Nemət Əliyev, iqtisadçı ekspert
Bahalaşma çox aktuallaşıb. Xaricdən gətirilən mallar əmtəə bazarlarında ümumi qiymətləri 15 faizdən çox artırıb. Daxili bazarlara yerli mal təklifi 13 faizə qədər azalıb. Yerli malların 5 aylıq ticarətindən itkilər 2,7 milyard manata yüksəlib…
Sentyabr ayının 1-dən əməkhaqlarına gözlənilən artımlar böyük bahalaşmanı gündəmə daşıyıb. Yerli istehsalda yaşanan problemlər isə bahalaşmanı daha da aktuallaşdırıb. Hətta elektrik enerjisinin, təbii qazın qiymətləri də qalxa bilər. Çünki bu məhsulların maya dəyərinin ölkədaxili satış qiymətlərindən yüksək olmasını bəhanə tutub dövlət büdcəsindən milyonlarla qrant, subsidiya çəkən Dövlət Neft Şirkəti qiymətləri dövlət tərəfindən tənzimlənən bu məhsulların qiymət artımı üçün əvvəlcədən zəmin hazırlaya bilib. Əməkhaqqı artımları hesabına dövriyyədə çoxalacaq nağd pul kütləsi bu zəmini çox cəlbedici edəcək.
Artıq idxal malları 31 faizə qədər bahalaşıb. Bu ilin yanvar-may aylarında idxal 51 faiz və ya 2 milyard dollar (3,4 milyard manat) artıb. Bu artımın 62 faizə qədəri və ya 2,1 milyard manatı bahalaşma hesabınadır. Hələ yalnız idxalın yaratdığı bu dalğa, ötən ilə nəzərən, əmtəə bazarlarını 15%-dən çox (2,1:13,7∙100≈15,3%), istehlak bazarlarını isə 12%-dən çox (2,1:17,4∙100≈12,1%) bahalaşdırıb (13,7 və 17,4 uyğun olaraq əmtəə və istehlak bazarlarının ötənilki 5 aylıq həcmidir, milyard manatla ifadə olunub). Bu bahalaşma dalğası özlüyündə ümumi alıcılıq qabiliyyətinə yüksək səviyyədə mənfi təsir göstərir.
Yerli istehsalda inkişafa nail olmaqla daxili bazarlara əlavə mal kütləsi çıxarıla bilsəydi, ümumi bahalaşma səviyyəsini aşağı salmaq mümkün olardı. Amma və lakin bu varianta ümid bəsləməyə dəyməz. Bununla belə, bu imkanın hansı səviyyədə olmasını aydınlaşdırmağa çalışaq. Ötən ilin 5 aylıq ticarət strukturunda xarici mallar 48%, yerli mallar isə 52% təşkil edib və rəsmi açıqlamalara görə ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-may dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin real həcmi 2,8 faiz, o cümlədən idxalın real həcmi 19,5 faiz artıb (idxala aid göstərici bu ilin yanvar-aprel dövrünə aiddir, belə hesab olunub ki, bu nisbi göstərici yanvar-may dövründə çox dəyişikliyə məruz qalmayıb). Belə şərtlər altında yerli malların real ticarət dövriyyəsinin necə dəyişməsi sualına cavab vermək üçün aşağıdakı sadə tənliyi qurub həll etməklə X dəyişəninin qiymətini hesablamaq lazımdır: (0,48 ∙ 19,5 + 0,52 ∙ X = 2,8; X ≈ -12,6).
Deməli, daxili bazarlara çıxarılan yerli malların kütləsi və ya fiziki həcmi, ötən ilin eyni dövrü ilə müqayisədə, bu ilin yanvar-may aylarında 12,6 faiz azalıb. Başqa sözlə desək, daxili bazarlara natura şəklində yerli mal təklifi əhəmiyyətli dərəcədə aşağı düşüb.
Amma yerli istehsalçıların daxili ticarətdən itkiləri daha böyükdür. Ümumi ticarət dövriyyəsinin 5 aylıq həcmi bu il 14,3 milyard manat təşkil edib və burada yerli malların payı 31 faiz olub. Deməli, yerli malların 4 aylıq ticarəti vur-tut 4,6 milyard manatdır (14,3∙31∶100 ≈4,4 milyard manat) . Halbuki, ötən il bu sonuncu göstərici 7,1 milyard manat olmuşdu. Beləliklə, məlum olur ki, yerli malların daxili ticarətdən gəlirləri 2,7 milyard manat və ya 38 faiz azalıb.
İndi özünüz fikirləşin, beş aylıq ticarətdən 2,7 milyard manat gəlir itkisinə uğramış yerli sahibkarlar (müəssisə və təşkilatlar) daxili bazarlara yönəlik istehsal fəaliyyətlərini genişləndirməyə həvəs göstərə bilərlərmi? Əlbəttə, yox! Digər neqativ amillərin fəallaşdığı bir şəraitdə isə bu haqda düşünmək belə absurddur. Odur ki, sonrakı dövrdə yerli istehsal hesabına bazarlara mal təklifinin azalacağı ehtimalı çox yüksəkdir. Yerli istehsalçıların bu cür davranışı idxal mallarının yaratdığı bahalaşma dalğasına nəinki zəiflədici təsir göstərməyəcək, əksinə, əlavə təkan verəcək. Odur ki, kəmərləri sıxın, dostlar, bahalaşmadan bahalaşma törəyəcək!
basta.com
Yazı Nemət Əliyevin feysbuk səhifəsindən götürülüb.