''Məhkəmələrimizə ''alverxana'', ''kommersant'' deyirlər''

14-06-2019, 09:11   
 

Qüdrət Həsənquliyev: ''Kommersiya məhkəmələrinin yaradılması prezidentin fərmanının icrası deyil''
“Bəzi hallarda məhkəmələrimizə “alverxana”, “kommersant” deyirlər. “İqtisadi” sözü nə çətin şeydir ki, onun yerinə “Kommersiya” verilir? “Yeni yaradılacaq məhkəmələrin “Kommersiya” adlandırılmasını doğru hesab etmirəm”.
Bunu iyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında deputat Tahir Kərimli deyib. O, “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulan yeni yaradılacaq məhkəmələrə “Kommersiya məhkəməsi” adının verilməsinə etirazını bildirib. Deputat ad məsələsinə yenidən baxmağın vacib olduğunu vurğulayıb.
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi kommersiya məhkəmələrinin yaradılması, iş mexanizmi ilə bağlıdır.
Layihəni təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, dəyişikliklər ölkə başçısının məhkəmə-hüquq sahəsində islahatların aparılması ilə bağlı fərmanında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədardır:
“Layihənin ictimai müzakirəsi zamanı dəyişiklikdə məqsədin bütövlükdə sahibkarlıqla bağlı məsələlərin bir məhkəmədə baxılması olduğu təəssüratı yaranırdı. Bu, belə deyil. İinzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq, amma o yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq”.
Komitə sədrinin sözlərinə görə, qanunda bunun anlayışı da verilib.
Deputat Qüdrət Həsənquliyev isə deyib ki, bu dəyişiklik prezidentin fərmanının icrası deyil:
“Prezidentin həmin fərmanının 3.1-ci maddəsində deyilir: “Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə , habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması”. Artıq cəmiyyətə də bu barədə məlumat verilib ki, yeni kommersiya məhkəməsi yaradılır. Yeni kommersiya məhkəməsi isə prezidentin fərmanının 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələri həll eləmir. Yəni faktiki surətdə bu prezidentin fərmanının icrası deyil. Əslində nə baş verir? Azərbaycan Respublikası Prezidentinin 17 iyun 1999-cu ildə yerli iqtisad məhkəmələrinin yaradılması haqqında fərmanı oldu, 17 iyul 2000-ci ildə isə iqtisad məhkəmələri inzibati iqtisad məhkəmələrinə çevrildi. Yəni inzibati məhkəmələrlə iqtisad məhkəmələri birləşdirildi. İndi faktiki surətdə biz bunları ayırırıq, baş verən real məsələ əslində budur. İqtisad Məhkəməsinin də adını dəyişib Kommersiya Məhkəməsi qoyuruq. Amma mahiyyət etibarilə ciddi dəyişikilik baş vermir. Əslində fərman ona görə imzalanmışdı və birbaşa qeyd olunurdu ki, yeni yaradılan bu ixtisaslaşmış məhkəmə, gömrük, vergi və məcburi dövlət sığortası ilə bağlı mübahisələri həll eləmiş olsun”.
Deputatın fikrincə, prezidentin fərmanında qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün, yeni yaradılacaq kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə baxmalıdır:
“Burada həm də müraciətin asanlaşdırılması qeyd olunur. Müraciətin asanlaşdırılması o deməkdir ki, sahibkar 1 ünvan tanımalıdır. Amma indi na baş verdi? Əvəllər sahibkarlar bəzi mübahisələr üzrə ümumi məhkəmələrə və inzibati iqtisad məhkəmələrinə müraciət edirdi. İndi bu məhkəmələrin sayı 3 oldu. Demək sahibkarlar həm ümumi məhkəmələrə, həm inzibati məhkəmələrə, həm də kommersiya məhkəmlərinə müraciət edəcəklər. Daha burada asanlaşdırmadan söhbət getmədi ki, əslində sahibkarların üz tutacağı ünvanların sayını 2-dən 3-ə qaldırdıq. Ona görə də düşünürəm ki, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə yeni yaradılan kommersiya məhkəmələrində baxılmalıdır. Burada Tahir Kərimli qeyd elədi, onun adı elə əvvəlki kimi iqtisad məhkəmələri də qala bilər. Yeni adla yeni məhkəmə yaradırıqsa, kommersiya məhkəməsi də adlana bilər, yəni ad çox məsələni həll eləmir. Amma bir daha vurğulamaq istəyirəm ki, prezidentin birbaşa göstərişi olduğu halda yenə də yeni yaradılan məhkəmələrə gömrük, vergi və məcburi dövlət sosial sığorta ilə bağlı mübahisələrin səlahiyyətinin verilməməsini doğru hesab eləmirəm. Ona görə də xahiş edirəm ki, ikinci oxunuşa qədər bu məsələlər nəzərə alınsın”.
Layihəyə əsasən, Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.
Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.
Qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılıb.
Dəyişikliyə əsasən, Azərbaycanda mövcud olan 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq.
Bunlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.