub: İsrailin milli təhlükəsizlik üzrə müşaviri Meir Ben-Şabbat iyunun sonunda amerikalı və rusiyalı həmkarları Con Bolton və Nikolay Patruşevlə birgə görüş keçirəcək.
Bu görüş görünməmiş formatda baş tutacaq. Amma hər üç ölkənin qarşısında duran bölgəsəl çağırışların da səviyyəsi belədir. Həll aramaq üçün dövlətlərin birgə işləməyi son dərəcə önəmlidir.
Bəziləri bunu prezident Donald Tramp tərəfindən baş nazir Benyamin Netanyahuya yardım kimi dəyərləndirə bilərlər – Amerika lideri onun öz postunda qalmaq cəhdlərində mövqeyini elə hey möhkəmləndirir. Amma siyasi fondan asılı olmayaraq görüş mühüm strateji imkan təqdim edir və təşəbbüsçülər danışıqların təşkilinə görə tərifə layiqdirlər. Gündəlikdə baş məsələ Suriya, xüsusən də İsrailin yüzlərlə olmasa da, onlarla hava hücumuna səbəb olan İranın hərbi iştirakı olacaq.
Rusiya İsrailin İran raketlərinə və pilotsuz qurğularına qarşı – bəziləri yəhudi dövlətinə həmlə üçün işlədilib – yüksək dəqiqlikli və peşəkar kampaniyasına həvəssiz razılaşıb. Amma Netanyahu Rusiya prezidenti Vladimir Putin qarşısında öz mövqeyini ifadə etmək üçün dəfələrlə Moskvaya gedib, bu təhlükəni aradan qaldırmaq üçün Rusiya işbirliyini genişləndirməyə çalışır.
Rusiya İranın Suriyadakı iştirakını məhdudlaşdırmaq üçün indiyədək az iş görüb. Bu, İsrail və ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirlərinin birgə görüşündə əsas tələb olacaq. Onlar israr edəcəklər ki, Rusiya Suriyadakı həlledici rolu və unudulmaqdan xilas etdiyi Əsəd rejiminə böyük təsiri ilə Tehran üçün hüquqi normalar müəyyənləşdirsin və İran güclərini getməyə vadar etsin.
Problem bundadır ki, Rusiyanın marağı və etibarlılığı suallar doğurur. Ruslar arabir iddia edirlər ki, onların səlahiyyəti yoxdur və Suriya ərazisində hansı xarici güclərin iştitrak edə biləcəyini ancaq Əsəd diktə edə bilər. Rusiya başqa hallarda İsraillə razılaşıb ki, İran qoşunları, “Hizbullah” döyüşçüləri və könüllü şiə yığması İsrail sərhədinin 60 km-liyində yerləşəcək.
Bu qaydaları gözləməkdə Moskvanın məsuliyyəti öz üzərinə götürdüyünə baxmayaraq, onu həmişə pozublar.Və İsrail duyub ki, Suriyanın bir çox başqa vilayətlərində İran obyektlərinə, avadanlıqlarına və qoşunlarına zərbə endirməlidir ki, İsrail ərazisini təhdid edən İranın möhkəmlənməsinin qabağı alınsın.
Birləşmiş Ştatları problemin müzakirəsinə əlavə etməklə bərabərliyi dəyişmək baş tutarmı? Barak Ravid bu həftə İsrailin “Kanal 13”-də xəbər verib ki, Vaşinqton son zamanlar Rusiyaya artıq eyham vurub ki, ABŞ İsrailin Suriyadakı İran hədəflərinə zərbələrini tam dəstəkləyir və İran güclərini çıxarmağı təkcə İsrail deyil, həm də amerikalılar tələb edirlər. Amma ABŞ-ın Suriyadakı imkanları məhdudlaşıb. Prezident Tramp İŞİD-ə qarşı kampaniya başa çatdıqdan sonra aydın işarə vurub ki, Amerika qoşunlarını Suriyadan tam çıxarmaq istəyir. Qoşunların bir bölümü qalsa da, Rusiya tam anlaşılan səbəblərdən ABŞ-ın problemin həllinə tərəfdarlığına şübhə edə bilər. Savaşsonrası Suriya haqda danışıqlar əsasən Rusiya, İran və Türkiyə arasında Amerika təmsilçiləri olmadan aparılıb.
İsrail və Birləşmiş Ştatların bu birgə görüşdən yararlanması gərəkdir ki, nəhayət, İranın Suriyada iştirakını məhdudlaşıdrmaqda Rusiya üçün stimullar yaradılsın.
Nüvə proqramı üzrə İranla danışıqları təzələməyə can atan ABŞ danışıqlar masası arxasında Rusiyaya yer, yaxud hətta əsas vasitəçi rolu verə bilər. Belə ehtimal qarşılıqlı güzəştləri birləşdirəcək. Rusiya İranın nüvə silahı olmasını dəstəkləmir, amma Trampın imtina etdiyi İran nüvə sazişini saxlamaq uğrunda çıxış edir və şübhəsiz, gələcəkdə İrana münasibətdə ABŞ, ya İsraildənsə daha az məhdudiyyətlərə nail olmağa çalışacaq.
Rusiya eyni zamanda ABŞ və İran arasında hərbi münaqişədən yaxa qurtarmaq istəyir. Belə qarşıdurmanın qarışdırıcı nəticələri, yaxud İran rejiminin çöküşü səbəblərdən biridir, amma başlıcası deyil.
Rusiyanın hər şeydən az istədiyi Amerika güclərinin Yaxın Şərqə qayıdacağı ssenaridir. Amerikanın iki administrasiyası bir-birinin ardınca ABŞ-ın bölgədəki hərbi iştirakını məhdudlaşdırmaq və azaltmağa çalışandan sonra Rusiyanın bölgəsəl nüfuzu bir neçə onilliyə Suriyada tam qərarlaşıb. Moskva ABŞ və İran arasında münaqişə ehtimalını azaltmaq üçün Tehranı güzəştlərə də çağıraraq diplomatiyadan yararlanmağa çalışır.
İsrail və ABŞ-ın qurtulmağı gərəkən risklər də bu danışıqlarla bağlıdır. Birincisi, Rusiya iki müttəfiqi ayırmağa, yaxud Birləşmiş Ştatları qəbuledilməz güzəştlərə getməyə vadar etmək üçün İsraildən istifadə etməyə çalışacaq. Netanyahu Moskvaya son iki səfər arasında Vaşinqtona baş çəkib və özünü Tramp və Putin arasında sanki vasitəçi kimi göstərir, hər iki liderin istədiyi, amma aparılması çətin olan dialoqu irəlilətməyə yardım edir.
Amma İsrail və ABŞ-ın qarşısında dilemma yarana bilər. Məsələn, Patruşev Rusiyanın İranı Suriyadan çıxartmağının əvəzində Ukraynaya və Krımın ilhaqına görə antirusiya sanksiyalarını zəiflətməyə nail olmağa çalışa bilər.
Rusiya tərəfdən Yaxın Şərqdə şübhəli vədlərin əvəzində Avropadakı əsas strateji maraqları qurban verəcək ABŞ bu sövdələşməyə getməməlidir. İsrail isə ABŞ-ı bu addımı atmağa inandırmamalıdır. “Ukraynanın əvəzinə Suriya” alveri imkanını hələ bu danışıqlar başlanana qədər çıxdaş etmək Bolton üçün məqsədyönlü olardı.
Daha bir risk budan ibarətdir ki, İsraili ABŞdaxili siyasi prosesə çəkə bilərlər. Müller öz hesabatında Trampa bəraət verdiyinə baxmayaraq, prezidentin Rusiya ilə əlaqələri, rusiyalı tərəfdaşlarla maliyyə münasibətləri və araşdırmaya mane olmaq haqda Konqresin araşdırması hələ də davam edir. Bu, impiçment proseduruna gətirə bilər. Göründüyü üzrə, Trampın hər şeydən çox həsrətində olduğu və onun tənqidçilərinin böyük şübhə ilə yanaşdıqları İsrailin vasitəçilik rolu – Putinlə münasibətləri normallaşdırmaq – onun iradəsinə qarşı olaraq İsraili dramın tən ortasına çəkə bilər.
İsrailin öz strateji maraqlarını izləmək üçün bütün əsasları var. O, Suriyadakı İran təhlükəsini cüziləşdirmək üçün o cümlədən Netanyahu və Putin arasındakı əlaqə kanalı və bu yeni üçtərəfli formatdan istifadə edə bilər. Amma bu hədəfləri Vaşinqtonun qabil olduğu çox böyük siyasi toqquşmalara cəlb olunmadan izləmək daha yaxşıdır.
Tərcümə Strateq.az-ındır.