S-400 məsələsində Ankaranın başqa ölkələrlə ikitərəfli müzakirələrinə qarışmayacaqlarını bəyan edən Dmitri Peskovun sözlərinə nominal anlamda etiraz yoxdur. Ancaq işin əməli tərəfinə gələndə o sözlərin inandırıcı olduğuna inanmaq mümkün deyildir.
Bəli, Kreml "ikitərəfli müzakirələrə qarışmır" ancaq əlindəki güclü kartlardan axıra qədər istifadə edir.O kartlardan ən mühümü- İdlibdir.Bunu Ankara da Moskva da yaxşı bilir.Ona görə S-400 məsələsində Türkiyənin Qərblə münasibətlərini yumşaltmağa çalışdığını görən Rusiya yubanmadan İdlib məsələsini tədavülə daxil edir.
Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın 2 gün əvvəlki açıqlaması bunun növbəti örnəyidir:"Terorçuların təxribatlarına və qəfil hücumlarına baxmayaraq, İdlibdə sabitliyi təmin etmək üçün Türkiyə ilə əldə etdiyi razılaşmaya Rusiya hələ də sadiqdir.Bununla bərabər,terrorçuların təhlükəli aksiyalarına göz yummağımız mümkün deyildir.Çünki o terrorçular Rusiyanın Xmeymimdəki bazasını,Suriya əsgərlərini və mülki vətəndaşları təhdid edirlər"
Bir diplomatiya idarəsinin mətbuat katibi (həm də mətbuat konfransında) bu qədər açıq mətnlə danışırsa, bu işlərin pərdə arxasındakı müzakirələrinin atmosferini və jarqonunu özünüz təsəvvür edin.Mariya Zaxarova sözü heç əyib-bükmədən deyir ki, 18 sentyabr 2018-də Suriya dövlətinə qarşı müqavimət göstərən qüvvələrin oradan çıxarılması işinin məsuliyyətini Türkiyə öz üstünə götürdü,biz də Ankaraya 1 ay möhlət verdik (Türkiyə oradakı cihadçı qrupları "müxalif qüvvələr", Rusiya isə "terrorçular" kimi xarakterizə edir) Ancaq bu müddət ərzində İdlib nəinki terrorçulardan təmizləndi, əksinə- terrorçular daha sıx təşkilatlanaraq bizim oradakı hərbi varlığımıza da Suriya dövlətinə də təhdidi gücləndirdi.Orada həlledici əməliyyata başlasaq, tərkibi qarmaqarışıq olan 500 min əhali Türkiyə sərhədinə tərəf hərəkət edəcək.Hərbi-siyasi-diplomatik sahələrdə addımlarınızı atarkən bu durumu hesaba qatmağı unutmayın.
İşin tərs tərəfi bundan ibarətdir ki,Moskva ilə Washingtonun Ankaraya "təzyiq siyasəti" çərçivəsində Şimaldan Qərbə açıqlamalar bir-birini izləyir.Necə ki, Mariya Zaxarovanın (səhv etmirəmsə,Azərbaycanla bağlı neqativ bir açıqlamasına Eynulla bu qızın toy fotolarını öz saytına yerləşdirərək, bir növ, "Kamikadze cavabı" vermişdi) heç də qulaq ardına vurula bilməyəcək xəbərdarlığından sonra Pentagon bu prosesə öz "töhfəsini verdi" : Reuters agentliyinin məlumatına görə, F-35 savaş təyyarələrini idarə etmək üçün Arizona əyalətində təcrübə toplayan Türk pilotlarının siyahısına yeni kursiyerlər əlavə edilməyəcək.İddialara görə,Pentagon S-400-lərin alınmasıyla bağlı qərarını qətiləşdirməsi üçün Ankaraya iyunun ilk həftəsinin axırına qədər möhlət verib.İddia doğru çıxsa, arxasından gələn suallar bunlar ola bilərmi?
- S-400-lərin alımından vaz keçməməsi halında ABŞ Türkiyəyə sanksiyalar tətbiq edərmi?
- Sanksiyalar hansı sahələri əhatə edər,Türkiyə iqtisadiyyatını da hədəfə alarmı?
- Ehtimal edilən sanksiyaların həyata keçirilməsi halında Türkiyə Qərb bloku ilə nümasubətlərini gözdən keçirmək məcburiyyətində qalarmı?
Bir az da gözləmək lazımdır.İndilik isə ikitərəfli təzyiqlərin radiusu dalğa-dalğa genişlənir.
Ankaranın son 10 ildəki xarici siyasət ritorikası "Artıq heç kim Türkiyə ilə təzyiq və təhdid diliylə danışa bilməz"- sözlərində öz əksini tapıb. Bunun sözdə deyil, əməldə nümayiş etdirilməsinə dair xeyli fakt var.
Bəs ən kritik məsələdə necə olacaq?
Yoxsa məşhur mahnıda deyildiyi kimi, "Dünya dönüyor sen ne dersen de"?