Prezident İlham Əliyev iyunun 24-də Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. "President.az”-ın məlumatına görə, 2 zabitə general-leytenant, 6 zabitə general-mayor hərbi rütbəsi verilib.
Eyni zamanda, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə "Azərbaycan Bayrağı” ordeni, "İgidliyə görə”, "Vətən uğrunda” medalları və digər mükafatlar verilib.
Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl mövcud rütbələri və təltifləri ordu günü ilə əlaqələndirib. Ancaq İlham İsmayıl narahatlığını da bölüşüb:
"25 ildir ərazilərimiz işğaldadır, yalnız 2016-cı ildə döyüşlər olub, amma bu döyüşlərin uğuru çox böyük sual altındadır. İndi deyirlər ki, iki təpə alınıb. Fakt olaraq aprel hadisələri əhəmiyyətlidir, amma döyüş kimi uğursuzdur. Şəhid olan hərbçilərə isə Allah rəhmət etsin”.
Onun sözlərinə görə, güc strukturlarının hakimiyyətdən razı qalması üçün hər il mükafatlar və rütbə verilir:
"Oxşar münasibət başqa strukturlara da göstərilir. Çünki ortada nə igidlik, nə torpağın azad olunması var. Hələ müdafiə naziri Zakir Həsənov da deyir ki, ərazilərin azad olunması beynəlxalq vəziyyətdən asılıdır. Beynəlxalq vəziyyət də 100 il dəyişməyə bilər. Əgər özümüzü beynəlxalq vəziyyətə kökləyiriksə, onda üçüncü dünya savaşını gözləmək lazımdır. Say nisbətində Azərbaycan ordusunun sayını Çin ordusu ilə müqayisə etdikdə, generallarının sayı Çin ordusunun generallarının sayına bərabərdir. Amma real nəticə yoxdur”.
Mənbə:Meydan.tv