GRECO: Azərbaycanda deputatlar, prokurorlar, hakimlər hələ də aktivlərini bəyan etmirlər

20-06-2019, 07:38   
 

Avropa Şurasının Antikorrupsiya Qrupu (GRECO) dünən yeni məruzə dərc edərək, Azərbaycanın parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısının alınması üzrə tövsiyələri yerinə yetirməsində irəliləyiş olduğunu qeyd edib.
Bu gün iyirmi bir tövsiyədən on üçü qənaətbəxş şəkildə yerinə yetirilib, beş tövsiyə qismən yerinə yetirilib, üç tövsiyə yerinə yetirilməyib, deyə Avropa Şurasının press-relizində bildirilir.
Turan-ın məlumatına görə, bu tövsiyələr GRECO-nun 2014-cü ildə qəbul edilmiş “Parlament üzvləri, prokurorlar arasında korrupsiyanın qarşısının alınması haqqında” Dördüncü Qiymətləndirmə Hesabatında irəli sürülüb.
“Parlamentarilərə gəlincə, Deputatların Etik Davranış Qaydaları haqqında Qanunun və parlamentarilərin Davranış Təlimatının qəbulu müsbət hadisədir”, deyə sənəddə bildirilir. Əvvəlcədən internetdə dərc olunan qanun layihələri üzrə ictimai məsləhətləşmə çərçivələri ilə bağlı da irəliləyiş qeyd edilib.
Qanunvericilikdə parlamentarilərin köməkçi fəaliyyətinə nəzarət nəzərdə tutulsa da, təcrübədə bu, səmərəli deyil. Söhbət deputatların elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmasını qadağan edən normalardan gedir. Təcrübədə isə deputatlar bununla məşğul olurlar.
Hakimlərə gəlincə, GRECO tövsiyələrin yerinə yetirilməsində irəliləyiş olmamasından narahatdır. Belə ki, Məhkəmə-Hüquq Şurasının tərkibi Avropa standartlarına uyğun şəkildə dəyişdirilməlidir və bu orqan bütün kateqoriya hakimlərin təyinatında iştirak etməlidir. Daimi hakim təyinatı üçün dəqiq, obyektiv və şəffaf meyarlar tətbiq edilməlidir.
GRECO prokurorluğa hədsiz təsirin azaldılmasında müəyyən irəliləyiş olduğunu qeyd edir. Amma bu təsirin aradan qaldırılması üçün daha çox şey tələb olunur.
Bundan başqa, prokurorluq işçilərinin müsabiqə əsasında seçilməsi həyata keçirilir, amma bu, rəhbər vəzifələrə aid deyil.
Hər üç kateqoriyadan olan vəzifəli şəxslərin (parlamentarilər, hakimlər və prokurorlar) aktivlərinin və mülkiyyətinin açıqlanmasına gəlincə, GRECO bəyannamə sisteminin fəaliyyəti üçün siyasi iradə olmamasından narahatdır.
GRECO Azərbaycan hakimiyyətini bu mühüm antikorrupsiya islahatının yekunlaşdırılması və bu qurumun müvafiq tövsiyələrinin yerinə yetirilməsi üçün qətiyyətli tədbirlər görməyə çağırır. Beləki, gözləyən tövsiyələrin yerinə yetirilməsi üçün daha çox irəliləyiş tələb olunur, GRECO 31 dekabr 2019-cu ilə qədər Azərbaycan hakimiyyətindən görülmüş tədbirlər haqqında əlavə məlumat gözləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.