"Dövlət içində hərəsi özünə kiçik bir dövlət qurur və üzdə prezident deyir, daxilən öz böyükləri qarşısında səcdəyə dururlar"
10-06-2019, 10:42
——————————————————————————–
Sabiq Millət Vəkili Eldar Sabiroğlu gündəmlə bağlı sualları cavablandırıb.
——————————————————————————–
– Eldar müəllim, ilk sualımız Əli İnsanovla bağlıdır. Görüşünüz olubmu?
– Bu məsələ çox mürəkkəb və həssas proses olduğuna görə birmənalı yanaşmaq olmaz. Ona görə də sualınızın üzərində xüsusi dayanmağa və geniş izahata lüzum görmürəm. Bu tipli mövzular haqda danışarkən diqqətli olmalıyıq. Ancaq düşüncəmin bir parçasını söyləmək istərdim. Əgər Əli İnsanov barədə hardasa müsbət bir fikir desəm, bunun qarşılığında ünvanıma söyüş söyən bir yox, bir neçə ədəbsiz məni hakimiyyətin düşməni kimi qələmə verəcəklər. İqtidarı müdafiə edəcək mövqe nümayiş etdirsəm, Qərbi Azərbaycan dediyiniz yerdən yenə bir-ikisini ortaya çıxarıb təhqir və skköyüşləri dolu kimi yağdıracaqlar. Ona görə də kənarda dayanmaq daha məsləhətdir. Söyüş Azərbaycanda siyasətin, içtimai münasibətlərin içərisinə daxil olub. Mübarizəni onsuz keçirə bilmirlər. Az qala milli səviyyəmizin göstəricisi statusunu almaq üzrədir. Bu davranışla xalq vədövlət olaraq hədəflərimizə doğru necə gedib çata biləcəyik? Sualınıza cavabı bitirmək üzrə cənab prezidentdən bir xahişim olacaq. Keçmiş səhiyyə naziri barədə yalnız vəzifə sahiblərinin tənqidi fikirlərini eşitdik. Bir anlığa diqqət edək və nəzərə alaq ki, onlardan biri işsizdir. Danışardımı? O xasiyyətli adamlardansa Sizə bir mərd düşmən daha caizdir. “Qarlı aşırım” filmində tarixi bir hadisəni rəhmətlik Fərman Kərimzadə görün necə təsvir edir. Kərbalayı Türkiyə tərəfə keçərkən öz gəlinini gətirir düşmənin evinə qoyur. Və deyir namusumu sənə etibar edirəm. Yaltaqlardan, şəxsi maraqlarına görə hər rəzilliyə gedən adamlardan kənar durun. Heydər Əliyevi satanların, prezidentin əmisi Həsən Əliyevin dəfninə dəvət edilsələr də, rədd cavabı verənlərin bu gün rəhbərin çevrəsində görünmələri təəssüf doğurur. Onlar əlverişli məqamda hazırkı prezidenti də utanmadan sata bilərlər. Lakin bu cür iyrənc adamlar satqın adıyla dövlət başçısının icazəsini alaraq az evlər yıxmayıblar. Bəli, çox təəssüf ki, onlar bu yolla həm də öz şəxsi intiqamlarını reallaşdıra bilirlər.
– Regional qruplaşmalar barədə nə deyə bilərsiniz? Onun ağır siptomları ola bilərmi? Dövlət üçün təhlükəlilık dərəcəsi Sizcə nə qədərdir?
– Əslində əksər problemlərimizin kökündə bu faktor durur. Milli birliyin, önünü kəsən də budur. Qruplaşmaların mübarizəsi yuxarıdan aşağıya doğru enərək insanların sağlam şüurunu özünə tabe etdirir. Yuxarıdakılar bəs deyincə yeyir, dağıdır, yalnız oz ailəsinə, qohum əqrabasına baxır, aşağıdakılar da quruca adın təəssübünü çəkir, onların ağzına bir tikə ataraq dar gün üçün özlərinə dayaq kimi saxlayırlar. Dövlət içində hərəsi özünə kiçik bir dövlət qurur və üzdə prezident deyir, daxilən öz böyükləri qarşısında səcdəyə dururlar.
Regionçuluq ağır xəstəlikdir. Uzun illərin dərinliyindən dövrümüzə qədər gəlib çatıb və müalicəsi də aparılmır. Halbuki ölkəmiz üçün ciddi narahatlıq doğuran problemlərin həlli məsələsində milli həmrəylik, regionundan asılı olmayaraq hər kəsin bir-birinə mehriban münasibəti hava və su kimi lazımdır. Heç kim özünü başqasından üstün hesab edə bilməz. Hər kəsin bu vahid vətəndə haqqı, hüququ bərabərdir.
– Eldar müəllim, keçək başqa suala. Ölkədəki içtimai-siyasi vəziyyətə baxışınızı eşitmək istərdik. Sizcə hakimiyyətin ömrü uzunmu çəkəcək, yoxsa tezliklə bunun şahidi olacağıq?
– Baxışlarım var. Lakin onlar Quran ayəsi deyil və mümkündür ki, səhv edim. Əvvəl də demişəm, indi də o fikirdəyəm ki, ölkəni Suriyanın, İraqın gününə salmaq istəyən bəzi güclərin niyyəti iflasa uğradıldı. Hakimiyyət məkrli planları pozdu və Azərbaycana uzanan qanlı əllər yarıyolda qaldı. Ölkədə sabitliyin yaradılmasını təqdir etməliyik. Bu taleyüklü məsələdə Azərbaycan müxalifətinin rolunu inkar etmək və sakit həyat tərzinin möhkəmlənməsində onun qanun çərçivəsidə fəalliyyətinin kənara atılması ədalətli sayıla bilməz. Konkret misal, mitinqlərə icazə verməyən hökumət icazə verdiyi mitinqlərdə müxalifət içtimai əsayişin pozulmasına fürsət yaratmayıb.
Sualınızın ikinci hissəsi hazırda cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardandır. Sosial şəbəkələrdə tez-tez rast gəlirəm və yüksək inamla prezident Əliyevin hakimiyyətinin bu gün-sabahlıq olduğu barədə saysız-hesabsız statuslar gözümə dəyir. Deyək ki, mən də onlara qoşuluram. Bununla axı işlər düzəlmir. Arzu ilə reallıq arasında uzun bir məsafəni görməzdən gəlməməliyik. Reallıq bu gün İlham Əliyevin xeyrinə işləyir. Onun ən azından 2025-ci ilədək prezident kreslosunu boşaltmaq fikri yoxdur. Bu yaxınlarda üç bənddən ibarət belə bir təsnifatım olmuşdur:
1) xalqın kütləvi etirazı.
2) hakimiyyətdaxili toqquşmaların açıq müstəviyə keçməsi.
3) beynəlxalq güclərin qəti qərarı.
Bu üç prinsipin hansı biri prezidentin uzaqlaşdırılması üçün hərəkətdədir? Heç birii!! Ona görə də İlham Əliyevin tezliklə xüdahafizləşəcəyi məntiqi ağlıma yerləşmir. Razılaşmayanlar ola bilər, bu təbiidir. Arqumentlərini xahiş edirəm. Baxmayaraq ki, idarəetmədə xoşum gəlməyən işlər az deyil. İnsan hüquqlarının kobud şəkildə pozulması, söz və fərqli düşüncə tərzinin boğulması, günahsız insanların həbsə atılması, iş adamlarının sıxışdırılması, məhkəmə hakimiyyətinin sifarişin və göstərişlərin quyruğuna bağlanması kimi mənfi halların mövcudluğunu qəbul etməyərək dövlətçiliyimizə gətirdiyi zərərləri də anlamamış deyiləm. İlham Əliyev ən böyük pisliklərdən birini mənə edib. Yanğımı söndürmək üçün əsassız fikirləri müzakirə predmetinə çevirməyi məqbul saymıram. Tələsmək əvəzinə gələcək nəslin xoşbəxt, işıqlı dünyada yaşamasından ötrü xalqın maarifləndirilməsi mühüm şərt kimi aydınlarımızı indidən narahat etməlidir. Eybi yox, gec olsa da çalışmaq lazımdır. Ümidsizliyə qapılmaq olmaz. Həyatda hər şey ola bilər. Bəzən gözləmədiyimiz qığılcımdan sıçrayan alovun an içərisində hər şeyi dəyişməsi də mümkündür. Ancaq unutmayaq ki, hakimiyyətin təbliğatı yetərli və inandırıcı ovqat aşılamasa da o, gücünü hələki qorumaq iqtidarıdadır…
– Siz bayaq çox ciddi bir məqama toxundunuz. Lakin bizə belə gəldi ki, ad çəkmədiyinizə görə cavabınızın dadını-tamını qaçırdınız.
– Şirəsini gərək çox edəydim?! Bu bir qədər təhlükəli məsələdir. İstəyirsiniz ki, saray əyanları silahlı çevrilşdə iştirakımıza hökmdarı inandırıb razılığını alaraq bu dəfə dədə-bala ikimizi də 13-cü kalona ömürlük gedər-gəlməzə göndərsinlər? Rüfətə verdikləri ağır işgəncələrdən birini mənə etsələr, bəsdir. Ona görə də bağışlayın bu küyə gedə bilmərəm.
– Bəlkə qanayan yaramız Qarabağımızdan danışaq. Vəziyyət deyəsən, getdikcə çətinləşir. Ermənistan artıq müharibəyə hazırlıqla bağlı bəyanatlar verir. Bəs Ordumuzun döyüş əmrini nə vaxt eşidəcəyik?
– İşğalçı Ermənistan öz gücünə torpaqlarımızda oturmayıb. Rusiya alıb verib. Əgər müdaxilə olmazsa Azərbaycanın Silahlı Qüvvələri az bir müddətdə torpaqları işğaldan azad edə bilər. Ancaq təhdidləri göz önünə gətirdikdə bir qədər düşünmək zorunda qalırsan. Rusiyanın münasibəti bəlli. Ermənistanı bir vilayəti kimi idarə edir. Bütün iqtisadiyyatı Rusiya tərəfindən iidarə olunur. Böyük zavodlar, sənaye şirkətləri satın alınıb. İşğalçının bu gün Qərbdən də böyük dəstəyi var. Onlar birmənalı olaraq müharibəni istisna edirlər. Belə vəziyyətdə savaşa girib və buradan qalibiyyətinən çıxmaq suallar doğurur. Azərbaycan vaxtı çox ötürdü. Demək olar ki, yollar tükənir. Xahiş edərdim, bu fikirləri insanlarda ruh düşkünlüyü yaratmaq mənasında başa düşməyəsəniz. Rumın rəsmisi bildirir ki, əgər Azərbaycan müharibəyə başlayarsa biz onu işğalçı kimi tanıyacağıq. Bunu burda, bizim parlamentdə çıxışı zamanı deyir. Ona isə hökumətdən tutarlı bir cavab gəlmir. Qərbdə bu mövqe artıq çoxdan oturuşmağa başlayıb. Futbolçu Mxitaryana görə az qala dünya bir-birinə dəysin. İndi Xankəndində beynəlxalq futbol oyunları keçirilir, beynəlxalq birlikdən, ATƏT-in Minsk Qrupundan səs-səmir çıxmır. Azərbaycan da əlini qulağının dibinə qoyub mürgüləyir. Ümimiyyətlə, qeyri-müəyyən vəziyyətdə proqnoz irəli sürmək çətindir. İndi gəlib düşmüşük dərin bir quyuya, necə olursa-olsun oradan çıxmalı və düşmənə oz sözümüzü deməliyik. Yoxsa gələcək nəsil gorumuza söyəcək.
– Aydın Mirzəzadənin MM-də son çıxışı ilə bağlı fikrinizi bilmək maraqlı olardı.
– Bəlkə də parlamentdə bu cür təklif səsləndirilməməli idi. Deyək ki, lap oldu, bəyəm dünya dağıldı. Aydın Mirzəzadə o təzdə geri verməsi tamam biabırçılıq oldu. Mən deputatın özünü aşağılamasını qoyuram bir kənara. Onu bu şəkildə təkzibə məcbur edən faktın özü daha dəhşətlidir. Təsəvvür edək ki, Ermənistan parlamentində daşnaqlardan biri İlham Əliyev barədə eyni sözü işlədir, inanın ki, fövqəladə bir şey yaranmazdı. Paşinyana görə düymələri sıxan ünvanın hansı məkanda yerləşdiyi barədə təxmini mülahizələr irəli sürmək olar. Bəs bizimkilərin “şücaətinə” nə gəlmişdi?
– Eldar müəllim, bu cür kadrlarla haralara gedə bilərik?
– Təəssüf ki, bu sektorda problemlərin həcmi o qədər şişib ki, bundan təmizlənməyin özünün başqa əlavə problemləri meydana çıxarması istisna olunmur. Qohumbazlıq, yerlibazlıq bu sahədəki mühiti sarmaşıq kimi bürüyüb. Qanun yol verməsə də ata oğlunu, qardaş qardaşı, qaynata kürəkinini yüksək vəzifəyə təyin edərək öz tabeçiliyində işlədir. Daha nə deyə bilərəm. Özünüz vəziyyəti təsəvvür edin…