“Xalqı hansı sülhə hazırlayırlar?” - Eldar Namazov ÇOX AÇIQ DANIŞDI...

27-06-2019, 10:40   
 
Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətin əsas ağırlıq mərkəzi Azərbaycanın iki əsas nazirliyinin – Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin üzərinə düşür.
Son günlərdə Azərbaycanın bu iki vacib strukturuna rəhbərlik edən şəxslərin diqqət çəkən bəyanatları oldu.
Son bəyanatlarla bağlı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Redaktor.az-a müsahibəsini təqdim edirik:
- Son vaxtlar istər ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən səsləndirilən bəyanatlarda, istərsə də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışlarında “xalqların sülhə hazırlanması”ndan söz açılır. “Xalqları sülhə hazırlamaq” prosesi niyə Bakıdan başlayıb?
-  Qarabağ probleminin əsasında yaranmış qurumda belə çağırışların gündəmə gətirilməsi yalnız ictimai rəyi müəyyən mənada çaşdırmağa, əsas real problemləri müzakirə etməyin əvəzinə hansısa qeyri-ciddi və mənasız mövzuları ortalığa atmağa hesablanıb. Doğrudur, xalqları sülhə hazırlamaq şüarı çox yaxşı şüardır. Ancaq onu nə vaxt və hansı şəraitdə səsləndirilməsi əsasdır. Xalqları sülhə hazırlamağa konfliktə son qoymaq üçün siyasi qərar mövcud olanda, hansısa bir razılıq artıq əldə olunanda, yalnız ictimai rəy sülh müqaviləsinin əsas bəndləri ilə razılaşmayanda başlamaq olar. Yəni, bu şəraitdə hər iki tərəf öz xalqlarını sülhə hazırlamaqla bağlı öhdəlik götürə bilər. Ancaq ortada belə bir razılıq, sülh müqaviləsi yoxdursa, cəmiyyəti nəyə hazırlayırlar?! Əvvəlcə ortalıqda sülh planı olmalıdır və bu plana Azərbaycan və Ermənistan tərəfi də razılıq verməlidir ki, xalqlar sülhə hazırlamaqla bağlı çağırışlar edilsin. Razılaşdırılmış sülh planı ortada yoxdursa, hansı sülhə cəmiyyəti hazırlayırıq? Bu çağırışla onlar cəmiyyətə deyirlər ki, sən indidən sülhə hazır ol, razılıq ver, ancaq sülh planının nədən ibarət olduğunu biz sənə hələ demirik.  Ağlı başında olan adam buna heç vaxt razılıq verməz. Məsələn, mən sülh planının nədən ibarət olduğunu, nə ilə razılaşdığımızı bilmədən necə sülhə “hə” deyə bilərəm?! Danışıqlarda heç bir nəticə yoxdursa, erməni tərəfinin mövqeyində heç bir dəyişiklik yoxdursa və XİN bunu açıq bəyan edirsə, Azərbaycan xalqını hansı sülhə hazırlamağı düşünürlər?! Bu çox ciddi yanaşmadır və məsuliyyəti faktiki olaraq öz boyunlarından xalqın boynuna atmaq deməkdir.
- Bununla nəyə nail olmaq istəyirlər?
- Onlar danışıqlarda sülh sazişi imzalamağa hazır olduqlarını, lakin xalqın bunu istəmədiyini əsas gətirirlər. Bu məsələləri xalqın boynuna atmaq, öz xalqına bu cür münasibət bəsləmək olmaz. XİN rəhbəri öz açıqlamalarında dəfələrlə erməni tərəfinin razılığa gəlmədiyini vurğulayır, ancaq “xalqları sülhə hazırlamaq”la bağlı çağırış etmək bu qurumun bütün günahını cəmiyyətin boynuna atmağa çalışır. Azərbaycan xalqı torpaqları ermənilərə bağışlamağa, ərazi bütövlüyümüzün, suverenliyimizin pozulmasına razı deyil. Bu da bizim haqqımızdır. Azərbaycan cəmiyyəti heç vaxt sadaladıqlarımıza razı olmayacaq. Yəni, ortalığa sülh planı qoymadan xalqın sülhə hazır olmadığını iddia etmək gülüncdür.
- Aparılan danışıqlar nəticə vermirsə, Azərbaycan niyə güc yolu ilə torpaqlarının azad olunması yolunu seçmir?
- Birinci sualdan gəldiyim nəticə odur ki, Azərbaycan tərəfi güc tətbiq edib öz torpaqlarını azad etmək məcburiyyəti qarşısındadır. Ermənilər bizə başqa bir yol qoymayıb. Sülh yolu ilə torpaqlar azad olunmursa, güc yolu ilə ərazi bütövlüyümüzü təmin etməyə tam hüququmuz çatır.
- Ancaq Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov mətbuat konfransında “beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir” bəyanatı ilə çıxış etdi. Bu nə deməkdir? Azərbaycan xalqı bundan nə anlamalıdır?
- Bu konteksdə Müdafiə naziri Zakir Həsənovun mətbuat konfransında “beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir” fikri cəmiyyət tərəfindən düzgün anlaşılmadı. Z. Həsənov burada hansısa xarici qüvvələrin bizə müharibəyə başlamağa icazə vermədiklərini demirdi. Çünki Azərbaycanın Dağlıq Qarabağda və işğal olunmuş ətraf rayonlarda hərbi əməliyyat keçirməyə tam hüququ çatır. Nə ABŞ, nə Avropa Birliyi, nə Rusiya, nə KTMT-yə üzv olan dövlətlər Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququnu inkar edə bilər. Aprel döyüşləri zamanı da erməni tərəfi ağır zərbələr aldıqdan sonra Rusiyadan yardım istəmişdi. Rusiya bundan sonra Azərbaycandan xahiş etmişdi ki, hərbi əməliyyatları dayandırsın. Ona görə də bu gün Rusiyanın boynuna məsuliyyət düşür ki, diplomatik yolla torpaqların azad olunmasına imkanlar yaratsın. Bu, yaradılmırsa, güman etmirəm ki, Rusiya ikinci dəfə belə bir xahişlə bizə müraciət etsin. Ona görə də artıq Ermənistanın yeni rəhbərliyinin tutduğu mövqeni nə Avropa, nə Rusiya, nə də ABŞ-da dəstəkləyirlər. Azərbaycan Müdafiə nazirinin bəyanatı tamamilə başqa mətləblərdən xəbər verir. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı hərbi əməliyyatlara başlamaqla bağlı qərar verəndə gərək bir neçə vacib amili nəzərə alsın. Erməni tərəfinin daxilində hazırda ciddi qarşıdurmalar var. Bu qarşıdurmalar Ermənistanı zəiflədir. Bu qarşıdurmaların hansısa pik nöqtəsi zamanı da Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Yəni hərbi əməliyyatlara başlayarkən işğalçı dövlətin daxili durumunu nəzərə almalıyıq. Digər vacib amil isə konkret olaraq beynəlxalq şəraitlə bağlıdır. Bu da Azərbaycanın sərhədlərində başqa bir böyük hərbi konfliktin başlanması ehtimalı ilə bağlıdır. Yəni belə hadisə baş versə, Azərbaycan istəsə də, istəməsə də bu konfliktə cəlb olunmağa məcbur olacaq, ya da bu konfliktin doğurduğu təhlükələri dəf etmək üçün öz güc və iqtisadi potensialından istifadə etmək zərurəti qarşısında qalacaq. Yəni, nazir İran ətrafında gedən prosesləri nəzərə alaraq bu cür çıxış edib. Çünki iki müharibə eyni vaxtda üst-üstə düşsə, Azərbaycan üçün təhlükəli durum yaranar. Rəsmi Bakı Qarabağda hərbi əməliyyatlara başladığı vaxtda İrana qarşı savaş başlasa, bu, Azərbaycan üçün ciddi problemlər yarada bilər.
- Yəni İran-ABŞ qarşıdurmasının hərbi fazaya keçməsi ehtimalı bu qədər yüksəkdir?
- İran ətrafında son 1 ayda gedən proseslərə baxsaq, deyə bilərik ki, müharibənin başlanma ehtimalı kifayət qədər yüksəkdir. Son 1 ayda İran tərəfi Qərb ölkələrinə ABŞ sanksiyalarının qarşısını almaq üçün tədbirlər görmələri üçün ultimatum göndərib. Əks halda İran nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq konvensiyadan çıxmaq haqqında bəyanat verməyə hazırlaşacaq. Hamı başa düşür ki, bu, müharibənin başlaması deməkdir. İranın bu bəyanatından sonra ABŞ Müdafiə Nazirliyi də bölgəyə 120 minlik quru qoşunlar göndərməyə hazırlaşdıqlarını bildirdi.
Bu proseslərdən öncə isə Fars körfəzində bir neçə neft tankerləri partladıldı, ABŞ bununla bağlı İranı ittiham etdi. Daha sonra İran ABŞ-ın pilotsuz uçuş aparatını raketlə vurdu. Bütün bu hadisələr zəncirvari proses kimi davam edir. Hətta ABŞ prezidenti İrana qarşı hərbi əməliyyatlara başlamaqla bağlı qərar qəbul etdiyini, ancaq son anda bu qərardan döndüyünü etiraf etdi. Bu proseslər baş verən ərəfədə Azərbaycanın Müdafiə naziri də mətbuat konfransı keçirirdi. Həmin o şəriatdə müdafiə naziri “beynəlxalq şərait imkan vermir” fikrini səsləndirdi. Yəni bu, beynəlxalq güclərin, xüsusilə də Rusiyanın qadağası ilə bağlı deyildi.

- Yəni İran ətrafında gedən proseslər davam etdiyi müddətdə Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlamayacaq?
- İran ətrafında vəziyyətin kritik olması və hər an müharibənin başlaya biləcəyi ilə bağlı Azərbaycan rəhbərliyinin hansısa xəbərdarlıq aldığını düşünürəm. Adətən bu cür xəbərdarlıq qonşu ölkələrə göndərilir. Bu xəbərdarlıq ABŞ-dan da, İsraildən də, Rusiyadan da gələ bilər. Yəni, dövlətlərarası münasibətlər bunu tələb edir. Bu xəbərdarlıqda hərbi əməliyyatın gününü, vaxtını və detallarını açıqlamırlar.
Müharibəni başlamaq asandır, ancaq müharibənin öz qanunları var. Hətta məhdud intensivliyi olan müharibəyə başlamaq qərarı verilsə belə, müharibənin inkişafında hər şey dəyişə bilər. Dövlətlər heç özləri də gözləmədən öz qanunlarına dəyişiklik edib, daha böyük zərbələr etməyə başlayarlar. Nəticədə hansısa məhdud hərbi əmliyyat planı böyük regional müharibələrə gətirib çıxarar. Bütün bunları nəzərə alaraq, Azərbaycan Qarabağda hərbi əməliyyat keçirməyi planlaşdıranda iki hərbi konfliktin arasında qalmamağı nəzərə almalıdır. Yəni müharibə potensialını, iqtisadi gücünü, dövlətin bütün resursların məhz Qarabağ əməliyyatının keçirilməsinə yönəltmək əsas şərtdir. Rəsmi Bakı başqa bir məcburi konfliktə cəlb olunsa, bu imkanları, resursları parçalamaq təhlükəsi olsa, bu, Azərbaycan üçün yaxşı nəticələrə gətirib çıxarmaz. Azərbaycanın Müdafiə naziri bütün bunları nəzərə alaraq, “beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir” fikrini deyib. Burada nazir sərhədlərimizdə daha böyük regional hərbi konfliktin başlaması ehtimalının çox yüksək olduğunu və İran ətrafında gedən proseslərin kritik nöqtəyə yaxınlaşdığı mesajını verib.
- İran ətrafında gedən proseslər Azərbaycan üçün hansı təhlükələr yarada bilər?
- Nəzərə almaq lazımdır ki, İran ətrafında baş verən hadisələr bizim üçün kifayət qədər böyük təhlükə yaradır. Birincisi, ABŞ-ın mövqeyi burada radikal deyil. Radikal mövqedən çıxış edən dövlətlər İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir. Faktiki olaraq, İran İsrail və Səudiyyə Ərəbistanı ilə üçüncü ölkələrin ərazisində hərbi konfliktdədir. Onlar hansısa nüvə proqramını dayandırmaqla kifayətlənmək istəmirlər. Bu ölkələr ya İranda mövcud olan rejimin getməsini, ya da bir dövlət olaraq dağılmasını qarşılarına məqsəd qoyublar. Bu ölkələr də ABŞ-ın ən yaxın müttəfiqləridir. Bu ölkələr olmadan ABŞ Yaxın Şərqdə öz siyasətini həyata keçirə bilməz. Ona görə də İrana qarşı addımlar günbəgün daha sərt xarakter almağa başlayır. Beynəxalq ekspertlər İran ətrafında başlayacaq hərbi əməliyyatların 5-6 təhlükəli variantını müzakirə edirlər. Burada ən məhdud planlarla bərabər İrana ağır zərbə vuracaq planlardan da söhbət gedir. Məsələn, İranın yalnız nüvə proqramı ilə bağlı obyektlətinin bombardman edilməsi, yaxud ümumiyyətlə, İranın bütün hərbi və sənaye infrastrukturunun darmadağın edilməsi prosesi də baş verə bilər. Yuqoslaviyaya qarşı bu plandan istifadə olunmuşdu. Bununla bərabər daha sərt planlar da tətbiq edilə bilər. Məsələn, quru qoşunlarında da istifadə edərək İran dövlətini parçalamaq cəhdləri baş tuta bilər. Quru qoşunları dedikdə təkcə ABŞ-ın deyil, İrana qarşı olan bir çox dövlətin qoşunları nəzərdə tutulur.
Belə vəziyyətdə isə Azərbaycana qarşı çox ciddi təhlükələr meydana çıxır. Ən azı ekspertlər qeyd edir ki, belə bir müharibə başlasa, 5-10 milyon arası qaçqın dalğası qonşu ölkələrə axın olacaq. Onların böyük bir qismi Azərbaycana axışa bilər. Digər tərəfdən İran rəsmiləri Fars körfəzində olan bütün tankerlərə zərbə vuracaqlarını bəyan edib. Onlar belə yanaşmanı Xəzər dənizində də tətbiq edə bilərlər. Bu cür fikirlər də vaxtilə səslənirdi. Xəzər dənizində ABŞ-a məxsus olan obyektlər, enerji strukturları var. Burada söhbət Azərbaycanın ərazisindən, Azərbaycana aid olan Xəzər dənizinin sektorundan, Azərbaycanla bir yerdə istifadə olunan layihələrdən gedir. Ona görə də Azərbaycan uzun illərdir quru qoşunlarını Qarabağ əməliyyatlarına hazırlamaq məqsədilə silah almaqla bərabər, həm də Xəzər dənizində də ordusunun güclənməsi üçün vəsaitlər ayrırdı. Eyni zamanda uzun illərdir ki, İran ərazisində çox ciddi etnik separatizm prosesləri gedir. Burada söhbət təkcə Cənubi Qafqaz türklərindən getmir. Burada daha sərt, radikal mövqedən çıxış edən ərəb milli azlıqları, kürdlər və s. arasında silahlı toqquşmalar da son illərdə daha geniş vüsət alıb. İrana qarşı hərbi əməliyyatlar başlasa, ciddi zərbələr endirilsə, bu proses də yenidən alovlana bilər. Yəni, bölgədə böyük regional müharibəyə və qarşıdurmaya gətirib çıxaracaq proseslər gedir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.