Azərbaycana qarşı yeni hiyləgər plan - İrəvanın 2 məkrli hədəfi

10-06-2019, 09:12   


Ermənistan son 11 ildə ilk dəfə Gürcüstanın xeyrinə, Rusiyanın əleyhinə mövqe sərgilədi - səbəb; düşmənin “Qərbə satılmağa hazırıq!” mesajını zəruri edən amillər; Tiflisin və Kremlin cavabı nə olacaq?..

Ötən həftə Ermənistan-Gürcüstan münasibətləri üçün, eləcə də Azərbaycan üçün əhəmiyyətli sayılacaq bir olay baş verdi. Söhbət BMT Baş Məclisində Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkünlərlə bağlı qəbul edilən qətnamədən gedir. Sənəddə qonşu ölkənin ərazi bütövlüyü növbəti dəfə dəstəklənib. Rusiya və bir neçə digər ölkə, əsasən Moskvanın müttəfiqləri - Kuba, Belarus, Nikaraqua, Şimali Koreya və başqaları (15 ölkə) onun əleyhinə səs verib.

Qeyd edək ki, Gürcüstan belə sənəd layihələrini 2008-ci ildən müzakirəyə çıxarır. Hər il də bu mötəbər qurum böyük səs çoxluğu ilə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnu və Gürcüstanın ərazi bütövlüyünü təsdiqləyən qətnamə qəbul edir. Ancaq maraqlıdır ki, bu il ilk dəfə olaraq, Ermənistan ənənəni pozaraq, Rusiyanın yanında yer almayıb, Rusiya kimi sənədin əleyhinə səs verməyib, sadəcə, səsverməyə qatılmayıb. Bununla da dolayısıyla Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini göstərib. Sözsüz ki, bu da bilavasitə Ermənistandakı yeni hakimiyyətin, konkret olaraq, baş nazir Nikol Paşinyanın iradəsi ilə bağlıdır.

*****

Rəsmi İrəvan belə mövqe dəyişikliyinin səbəbini hələ ki izah eləməyib. Ancaq gürcü-erməni əlaqələri üzrə erməni ekspert Coni Melikyana görə, “görünür iki qonşu ölkə qeyri-formal şəkildə anlaşıb ki, daha bir-birinin əleyhinə səs verməsinlər”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Eurasiyanet.org-a açıqlamasında olayı şərh edırkən deyib.

“Ancaq Ermənistan həmin qətnaməyə səs də verə bilməzdi, çünki İrəvanın Dağlıq Qarabağ problemi var və sənədin dəstəklənməsi Ermənistanın maraqlarına zidd olardı. Hərçənd əvvəllər Gürcüstan bir sıra antierməni qətnamələrinə, məsələn, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə səs verib. İrəvan bununla münasibətlərin yaxşılaşması yönündə ilk addım atmaq istəyib. Bitərəf qalmaqla biz (Ermənistan - ”YM") daha möhkəm əlaqələr qurmaq istədiyimizi göstərmişik. Bununla biz həmçinin Azərbaycanın Gürcüstanda Ermənistan əleyhinə təbliğatını pozmuşuq. Nədən ki, bu məsələ onların Ermənistana ünvanlı tənqidlərində əsas istiqamətlərdən biri idi".

Belə çıxır, rəsmi İrəvan bununla ümid edir ki, Gürcüstan da bundan sonra Dağlıq Qarabağla bağlı BMT-də analoji qətnamələr zamanı “antierməni” mövqeyi tutmayacaq və Azərbaycanın ərazi bütövlüyünün təsdiqləndiyi sənədlərin səsverməsi zamanı Ermənistan kimi ən azından, bitərəf qalacaq. Hiyləgər gedişdir.

*****

Göründüyü kimi, birinci hədəf iki qonşu və strateji tərəfdaş ölkənin - Azərbaycan və Gürcüstanın arasını vurmaq, işğalçı Ermənistanın Gürcüstan üçün dəyərini artırmaqdır. Ancaq İrəvanda unudurlar ki, Azərbaycan və Gürcüstan işğala məruz qalan iki tale ortağı, Ermənistan isə Rusiya ilə işğal ortaqlarıdır. Digər yandan, Gürcüstan özünün iqtisadi, energetik təhlükəsizliyinə, bütövlükdə milli təhlükəsizliyinə görə ilk növbədə Azərbaycana borcludur.

Azərbaycan həm də Gürcüstana ən böyük sərmayə yatıran 3 ölkədən biridir. Azərbaycanla əlaqələrin soyuması qarşılığında Gürcüstana işğalçı Ermənistan nə verə bilər ki, Tiflis nə qazanar? Əlbəttə ki, heç nə. İtirəcəyi isə çox şey olar. Odur ki, Gürcüstan çətin ki, bu tələyə düşmək istəsin.

*****

Salome PaÅinyan ile ilgili görsel sonucu

Bu yerdə xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu ilin martında İrəvanda səfərdə olarkən Nikol Paşinyan ona “iki ölkə arasında əlaqələri yeni mərhələyə qaldırmaq üçün tarixi şans yarandığını” demişdi. Ancaq Rusiyanın vassalı ola-ola, İrəvanın buna necə nail olacağı çox maraqlıdır. Çünki Rusiya qərbyönlü, NATO-yönlü kurs götürən Gürcüstana qəzəblidir və iki ölkə arasında 2008-ci ildən (“5 günlük müharibə”dən sonra) diplomatik əlaqələr kəsilib.

O da maraqlıdır ki, BMT-dəki son səsverməyə cəmi bir neçə gün qalmış Qazaxıstanda verdiyi müsahibədə Paşinyan demişdi ki, İrəvan Rusiya ilə Ermənistan arasında Abxaziyadan keçən dəmir yolunun bərpasına ümid edir. Bu da Ermənistanın BMT-dəki səsvermədə gürcülərin xeyrinə bitərəf qalamasının ikinci ilginc səbəbi: işğalçı ölkə Gürcüstandan özünə yeni dəhliz açılmasını istəyir. Lakin zaman-zaman yazdığımız kimi, bu, Gürcüstan-Azərbaycan əlaqələri üçün “qırmızı xətdir” və belə bir dəhlizin açılması Gürcüstanın digər vazkeçilməz qonşusu - Türkiyənin də xoşuna gəlməyəcək.

İstənilən halda Paşinyan hökuməti Bakı əleyhinə Tiflisə məkrli reveransını edib və Tiflisin hansı reaksiyanı göstərəcəyini gözləyəcəyik...

*****

PaÅinyan ile ilgili görsel sonucu

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, bu fakt Ermənistanın xarici siyasətindəki məntiqli ziddiyyətləri bir daha ortaya qoyur: “Ziddiyyət ondadır ki, Ermənistan, bir yandan, Rusiyanın verdiyi təhlükəsizlik çətiri altında Azərbaycan ərazisini işğalda saxlamaq siyasətini davam etdirir, başqa yandan, daxildəki iqtisadi böhran məhz işğalla bağlıdır, Rusiya isə Ermənistana iri sərmayələr yatırmır. Sərmayəsiz, xarici kömək olmadan da Ermənistan inkişaf eləmək iqtidarında deyil. Ona görə də o, Rusiyadan aralanmaq, Qərbə doğru getmək, qərbyönlü siyasət sərgiləmək və kreditlər, maddi köməkliklər axtarmaq zorundadır. Ancaq bu iki şeyi birləşdirmək hələ heç kimə nəsib olmayıb. Ona görə ki, Ermənistan Rusiyanın təsir zonasında qaldıqca Qərb ona kömək etməyəcək. Rusiya isə yəqin ki, öz təhlükəsizlik çətirini Ermənistan üzərindən götürəcək, o səbəbə ki, Moskvaya daim rəqib düşərgəyə keçməyə can atan müttəfiq lazım deyil. Bu ziddiyyət BMT-dəki səsvermədə bir daha özünü göstərmiş oldu”.

Sözügedən səsvermə, əlbəttə ki, həm də Nikol Paşinyan hökumətinin “Qərbə satılmağa hazırıq!” mesajıdır. Eyni zamanda, Kremlə daha bir təhdiddir. O Kreml ki, Paşinyana hələ də ürək qızdırmır. Bunu ötən həftə N.Paşinyanın Rusiya səfəri bir daha sübut elədi. Erməni baş nazir Rusiya prezidenti Vladimir Putinlə görüşdən yenə məyus ayrıldı, ölkəsinə əliboş döndü. Belə ki, artıq rəsmi məlumatlara görə, o, Rusiyadan alınan təbii qazın qiyməti ilə bağlı Moskvadan hər hansı güzəşt qopara bilmədi. Məsələ yenə açıq qaldı. Paşinyan yalnız bunu dedi ki, “Qiymət məsələsində nə vaxtsa Moskva ilə ortaq dil tapa biləcəyinə ümid edir, yaxın aylarda məsələnin intensiv müzakirəsi davam edəcək”.

Kremlin marioneti ola-ola, BMT-də onun maraqları əleyhinə səs verib, ardınca Rusiyadan ucuz qaz diləmək gerçəkdən də, əsl erməni riyakarlığıdır ki var. Şübhə yox ki, İrəvanın bu hoqqaları, çoxbaşlı və hiyləgər oyunları Kremldə diqqətlə izlənir və reaksiya da yəqin ki, təkcə qazın qiyməti ilə bağlı olmayacaq.

Rəsmi Tiflisin isə Bakı ilə İrəvan arasında seçim etmək zorunda qalmayacağına ümid edirik. Çünki bölgədə iki işğalçı var - biri Gürcüstan ərazilərini zəbt eləmiş Rusiyadırsa, digəri Rusiyanın yeganə forpostu və nökəri, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistandır. İşğalçının isə yaxşısı, pisi olmaz...

“Yeni Müsavat”ın analitik xidməti


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.